“Dünyada FİFA kimi mafioz təşkilat yoxdur”

Britaniyanın “The Financial Times” qəzeti Ümumdünya Futbol Federasiyaları Assosiasiyası FİFA-nı kəskin tənqid edib. Virtualaz.org xəbər verir ki, qəzet dünyada FİFA kimi ziddiyyətli, korrupsiyaya bulaşmış idman federasiyasnın mövcud olmadığını yazır. Bildirilir ki,  axırıncı 4 ildir ki,korrupsiya ilə bağlı ittihamlar gündəlikdən düşmür, FİFA isə nə əməlli-başlı istintaq aparır, nə də istintaqı tam açıqlayır.

Son korrupsiya ittihamları onunla bağlı idi ki, 2018-ci ildə Rusiyanın, 2022-ci ildə isə Qətərin futbol üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etməsi qərarlarında rüşvətin rolu olub. 

İndi FİFA guya məsələni araşdırandan sonra qərar verdi ki, korrupsiya ittihamları özünü doğrultmadı, bu ölkələr planlaşdırıldığı kimi dünya kuboku yarışlarını keçirəcəklər. 

Ancaq qəzet yazır ki,hesabatı hazırlayan amerikalı vəkil Maykl Qarsiyaya istintaq apararkən rüşvətdə şübhəli bilinən FİFA rəsmilərinin Rusiya və Qətər nümayəndələri ilə telefon danışıqlarının yazısını dinləməyə və e-maillərini oxumağa icazə verilmədi.

Qarsiyanın araşdırmasının nəticəsi olaraq hazırlanan hesabat 350 səhifə idi, bunu FİFA rəhbərliyi ixtisar edib, 42 səhifəyə saldı. Hesabatın bu şəkli ilə hətta Qarsiya razılaşmadı, o bildirdi ki, bu hesabatda xeyli səhvlər var.

Qəzet yazır ki, dünya kubokunun növbəti 2 ev sahibi yerində qaldı.FİFA prezidenti düşünür ki, indiki tufanı yatırda biləcək. Ancaq FİFA-da dəyişikliklər gəlməkdədir.