
Avropa Birliyinin yeni komissarı da Azərbaycandakı siyasi həbslərdən danışdı
Avropa Birliyinin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Yohannes Han “Azadlıq” radiosuna müsahibəsində Azərbaycandakı vəziyyətə toxunub. “Siz siyasi məhbusların azad olunması üçün Azərbaycana təzyiq etmək fikrindəsinizmi?” sualına komissar belə cavab verib:
“Bu, elə məsələdir ki, biz görüşlərdə həmişə buna toxunuruq. Çünki bu, Avropa Birliyi üçün qəbuledilməz vəziyyətdir. Avropa Birliyi daxilində bəzi iş adamları Birliyi bu məsələlərə toxunduğuna görə tənqid edir. Onlar Çini misal gətirirlər ki, heç vaxt müdaxilə etmir. Ancaq mənim fikrimcə, bizim uğurumuzun bir səbəbi insanlara azadlığın, ifadə azadlığının, özlərini inkişaf etdirməyə imkan verilməsinin təmin olunmasıdır”.

Azərbaycanda görünməmiş repressiyalar baş verib
Insan Haqları Evləri şəbəkəsinə daxil olan 10 təşkilat və 46 beynəlxalq QHT isə dövlət başçısı İlham Əliyevə birgə məktubla müraciət edib. Məktubda bildirilir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkədə vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalar baş verib. Məktub müəllifləri Əliyevi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa, hazırda həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev, Anar Məmmədli, Bəşir Süleymanlını dərhal azadlığa buraxmağa çağırıblar.
Bu haqda “Turan”ın yaydığı məlumatda bildirilir ki, müraciətdə həmçinin Leyla Yunusun və Intiqam Əliyevin səhhətindəki problemlərlə əlaqədar ciddi narahatlıq ifadə olunub.



