Fuad Qəhrəmanlı: «Qərbin prinsipial mövqeyi Iran və Azərbaycan hakimiyyətlərini qane etmir və bu reallıq hər iki ölkəni eyni mövqedən çıxış etməyə sövq edir»
Iran prezidenti Həsən Ruhaninin Bakıya bir günlük səfəri başa çatıb. Noyabrın 12-də axşam saatlarında Bakıya gələn Iran prezidenti rəsmi qarşılanmadan sonra Azərbaycan prezidenti ilə görüşüb. Prezidentlər arasında təkbətək və heyətlərin iştirakı ilə danışıqlar aparılıb. Həsən Ruhani iki ölkə arasında baş tutan biznes forumda da iştirak edib.
Bu səfər çərçivəsində bir neçə maraqlı detal yadda qaldı ki, bu məqamlara aydınlıq gətirmək istəyərdik.
Həm prezidentlərin təkbətək görüşündən sonra keçirilən mətbuat konfransında, həm biznes forumda səslənən fikirlərdə tərəflər sanki kimlərəsə mesaj verməyə çalışırdı.
Hətta Həsən Ruhani Ilham Əliyevlə təkbətək görüşü haqda da məlumat verdi: “Biz iki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək. Bizim yolumuz dostluq, qardaşlıq, birlikdir. Biz Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, Islam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik”- deyə Həsən Ruhani bildirib.
Adətən, təkbətək görüşlər gizli saxlanılır və ümumi müzakirələr haqqında məlumat verilir.
Azərbaycan prezidenti Ilham Əliyev də bəyanatla çıxış edib və iki ölkə arasındakı dostluğa heç kimin məne ola bilməyəcəyini ifadə edib: “Beləliklə, bizim əlaqələrimiz möhkəmdir. Iran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır. Hörmətli cənab Prezident, Sizin səfərinizə çox böyük əhəmiyyət verərək Azərbaycanda Sizi bir daha səmimiyyətlə salamlayıram”- deyə Ilham Əliyev bildirib.
Biznes forumda isə Ilham Əliyev belə deyib: “Bir üstünlüyümüz də ondan ibarətdir ki, biz qonşuyuq və bizim aramızda heç bir tranzit ölkə yoxdur. Həm coğrafi nöqteyi-nəzərdən, həm bütün başqa mənalarda bizim aramızda heç kim yoxdur və ola da bilməz. Biz dünən bunu bir daha təsdiqlədik ki, ikitərəfli əlaqələrimizin böyük tarixi var. Xalqlarımız daim bir yerdə olmuşlar”.
Göründüyü kimi, hər iki ölkə prezidentləri bir-birinə zəmanət verməyə çalışır və sanki bu fikirləri tirajlamağı zəruri hesab edirlər.
Sual doğuran məqam ondan ibarətdir ki, Həsən Ruhani “heç kim bizim aramıza girə bilməz, əlaqələrimizə ixtilaf sala bilməz və bizə xələl gətirənlərə imkan verməyək” deyərkən hansı qüvvələri nəzərdə tuturdu? Bu hansı qüvvədir ki, Ilham Əliyev də Həsən Ruhaninin fikirlərini qüvvətləndirməyə çalışırdı?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hər iki ölkənin Qərblə münasibətlərində problemlər var və bu tipli açıqlamalaq Qərbə mesajdır: “Aydındır ki, Azərbaycan və Iranı əndişələndirən başlıca məsələ Qərbin Cənubi Qafqaza müdaxiləsinin aktuallaşmasıdır. Qərbin regiona marağının artması Iranın maraqlarına cavab vermir. Eyni zamanda uranın zənginləşdirilməsi, nüvə proqramı ilə bağlı Qərbin prinsipial mövqeyi də Iranı narahat edir. Bugünlərdə Irana qarşı sanksiyaların 1 il müddətində artırılması da Qərblə münasibətlərin hələ də soyuq olduğunu göstərir. Azərbaycan hakimiyyəti isə, demokratiya tələblərindən yayınmaq, öhdəliklərə əməl etməmək üçün anti-Qərb ritorikasını davam etdirir. Çünki, Qərb dəyərlərinin Azərbaycanda bərqərar olması, mövcud hakimiyyətin sonu deməkdir. Beləliklə, Iran öz dövlət maraqlarına, Azərbaycan hakimiyyəti isə, şəxsi maraqlarına görə Qərbi təhlükə hesab edir.
Eyni zamanda Ilham Əliyev Qərbə o mesajı verir ki, təzyiqlər davam etsə, Iran və Rusiya ilə əməkdaşlığı gücləndirəcək və Qərbin regionda möhkəmlənməsinə töhfə verməyəcək. Bu bir şantaj siyasətidir və Ilham Əliyev Qərbin təzyiqləri qarşısında tək qalmadığını göstərmək istəyir”.
Akif