Iki ölkənin informasiya müharibəsinin arxasında nələr dayanır
Vəfa Quluzadə: «Rusiya bu cür məlumatları yaymaqla Azərbaycan hakimiyyətini qorxutmağa çalışır»
Azərbaycanın Qərblə Rusiya arasında mübarizə meydanına çevrildiyini hər iki düşərgənin Azərbaycana yanaşmasından görünür. Ukraynada baş verən proseslərin uzanması ABŞ-la Rusiya arasındakı münasibətləri son həddə qədər gərildib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatını iflic duruma salıb.
ABŞ Rusiya təhlükəsindən xəbərdar edir
“Rusiya prezidenti Vladimir Putinin aydın məqsədi var ki, 1721-1917-ci illərdə mövcud olmuş rus imperiyasının mümkün qədər çox hissəsində nəzarəti bərpa etsin”.
Bu sözlər ABŞ-ın nüfuzlu Cato Institutunun baş elmi əməkdaşı, Qlobal Iqtisadi Inkişaf Institutunun direktoru Riçard Rana məxsusdur. Bu yazı əslində Qərbin Rusiyaya qarşı münasibətini göstərir.
Ekspert xatırladır ki, rus imperiyası əsasən keçmiş sovet respublikalarının, Şərqi Avropanın əksər ölkələrinin, Finlandiyanın və Alyaskanın ərazilərindən ibarət olub. “Cənab Putin bilir ki, ABŞ-ın növbəti prezidenti çətin ki, onun imperiyanın bərpasına yönəlmiş planlarına prezident Obama kimi qətiyyətsiz və həvəssiz reaksiya verərdi. O, hətta rus neftinə tələbatın azalması və qiymətlərin gözlənilmədən aşağı düşməsi ilə qarşılaşıb. Bu da Rusiyanın maliyyə rezervlərinin ciddi ölçülərdə azalmasına gətirib çıxarır. Deməli, Putinə təzyiqləri artırmaq üçün tələsmək lazımdır”- Riçard Ran yazır. R.Ranın sözlərinə görə, əgər Putin tezliklə birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə o, çox güman ki, tezliklə Belarusu və Moldovanı bilavasitə idarə etmək, daha sonra Gürcüstana və Azərbaycana keçmək üçün fəaliyyətə başlayacaq. Bu da ona Xəzər dənizi, neft-qaz kəmərləri üzərində nəzarəti təmin edəcək.
Rusiya da hədələdi
Maraqlıdır ki, Azərbaycanı gözləyən təhlükə ilə bağlı əks düşərgənin də təmsilçisi çıxış edib. Noyabrın 9-da Rusiyanın “Rossiya” kanalı Azərbaycanla bağlı videomaterial yayıb. Sözügedən materialda Azərbaycanın ictimai-siyasi durumundan, neft sənayesindən bəhs olunub, həmçinin Qərbin Azərbaycanda “rəngli inqilab” həyata keçirmək istəyindən danışılıb. Bakıdakı aksiyalardan bəhs olunarkən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın bu proseslərdə iştirakı da iddia olunub, hətta guya onun Bakıdan zorla çıxarıldığı deyilib. (“Yeni Müsavat”).ÿ
Yayımlanan proqramla bağlı bir sıra suallar yaranır. Rusiya telekanalının ABŞ-ı məhz Bakıdan “vurması” suallar doğurur və kifayət qədər maraqlı məsələdir. Xüsusilə də Azərbaycan uğrunda Qərb və Rusiya arasında mübarizənin getdiyi bir zamanda Bakıdan Qərbə ittihamların səbəbləri maraq doğurur.
Cato Institutunun fəaliyyəti ilə yaxından tanış olduğunu deyən politoloq Vəfa Quluzadə hesab edir ki, bu təşkilat kəşfiyyat araşdırmaları ilə məşğuldur. Bu institutun təmsilçisinin fərziyyələrini əsasən Rusiyanın Ukraynada qələbə qazanma ehtimalları üzərində qurduğunu deyən V.Quluzadə bildirdi ki, Rusiyanın Ukraynada qələbəsi isə elə də asan deyil: “Cato Institutunun proqnozu bundan ibarətdir ki, Rusiya Ukraynada qələbə qazansa o zaman Cənubi Qafqazla məşğul olmağa başlayacaq. Amma əsas məsələ bundan ibarətdir ki, Rusiya Ukraynada qalib gələ biləcəkmi. Məsələ bundan ibarətdir ki, Rusiya güclü dövlət deyil. Putinin apardığı siyasət faktiki olaraq şantaj siyasətidir. Putin düşünürdü ki, Avropanı tam formada ”satın” alıb. Yəni Avropanın iri şirkətləri Rusiya ilə bağlı idi və bu ölkədən külli miqdarda pul qazanırdılar. Putin düşünürdü ki, ABŞ-la savaşda Avropa onu dəstəkləyəcək. Amma Avropa dövlətləri öz mənfəətlərindən imtina etdilər və Rusiya hazırkı duruma düşdü”.
ABŞ-ın xarici siyasətinin reallığa söykəndiyini deyən V.Quluzadə bildirdi ki, Amerika gözəl bilir ki, Azərbaycanda stabillik pozularsa bundan Rusiya istifadə etməyə çalışacaq.
Rusiya mətbuatında Azərbaycana qarşı ABŞ təhlükəsinin olduğu ilə bağlı mövzunun tez-tez gündəmə gətirilməsinin təsadüfi olmadığını deyən V.Quluzadə bildirdi ki, Rusiya bununla mövqelərini daha möhkəmləndirmək istəyir: “Rusiya bu cür məlumatları yaymaqla Azərbaycan hakimiyyətini qorxutmağa çalışır. Rusiya görür ki, Azərbaycanla Qərb arasında demokratiya məsələsində anlaşılmazlıq var. Amma bu heç də o demək deyil ki, Qərb Azərbaycanda inqilab etməyə hazırlaşır”.
V.Quluzadə hesab edir ki, yaranmış situasiyada gərək Azərbaycan daha ağıllı siyasət yürüdərək öz maraqlarından çıxış etsin.
Xəyal


