Yad şəhərin payızı

Coşqun

Bakıdan bir az uzaqlaşırsan, məlum olur ki, ilin payız fəslidi. Bakıdan uzaqdakı yad şəhərlər payız romantikasının ağuşuna sığınıb. Neçə gündü Polşadaydım. Böyük şəhərlərində oldum, kiçik qəsəbələrinin dar küçələrinə boylandım. Təsvir eləmək üçün deməyə, yazmağa söz tapmıram. Hər şey o qədər gözəl, o qədər sadədi ki…

Bakıdan uzaqdakı yad şəhərlər qızılı-sarı rəngə boyanıb. Hər addımbaşı qarşımıza çıxan ağaclar yavaş-yavaş yarpaqlarını tökür. Təmiz küçələr təbii rəngli dünyasına qovuşub. Adamın yarpaqları ayaqlamağa da heyfi gəlir. Adama elə gəlir ki, bu dəqiqə yad şəhərin payızı inciyəcək, daha ağaclarının yarpaqları ilə getdiyimiz küçələri bəzəməyəcək…

Fikir vermisizsə, bir az həssas adamlar ilin-günün bu vaxtında Tiflisə, Kiyevə can atır. Daşın, betonun qoynuna sığınan şəhərdən yorulmuşuq. Bu şəhərdə xoşbəxt deyilik. Bu şəhərdə heç cür daxili rahatlıq tapa bilmirik. Bu şəhərin ruhu yoxdu. Bizi həmin ölkələrin kasıb şəhərlərinin romantikası daha çox çəkir. Ruhumuz, bu şəhərdən bir az uzaqlaşmasaq, sakitlik tapmır…

Hökumət yeni-yeni yollar çəkə bilər, körpülər sala bilər, yan-yana çoxlu binalar ucalda bilər, hər yerə mərmər döşəyə bilər, amma bizə payızı verə bilməz. Payızı pulla almaq olmur. Bax, ona görə də bu hökuməti sevə bilmirik. Bu hökuməti tərifləyən, razılıq eləyən adi adamlar da əriylə sevgisiz yaşayan, yalnız evə bir parça çörəkpulu gətirdiyinə görə hər şeyə göz yuman qadın kimidi. Sevə bilmir. Özünü çox zorlasa da, alınmır. Obraz o obraz deyil. Bu hakimiyyətin duyğusallığı çatmır. Sevmək olmur…

Hər şeyə süni çalar qatıblar. Sanki bu şəhərin ağaclarının yarpaqları da sünidi. Elə bil onları da hansısa ölkədən böyük pullar hesabına alıb gətiriblər, ağacın budaqlarına yapışdırıblar. Heç vaxt ağacdan qopmurlar. Heç vaxt saralmırlar. Həmişə boz rəngdədilər. Heç vaxt budaqların isti qucağından qopub, yellənə-yellənə, nazlana-nazlana yerə enmirlər…

Bu ölkədə iki rəng olduğu kimi, həm də iki fəsil var. Qışı var, yayı var, amma yazı-payızı yoxdu. Bu ölkədə qışdan sonra yay gəlir, yaydan sonra da qış. Bu ölkədə hər şey ya çox ağdı, ya da çox qara. Yaşılı, qırmızısı yoxdu. Fəsilləri də belə. Bu ölkənin fəsilləri də ruhumuzu oxşamır. Qışı çox tünddü, yayı da çox açıq. Qışında sosial qayğılardan başımızı qaldırıb dünyaya baxa bilmirik. Özümüzü unuduruq, iç dünyamızı unuduruq. Qar yağır, yollar palçıq, işıq yox, qaz yox. Qarı sevə bilmirik. Qışı sevə bilmirik. Bizi qışdan iyrəndiriblər…

Yayının istisində isə kölgəsinə sığınmağa ağac axtarırıq. Qalmayıb. Çoxunu qırıblar. Yerində xeyli yöndəmsiz binalar tikiblər. Ən yaxşı halda, park salıblar. Ağacsız park. Görmüşdük ki, parkı çoxlu ağaclar olan yerdə salarlar. Bizdə ağacları qırırlar ki, park salsınlar. Sonra gətirib mərmərin ortasında balaca-balaca ağacları yerə basdırırlar. Onlar da məsum körpələr kimi yazıq-yazıq üzümüzə baxırlar. Qollarını açıb hamımızı qucaqlaya bilmədiklərinə görə xəcalət çəkirlər. Parkı da beləcə sevə bilmirik. Yayı sevə bilmirik. Bizi yaydan da iyrəndiriblər…

Adamın içinə şübhələr dolur. Düşünürsən ki, yəqin payız Bakını həmişəlik tərk eləyib. Çox uzaqlara gedib…

Bəlkə də, həmişəlik getməyib. Bəlkə də, gələcək. Bəlkə də, bir gün payızı daha yad şəhərlərin küçələrində axtarmayacağıq…