Yasəmən xanımın ağrıları

Zaqataladan Yasəmən adında müəllimin “Azadlıq”da prezidentə məktubu çap olunub. Məktubda Azərbaycan təhsilinin dağıdılmasından danışılır. Çox ola bilsin, məktubu yazan iş yerini itirməmək üçün adını dəyişib. Indiki korrupsiya-repressiya rejimində gerçəyi dilə gətirməyin nə demək olduğunu hamı gözəl bilir. Başqa bir yandan, ölkədə gerçəyi bilib-eşitmək istəyən bir hakimiyət, belə bir prezident olsaydı, Yasəmən xanım (eləcə də başqaları) “Azadlıq”a deyil, dövlət qəzetlərinə (indilikdə müəllim qəzetinə) üz tutardı. Ölkdə açıq-aydın IŞĞALÇI recim qurulduğundan, “Azadlıq” qəzetindən başqa bütün qəzetlər rejim monopoliyasında olduğundan bizdə bu gün gerçəyin özü də repressiya qurbanına çevrilib. 

Yazı belə adlanır: “Azərbaycanın işıqlı gələcəyini məhv etməkdən əl çəkin!” Azərbaycanın IŞIQLI GƏLƏCƏYI yalnız TƏHSIL üzrə deyil, bütün parametrlər üzrə MƏHV edilməkdədir. Baxın, Azərbaycanın “inkişafı” üçün 190 milyard manat yatırım qoyduqlarını bildirirlər. Gerçəkdəsə, Təhsil, Sağlamlıq sistemləri başda olmaqla Azərbaycan darmadağın edilib. Onda soruşmaq gərəkir: bir belə pul hara gedib? Buna 200 manat aylığa işləyən müəllim, həkim cavab verməli deyil, 190 milyard manatı boşa çıxaran hökumət, faktiki olaraq o hökumətin başında duran prezident cavab verməlidir. Ancaq ortada yalnız 190 milyard manatlıq yeyinti-mənimsəmə yoxdur. Ortada TITANIK kimi batan, batırılan bütöv bir ölkə var. Ölkədə demokratiya olsaydı, demokratik prinsiplərə uyğun olaraq hakimiyət bölgüsü aparılsaydı, ortada çoxlu suçlu olardı, ancaq bu gün bizdə TOTALITAR yönətim praktikasına uyğun olaraq bir başlıca suçlu var: dövlət başçısı – prezident!

Qanunsuzluq, özbaşınalıq üzündən əli hər yerdən üzülən yurddaşlarımız prezidentə üz tuturlar. Onların bir çoxu prezidentin ölkədə baş verən qanunsuzluqlardan, özbaşınalıqlardan soraqsız olduğunu düşünür. Onlar yanılırlar, yanıldıqlarını da çox gec başa düşürlər. Məktubundan göründüyü kimi, Yasəmən xanım yanılmışlardan deyil; onun bircə bu frazası başlıca gerçəyi açıq göstərir: “Azərbaycanın işıqlı gələcəyini məhv etməkdən əl çəkin!” Doğrulmayacağı bəri başdan bəlli olsa da, bu, təpərli bir yurddaşın harayı olaraq çox önəmlidir. Zaqataladan – ölkənin ucqar bölgəsindən gerçəkçi haray olaraq onun önəmi daha böyükdür. Yalnız Təhsil gerçəyini deyil, başçı-prezident gerçəyini də göstərmək baxımından bu, olduqca önəmli çağırışdır.

Baxın, Elmlər akademiyasının Fizika institutunun əməkdaşı Elman Şahverdiyev neçə aydır durmadan prezidentin adına akademiyadakı saxta seçkilərlə bağlı böyük-böyük yazılar yazır. Yazdıqlarından göründüyü kimi, Bakıda yaşayan, elmlər akademiyasında işləyən bu adam prezidentin akademiyada baş verənlərdən soraqsız olduğunu düşünür. Belə düşündüyünə görə də o, akademiyadakı neqativlərlə bağlı prezidenti bilgiləndirməyi özünə borc bilir. Bu adam yaxşı olar I.Əliyevin 2004-cü ildə etdiyi bir çıxışı dönə-dönə oxusun: “Mənə məmurların yaratdıqları problemlərlə bağlı siqnallar gəlir. Biz problemləri aradan qaldıracağıq. Hər yerdə qanun, qanunçuluq olmalıdır. Monopoliyalara son qoyacağıq. Azərbaycanda hamı hər şeyi bildiyindən burada nəyisə gizlətmək çətindir”. 

Qoy Elman Şahverdiyev də, onun kimi düşünən bir çox başqaları da bir daha bilsinlər: I.Əliyev ölkədə baş verənlərdən bütünlüklə soraqlıdır. Elə buna görə də o, dövlət büdcəsindən bürokratiyanın saxlanmasına ayırmaları hər il olduğu kimi, bu il də artırdı. Təkcə Nazirlər Kabineti bu il büdcədən 100 milyon manat “yeyəcək”. Praktik yaralılıq baxımından olmayan bir quruma beləcə 100 milyon manat ayrılır. Bütövlükdə bürokratiyanın saxlanmasına 195.7 milyon manat pul ayrılıb. Olduqca düzgün siyasətdir: korrupsioner rejimə güclü xalq deyil, güclü bürokratiya gərəkdir.