Əli Kərimli Cəmil Həsənlini təbrik etdi

AXCP sədri Əli Kərimli facebook səhifəsində Milli Şuranın sədri Cəmil Həsənlini ABŞ-da növbəti kitabının çap olunması münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Milli Şuranın sədri, professor Cəmil Həsənlini ürəkdən təbrik edirəm. Daha bir uğuru ilə millətimizin başını uca etdi. ABŞ-ın dünyaca məşhur Harvard Universiteti Cəmil müəllimin “Xruşşov mülayimləşməsi və Sovet Azərbaycanında milli özünü dərk, 1954-1959” (Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959) adlı yeni monoqrafiyasını nəşr edib.

Harvard Universitetinin “Soyuq Müharibə” seriyasında çap edilmiş bu kitab müəllifin həmin Universitet tərəfindən nəşr olunan 3-cü, Birləşmiş Ştatlarda 4-cü, Azərbaycandan xaricdə rus, türk, ingilis, alman, fars dillərində 17-ci elmi monoqrafiyasıdır.

Cəmil müəllim hazırda dünyada ən çox çap edilən azərbaycanlı alimdir. Millətimizi olduqca mühüm elmi auditoriyalarda məhz o təmsil edir. Millətimizin şansıdır ki, belə bir tanınmış elm xadimi özünü yalnız elmi araşdırmalarına həsr etməyib. O, xalqımızın demokratiya, azadlıq uğrunda mübarizəsinin də önündə gedir. Cəmil müəllim ötən il prezident seçkilərində birləşmiş müxalifətin vahid namizədi olaraq rejimlə olduqca cəsarət və ləyaqətlə mübarizə apardı. Hazırda da Cəmil müəllim Milli Şurasının sədri olaraq mübarizəsini ləyaqət və prinspiallıqla davam etdirir. Hər zaman xalqının yanındadır. Özünü, ailəsini risk altına atsa da, haqsızlığa susmur, siyasi mövqeyindən bir addım da geri çəkilmir. Hökumətin təqibi ilə üzləşən siyasi məhbuslara çox ciddi dəstək verir. Cəmil Həsənli sanki öz gündəlik davranışları, mübarizəsi, yaratdığı nümunələrlə cəmiyyətimizə əsl ziyalının necə olmalı olduğunu nümayiş etdirir.

Cəmil Həsənlinin qədrini bilək! Onunla qürur duyaq! O, buna layiqdir!”.