Davam edənlər

Bir hədəf arxasınca gedən, çətin yola çıxan insanı da, təşkilatı da ayaqda saxlayan onun əzmidir. Yəni mübarizliyi. Deməli, inanırsan, təslim olmursan. Hətta pafoslu görünə biləcək bu sözləri kənara atsaq, daha sadə ifadə edə bilərik fikrimizi – davam etməkdə israrlısan. Yəni davam edirsən.

Leyla Yunus ən parlaq nümunədir. Bu adam apardığı mübarizəyə başqalarının əldə etdiyi qədər dəstəyi heç vaxt almayıb. Bənzərsiz dirənişi, aydın və tərəddüdsüz addımları, açıq və qeyri-adi cəsarəti ilə Leyla Yunus daha böyük dəstəyə layiqdir. Ona qarşı bəzən səmimi insanları da çaşdıra biliblər. Böhtan və kampaniyanın həddi-hüdudu yoxdur bu xanıma qarşı. Təzyiqlərin də həmçinin. Amma xəstə canı ilə, ahıl yaşı ilə Leyla xanım hər amansızlığa sinə gərir, ayaqda dura bilir. Çünki əzmini dəyişmir, inandığı yola davam edir, çəkilmək fikrində deyil. Onun ayaqda saxlayan da budur. 

Son mitinqlərdən sonra bir neçə adam mənə Milli Şuranın bu aksiyaları ilə bağlı öz təşəkkürlərini çatdırdı. “Gözlədiyimizdən yaxşı təşkil olunmuşdu” – deyə. Milli Şuranın rəhbərliyinin, Cəmil Həsənlinin, qurumun Koordinasiya Mərkəzinin üzvlərinin rolu danılmaz idi. Amma əsas təşkilatçılıq AXCP-yə məxsus idi. Son illərdə ən çox təzyiqlərə tuş gələn bir təşkilatın idi əsas rol. 

AXCP-yə hakimiyyətin ən kəskin münasibəti danılmazdır. Bütün resursları dağıdılıb. Hətta icarəyə götürülən ofisə belə dözmədilər, partlatdılar. Ofisin sahibini də AXCP-yə qarşı qoydular. Illərdir bu təşkilatdan istefalarla bağlı bəyanatlar oxunur TV-lərdə. Onların bir çoxu yalan və böhtan olur, amma bir çoxu da həqiqət olur. Az sayda istisnalar olur ki, kimlərsə sadəcə partiyadan gedirlər, amma çox hallarda hakimiyyət üzvləri ələ alır, qorxudur, şantaj edir və təşkilatdan getməyə məcbur edir. Bunu gizlətməyin yeri də yoxdur. Amma AXCP yox olmur. Əksinə, indi ən monolit, durmadan gəncləşən bir təşkilatdır. Yalnız və yalnız bir amilə – mübarizəni davam etdirmək əzminə görə. AXCP öz mübarizə əzmini qorumasaydı, çoxdan zəifləmiş, pərən-pərən olmuşdu. 

9 noyabr mitinqdən sonrakı günlər idi. Tovuzda çayxanada bir nəfər yaxınlaşdı mənə. Tanıdığı üçün nəsə sormaq istəyirdi. Sual da göydən düşmədi: 

– Televiziyada dedilər ki, mitinqə 700 nəfər gəlib, doğrudan?

– Nə yaxşı 700 deyiblər? – deyə, bir az da zarafata saldım və telefonda mitinqdən çəkilmiş fotoları göstərdim. 

Həmsöhbətim heyrətini gizlətmədi:

– Açığı, mən 700 nəfəri də qənimət bilirdim, amma bu qədər adam gəlibmiş. Nə yaxşı?!

Mən həmin adama da söylədim, mitinqlərə təkcə AXCP və Milli Şuraya bağlı adamlar deyil, əzmini, inamını saxlayan fərqli mövqeli insanlar da gəlmişdi. Onları birləşdirən isə yalnız bir cəhət idi. Əzm, davam etmək istəyi. 

Mən əminəm ki, Azərbaycanda ölkəni dəyişmək, ədalətli bir cəmiyyət qurmaq üçün yola davam etməyə hazır olan çox sayda insan var. Onların sayı mitinqə gələnlərdən qat-qat çoxdur. Təəssüf ki, bəlli obyektiv və subyektiv səbəblərdən onların hamısı eyni aksiyaya yığışmır, yaxud yığışa bilmir. Bircə addım atmaq, sadə bir əngəli aşmaq, bütün toplumun hədəflərinə bağlı şüarlarla keçirilən dinc aksiyalara qatılmaq vəziyyəti ciddi şəkildə dəyişməyə töhfə olar.  

Böyüyən aksiya bütün toplumu böyüdər. Toplumun qalan hissəsi də dəyişiklik istəyənlərin əzmini görər, inanar, cəsarətlənər və davam edənlərdən olarlar!