Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

“İslam-İttihad” üzvlərinə görə 4000 avro cərimə kəsilib

Avropa İnsan Haqları Məhkəməsi iki fəalın sərbəst toplaşma hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı şikayətini dəstəkləyib.

Strasburqda yerləşən məhkəmənin hökmü ilə “İslam-İttihad” ictimai birliyinin üzvləri Azər Səmədov və İlqar Allahverdiyevə yetirilən mənəvi zərərə görə 4000 avro və məsrəflərin qarşılanması üçün 2 min avro məbləğində kompensasiya ödənilməlidir.

Hökmdə iddiaçıların Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin nəzərdə tutduğu sərbəst toplaşma hüququnun pozulduğu bildirilir.

“İslam-İttihad” təşkilatının fəaliyyəti 2003-cü ildə Ədliyyə Nazirliyinin müraciətindən sonra məhkəmə qərarı ilə dayandırılıb. O vaxtlar Bakı məhkəməsi Ədliyyə Nazirliyindən daxil olan 3 xəbərdarlığı əsas gətirərək ictimai təşkilatın qeyri-qanuni dini fəaliyyətlə məşğul olduğunu təsbit edib.

İctimai birliyin üzvləri məscid binalarının təmiri və baxımı, eləcə də insan haqlarınin inkşafı ilə bağlı müxtəlif layihələrlə məşğul olurdular, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında göstərilir. (BBC azeri)