Belə ziddiyyətli siyasət hansı zərurətdən doğur?
Azərbaycan hakimiyyətinin xarici siyasətdəki “prioritet”ləri hamıya bəllidir. Belə ki, əzəmətli hökumətimizin xarici siyasəti “Qoşulmayanlar Hərəkatı”ndan başlayıb, bizə tarixən problemlər qoşan Rusiyaya qədər uzanır. Yalnız, iqtisadi maraqlardan söhbət düşəndə Qərbi sevməyə başlayırlar. Elə ki, Qərb iqtisadi əməkdaşlıqla bərabər, siyasi əməkdaşlığın da prioritet olmağını tələb edir, hökumətimiz küsməyə başlayır.
Ancaq, istənilən halda Qərblə körpülərin tamamən yandırılması hakimiyyətə sərf etmir. Çünki, ölkəyə ən çox investisiya yatıran Qərb ölkələridir, məmurların külli miqdarda pulları Qərb banklarındadır, vəzifəli şəxslərin övladları Qərbdə təhsil alır, istirahətləri, müalicələri Qərb ölkələrində baş tutur. Yəni, ölkə ictimaiyyətinə Qərbi düşmən kimi təqdim etsələr də, ölkədən kənarda mədhiyyə mərasimləri keçirib, 2 ölkə arasındakı əməkdaşlığın önəmini vurğulayırlar.
Bütün bunları xatırlatmaqda məqsədimiz son dövrlər baş verənlərə keçid etməkdir.
Belə ki, hakimiyyətin üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi, repressiyaları gücləndirməsi, avtoritar bir idarəçiliyə üstünlük verməsi Qərblə münasibətləri yenidən pisləşdirdi və əvvəlki manevrlər effektsiz oldu.
Məhz bu münasibətlərin göstəricisidir ki, Avropa Parlamentində Azərbaycana qarşı qətnamə qəbul olundu, AŞPA prezidenti Ann Brosser Azərbaycanda sistemin dəyişməli olduğunu bildirdi, ABŞ prezidenti Barak Obama Azərbaycanı insan haqları və demokratiya məsələsinə təhdid kimi qiymətləndirdi. Son olaraq isə, Avropa Şurasının baş katibi T.Yaqland “Azərbaycanda insan haqlarının vəziyyəti: bıçaq sümüyə dirənib” başlıqlı məqalə ilə çıxış etdi.ÿ
Bütün bunlar o dövrə təsadüf edir ki, Hakimiyyətyönlü mətbuat, televiziya kanalları ABŞ əleyhinə kampaniya aparır, bu ölkəni erməni lobbisi ilə iş birliyində suçlayır və Azərbaycanda inqilab törətməkdə ittiham edir.
Ancaq, Yaqlandın “The Quardian”da dərc olunan məqalədən sonra, hakimiyət bərk narahat olub və ABŞ itkisini, Böyük Britaniya ilə sığortalamaq istəyir.
Ötən gün hökumətin bir nömrəli sözçüsü rolunu oynayan “Yeni Azərbaycan” qəzeti “Azərbaycan və Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur” başlıqlı yazı dərc edib. Yazıda Britaniyanın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyi, Qarabağ məsələsində qətiyyətli mövqe nümayiş etdirdiyi, müxtəlif qətnamələrə imza atdığı bildirilir. Yəni, bu yazıda ikili standartlar, qərəz, “erməni lobbisi” kimi ifadələr işlədilmir.
Bu məqalədə maraqlı və poradoksal olan bilirsinizmi nədir?
Böyük Britaniya Avropa Ittifaqının üzvüdür, ABŞ-la müttəfiqdir. Bu necə siyasətdir ki, təriflədiyin ölkənin təmsil olunduğu birliyi “qərəzli”, müttəfiq olduğu ölkəni “ermənipərəst” adlandırırsan?
ABŞ-la düşmən olub, Böyük Britaniya ilə dost olmağın hansı perspektivi ola bilər? Bəlkə, Azərbaycan hakimiyyəti elə düşünür ki, Böyük Britaniya bunlara görə, ABŞ-la düşmən olacaq?
Bir sözlə hökumətin absurd siyasi addımları davam edir. Ancaq, belə ziddiyyətli siyasi kursla, demokratiya tələblərini ikinci plana keçirtmək mümkün deyil.
Həm də ona görə ki, ABŞ kimi Britaniya da demokratiya məsələsində israrlıdır və Azərbaycanla bağlı qətnaməyə bu ölkə də səs verib.
Yəni, tənqidləriniz kimi, tərifləriniz də “analoq”suzdur.
Akif


