Ziya Məmmədovla Hacıbala Abutalıbov arasında “parkomat savaşı”

Meriya Nəqliyyat Nazirliyinin iradlarına sərt cavab verdi

Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) Xüsusi Təyinatlı Avtonəqliyyat Idarəsinin (XTAI) rəisi Həsən Abdullayev Nəqliyyat Nazirliyinin paytaxtda quraşdırılan parkomatlarla bağlı iradlarına münasibət bildirib. Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Idarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov parkomatların nəqliyyatın fəaliyyətinə maneə yaratdığını iddia edib.

“Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödəniş həyata keçirilən parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Bu qurğular nəqliyyatın hərəkətini mümkünsüz edir”,- deyə o,  bildirib.

Həsən Abdullayev isə Trend-ə açıqlamasında bildirib ki, Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin onların ünvanına səsləndirdikləri ittihamları qəbul etmir: “Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var. Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə aidiyyəti var? Gəlin, çıxaq şəhərə, görək taksilər harada dayanır? Taksilərin əksəriyyəti onlar üçün yol nişanı olmayan yerlərdə dayanırlar. Axı taksi hər yerdə dayana bilməz. Heç 800 metr uzunluğunda da taksi ərazisi olar? Görmüşük ki, taksi ərazisində 7-8 avtomobil olar, çox olmaz ki. Hətta taksilərin saxladığı yerlər parkomatın quraşdırıldığı əraziyə düşəndə də biz taksi nişanına kimi məsafədə onlardan ödəniş götürmürük”.

Avtobus dayanacaqlarına gəlincə, Həsən Abdullayev qeyd edib ki, onlara yaxın ərazilərdə parkomatlar yoxdur: “Bir-iki mübahisə doğuran yer ola bilər ki, o da müzakirə oluna bilər. Qanunvericilikdə göstərilir, avtobus dayanacaqları yalnız avtobuslar və ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Təbii ki, parkomat qanundan daha üstün ola bilməz. Əgər avtobus dayanacaqları parkomatların quraşdırıldığı ərazidə yerləşirsə, bu zaman parkomatlarla bağlı qaydalar yox, ”Yol hərəkəti haqqında” Qanunun müddəaları əsas götürülür. Qanunu bilməmək isə avtomobil sahiblərini və sürücüləri məsuliyyətdən azad etmir. Əgər sürücü parkomatda pul ödəyib, sonra avtomobilini avtobus dayanacağında saxlayırsa, bunun bizə nə aidiyyəti var? Təbii ki, dövlət yol polisi gəlib onu cərimə edəcək. Insanlar qanunu bilməlidirlər. Sürücü avtomobili səkidə və yolun ikinci cərgəsində də saxlayıb gedib parkomatda ödəniş edərək çek götürə bilər, amma bu, onu məsuliyyətdən azad etmir axı”.

Bəzi məlumatlara görə, Nəqliyyat Nazirliyinin bu mövqeyi parkomatların Bakı Şəhər Icra Hakimiyyətinin nəzarətindən çıxarılması ilə bağlıdır. Yoxsa Ziya Məmmədovun  faktiki olaraq ölkə prezidenti Ilham Əliyevin göstərişi ilə yaradılan bu xidmət növünə qarşı çıxmağa cəsarət etməzdi. 

Mənbənin məlumatına görə, nəqliyyat naziri bu sahəni nəzarətinə keçirmək üçün Hacıbala Abutalıbovun işin öhdəsindən gələ bilmədiyi görüntüsünü yaratmağa çalışır.

Məlumatlarda həmçinin qeyd edilir ki, Bakı rayonlarının icra başçıları da öz ərazilərində quraşdırılan parkomatları nəzarətə götürmək istəyir. Onlar məqsədlərini  bələdiyyələrin vasitəsilə həyata keçirmək niyyətindədir.