İlham Əliyevin alternativi kimdir?

Iqtidarın nəhəng təbliğat maşını artıq bir neçə aydır ki, ölkədə gedən prosesləri müxalifət düşərgəsindəki parçalanma kimi təqdim etməklə, ictimai fikri dəyişməyə çalışır. Səbəb kimi, Müsavatın qurultayından sonra partiyada yaranmış fikir ayrılığı, yeni fraksiyanın yaranması və bir sıra müxalif partiya funksionerlərinin ənənəvi (buna mövsümi də demək olar-X.Ə) siyasi orientasiya dəyişməsi daha çox qabardılır. 

Müsavat partiyasında gedən proseslərlə bağlı fikirlərimi sizinlə bölüşməmişdən əvvəl, ikinci məsələyə, yəni, “funksioner axını”na münasibət bildirmək istəyirəm.

Iyirmi ilə yaxındır ki, bu proses davam edir. Iqtidar mətbuatının AXCP-dən hər hansı funksionerin, sıravi üzvün ayrılmasına necə reaksiya verdiyini yəqin ki, xatırlatmağa  ehtiyac yoxdur. Onlar anlamaq istəmirlər ki, AXCP bir neçə nəfərin deyil, on minlərin partiyasıdır. Ildə bir neçə nəfərin getməsi nəinki faciə deyil, əksinə, təbii prosesdir və gedənlərin yeri boş qalmır. Bu gün Milli Məclis deputatları arasında, eləcə də iqtidar komandasında onlarla keçmiş cəbhəçi var. Mümkündür ki, bundan sonra da olsun. Bundan AXCP heç nə itirmir, əksinə, sıraları daha da genişlənir.

Bəlkə də sizə qəribə gələcək, amma reallıq budur ki, AXCP-yə gələn üzvlər arasında məqsədini bəri başdan bəlli etməyən elələri var ki, onlar YAP-a üzv olub hər şeyi şansa buraxmaqdansa, müxalifətdə bir-iki dəfə fəallıqdan sonra iqtidarın “həmişə açıq qucağı”na sığınmağı tərcih edirlər. Diqqət etsəniz, görərsiniz ki, onlar müxalifət partiyasında funksioner postunu tutduqdan cəmi bir neçə ay sonra oranı “qalmaqalla” tərk edirlər. Onların arasında iqtidarın şirin vədinə aldananlar da olur. Bəyanatı verirlər, sonra da qalırlar ortada, başlayırlar müxtəlif saytlarda “mən burdayam” anonslu yazılar yazmağa, “qarğa, məndə qoz var” xarakterli müsahibələr verməyə.

Bu yaxınlarda onlardan birinin yazısını oxudum, iqtidara açıq şəkildə mesaj verir ki, “məni zibilə salmısız, gül kimi ”Əli aşı”nın perspektivi ilə yaşayırdım”. Iddia edir ki, küçədə keçmiş cəhbəçilər onu görəndə üzlərini çevirirlər. Neyləməlidir axı, bəlkə gəlib səni bağırlarına basmalıdırlar?!

Milli Şuranın son iki mitinqi iqtidarın müxalifətin parçalanmasına dair iddialarına ən gözəl cavab oldu. Bu iki mitinqdə Mhsavatın yoxluğu o qədər də hiss olunmadı…

Müsavat partiyasında gedən proseslər məni doğrudan da narahat edir. Partiyanın sıravi üzvləri arasında illərlə bu rejimə qarşı mübarizə aparan dostlarım, əqidədaşlarım var. Məncə, problem partiyanın yuxarı eşelonunda və ona yaxın mətbuatdadır. Iqtidardakı müxtəlif qüvvələr bundan məharətlə istifadə edirlər. Partiyada olduqca gərgin vəziyyət yaranıb və ağlasığmaz şəkildə AXCP-ni, “Azadlıq” qəzetini də bu münaqişəyə çəkmək istəyirlər. Az qala, parçalanmanın səbəbini bizdə görürlər. Işin ən maraqlı tərəfi isə bundan ibarətdir ki, heç bir konkret səbəb də göstərilmir. “Yeni Müsavat”dakı həmkarlarıma məsləhət görərdim ki, bir az da başqa qəzetlərə göz atsınlar.

Müsavat partiyasında baş verənləri izləməklə yanaşı, narahat olduğumu da dilə gətirməliyəm. Fikrimcə, Qubad Ibadoğlu da nəhayət, məqsəd və məramlarını açıq şəkildə ortaya qoymalı, başında olduğu fraksiyanın rejimə münasibətini açıqlamalıdır. Müsavatda “suların durulması” üçün istər yeni seçilmiş başqan Arif Hacılı, istərsə də fraksiya yaratmağa qərar verən Qubad Ibadoğlu rejimə münasibətini açıq şəkildə ortaya qoymalıdır. Bu, mənim subyektiv fikrimdir və hesab edirəm ki, Müsavatda illərlə rejimə qarşı mübarizə aparan insanların əksəriyyət təşkil etməsinə laqeyd yanaşmaq olmaz. Bu, çox ağır nəticələr verə bilər.

Nəhayət, sonda “Ilham Əliyevin alternativi kimdir?” sualına cavab verməyə çalışaq. Bəri başdan deyim ki, bu sualın qoyuluşu ilə razı deyiləm, yalnız azad seçki Ilham Əliyevin alternativini müəyyən edəcək. Lakin “Yeni Müsavat” qəzetinin baş redaktoru və onun kiçik qardaşı başqa fikirdədir. Abisinin “Əli Kərimlidənsə, Ilham Əliyevi tərcih edirəm” ifadəsindən sonra qardaşı da ondan geri qalmaq istəməyib.

“…Əli Kərimli bizi Ilham Əliyevin yanında olmaqda (bu, əslində, qardaşların arzusudur-X.Ə) suçlayır. Amma məsələ burasındadır ki, Ilham Əliyevin yanında olmağın alternativi Əli Kərimlinin yanında olmaqdır” (“Yeni Müsavat”, 18 sentyabr 2014).

Müsavatçılar inciməsin, zənnimcə, şərhə ehtiyac yoxdur…