«Macarıstanla Azərbaycanın oxşarlıqları var və bu ölkə doğru yoldadır»
Gültəkin Hacıbəyli: «Avropa prinsiplərindən geri çəkilmə həmin qərarı qəbul edən hakimiyyətin siyasi müstəvidən getməsi ilə nəticələnəcək»
Azərbaycanın dövlət başçısı Ilham Əliyev Macarıstan səfəri zamanı yerli telekanalla verdiyi müsahibəsində Avropa Birliyi ilə ölkəmiz arasındakı münasibətlərə də toxunub. Ilham Əliyev vurğulayıb ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətləri praqmatik maraqlara əsaslanmalıdır. I.Əliyevin açıqlamasının məğzi ondan ibarətdir ki, dövlət başçısı növbəti dəfə Avropaya Birliyinə inteqrasiyadan yox, AB üzvü olan dövlətlərlə ikitərəfli əməkdaşlıqdan danışıb. “AB ölkələri ilə münasibətlərdə əsas prioriteti enerji təhlükəsizliyi, biznes təşkil edəcək”, deyə I.Əliyev vurğulayıb.
Onu da qeyd edək ki, Obamanın Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid etdiyi çıxışında Macarıstanın da adı hallanmışdı. I.Əliyev Obamanın bu çıxışına toxunaraq ABŞ prezidenti ilə razılaşmadığına eyham vurub. Son zamanlar Obama tərəfindən Macarıstannın tənqid olunmasına baxmayaraq I.Əliyev Macarıstanı dəstəkləyib və bu ölkənin doğru yolda olduğunu söyləyib. I.Əliyev bildirib ki, Azərbaycanın Macarıstanla bu sahədə oxşarlığı var.
Burada hakimiyyət təmsilçisi Novruz Məmmədov da mətbuata açıqlamasında bir daha hakimiyyətin AB ilə münasibətlərinə toxunub. O, bildirib ki, Azərbaycan AB-ya daxil olan ölkələrlə ikitərəfli əməkdaşlığa üstünlük verir.

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycanın adının son zamanlar mənfi reputasiyalı ölkələrlə bir sırada hallanması təəssüf doğurur. Bu yaxınlarda Avstriya məhkəməsində Azərbaycanla bağlı böyük maliyyə qalmaqalının gündəmə gətirildiyini deyən G.Hacıbəyli vurğuladı ki, bu mənada Azərbaycanın adı bütün dünya tərəfindən çıxdaş edilmiş Əsəd rejimi ilə bir çəkilib: “Hazırda Macarıstanın demokratiyadan geri hərəkət etməsi bütün dünya tərəfindən tənqid olunur. Ilham Əliyevin bəyan etməsi ki, Azərbaycanla Macarıstanın yolu eynidir. Bu təəssüf doğurur. Əminəm ki, Macarıstan özü də bu yolu uzun müddət gedə bilməyəcək. Bu siyasətlə macar xalqı uzun müddət barışmayacaq. Bundan sonra Azərbaycanın hansı dövlətlə özünü müqayisə edə biləcəyi sual doğurur”.
Avropanın vahid bir ailə olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bu ailənin hamı tərəfindən qəbul olunmuş oyun qaydaları var. “Bu qaydalar ilk olaraq insan haqlarının qorunması, qanunun aliliyi prinsipindən qaynaqlanır. Bu prinsiplərdən geri çəkilmə həmin qərarı qəbul edən hakimiyyətin siyasi müstəvidən getməsi ilə nəticələnəcək. Əminəm ki, Macarıstanda biz bunun yaxın zamanlarda şahidi olacağıq. Azərbaycandan isə böyük gözləntilərim olmasa da, ümid edirəm ki, Azərbaycan daha praqmatik və sağlam yolu seçəcək. Və Azərbaycan Avropa siyasətinin çıxdaşları ilə deyil, Avropa siyasətinin beyin mərkəzləri ilə əlaqə yaradacaq”, deyə G.Hacıbəyli vurğulayıb.
Xəyal


