Bakının ortasında terrorçular hazırlayırlar…

Azərbaycanda represiyalar daxili siyasi mübarizəyə uyğun olaraq zaman-zaman dalğavari şəkildə gah enib, gah da qalxıb. Təbii ki, hədəfdə siyasi müxalifət olub: Istər 1993-cü ildə, istər 1998- ildə, istər 2003-cü ildə, istərsə də 2005- ci ildə həmişə hədəfdə demokratik düşərgənin iki əsas aparıcı partiyası AXCP və Musavat olub. Sanki bu partiyalar hakimiyyətlə toplum arasında ildırım ötürücü rolunu oynayıb; zərbələri öz üzərinə götürüb, cəmiyyətin ayrı-ayrı təbəqələrini “ziyalıları, gənclər, dindarları, hüquq müdafiəçilərini, jurnalistləri – bütövlükdə isə toplumu əsas hədəfdən yayındırıb.

Partiyaların yüzlərlə, demokratik düşərgənin isə minlərlə üzvü hakimiyyətin işgəncə laboratoriyasından, daha doğrusu ət maşınından keçib: bir qismi seçki, bir qismi vicdan, bir qismi də siyasi məhbus kimi həyatının ən enerjili, ən məhsuldar dövrünü zindanlarda kecirib…

Həm mənəvi, həm də fiziki sağlamlıqlarını itiriblər. Məhz itirilmiş bu sağlamlığın bahasına və hesabına sözün həqiqi mənasında fundamental azadlıqları, məcazi mənasında isə mənəvi azadlıqları indiyə qədər qoruyub saxlaya biliblər. Amma… Amma növbəti dəfə repressiya dalğasını dəf edib, qan və can bahasına qorunan bu azadlığları saxlamaq mümkün olacaqmı? Bu suala cavab vermək çətindir, çünki kütləvi həbslərdən sonra növbəti dalğa ölkədə olub-qalan demokratiyanı da məhv edir və bizi üzü Şimalı Koreyaya doğru aparır.

Azərbaycanın üzü Şimali Koreyaya doğru…

Onsuzda hakimiyyətin ötürülməsindən tutmuş idarəçilik üsullarına qədər bütün sahələrdə oxşar olan bu iki ölkə arasında məsafə çox qısalıb, sadəcə keçid zamana bağlıdır, bu hər an baş tuta bilər. Söhbət Mütləq monarxiyaya, daha döğrusu mütləq diktaturaya keçiddən gedir. Qüsura baxmayın, Mütləq monarxiyanın əsas əlamətlərini xatırladıb yaddaşınızı təzələmək istəyirəm:
– hakimiyyət vərəsə olaraq irsi yolla ötürülür,
-hakimiyyət müddətsiz olaraq həyata keçirilir,
-hakimiyyət xalqın mənafeyini deyil, diktatorun iradəsini ifadə edir.

Əslində, bu yolun yarısı, özü də əsas hissəsi qət edilib; hakimiyyət vərəsə olaraq irsi yol ilə atadan oğula ötürülüb, artıq iki ildir ki, hakimiyyət müddətsiz olaraq həyata keçirilir. Xalqın iradəsinin nəzərə alınmasından isə heç söhbət belə gedə bilməz. Baxmayaraq ki, bir zamanlar onun iradəsilə hesablaşıb guya neft kapitalını insan kapitalına çevirmək istəyirdilər. Indi, deyəsən, fikirlərini dəyişiblər, Azərbaycan insanı Koreya adamına çevirmək istəyirlər. Elə növbəti repressiya dalğasının əvvəlki illərdə olduğundan daha sərt, daha kəskin, daha kütləvi xarakter alması da, əslində, bu istəkdən irəli gəlir. Əgər əvvəllər yalnız siyasi qüvvələr təqib olunurdusa indi qeyri siyasilər- ziyalılar, gənclər, dindarlar, bütövlükdə isə vətəndaş cəmiyyəti: həm ictimai sektor, həm də siyasi sistem hədəfdədir.

Hakimiyyət siyasi dairəni qapayır…

Əslində, daxili siyasi mübarizənin predmeti dəyişib: indi dinc üsullardan istifadə edib təkamül yolu ilə ölkədə dəyişikliklərə nail olmaq şansının qorunub saxlanması uğrunda mübarizə gedir. Hakimiyyət 2010-cu il parlament seçkilərində əlində olan bütün inzibati resuslardan istifadə edərək müxalifəti oyundan kənar vəziyyətə saldı; daha döğrusu seçkiləri kütləvi şəkildə saxtalaşdırıb müxalifətin parlamentə seçilməsinin qarşısını aldı və beləliklə, təkqütblü siyasi sistem formalaşdırdı. Nəticədə,ÿistər- istəməz parlamentdaxili siyasi mübarizə meydandaxili mübarizəyə keçid aldı. Əslində, hakimiyyət prosesləri demokratik müstəvidən zor müstəvisinə keçirməklə müxalifəti sıradan çıxarıb, siyasi meydanı boşaltmaq istəyir: öz aləmində azad mətbuatı susdurub, sözü bitirdiyi kimi, guya siyasi meydanı da boşaldıb mübarizəni bitirmək istəyir. Amma anlamır ki…

Siyasi meydan heç vaxt boş qalmır…

Ən yeni tarixin inqilablar dalğası bir daha subut etdi ki, mütləq diktaturaya, daha doğrusu, qeyri-məhdud dövlət hakimiyyətinə iddia edərək, demokratik qüvvələri sıradan çıxarıb, dinc dəyişikliklərin qarşısını zorakı yollarla alanda, təsir əks təsirə bərabərdir prinsipinə uyğun olaraq meydana daha radikal, daha aqressiv qüvvələr, hətta silahlı qruplar çıxır və hakimiyyət çevrilişinə cəhd edir. Sonda ya çevriliş, ya da partlayış baş verir: bütün hallarda kimliyindən asılı olmayaraq diktatorlar zor-xoş hakimiyyətdən uzaqlaşdırılır. Amma belə hakimiyyət dəyişikliyi təkcə devrilən prezidentə və onun komandasına acı yaşatmır, bu acını həm də xalq yaşayır, ən böyük zərbə isə dölətə dəyir, bəzən onun varlığı belə sual altına düşür. Biz bunun ən yaxın tariximizdə acı nəticələrini yaşamışıq…

İctimai-siyasi inkişafın paradoksları…

Bəli, siyasi müxalifəti sıradan çıxaran, siyasi meydanı boşaldan, alternativsiz birqütblü siyasi sistem yaradan və siyasi dairəni qapadan hakimiyyət elə zənn edir ki, özünü qoruyur və mövqeyini gücləndirir. Daha anlamır ki, əksinə gec-tez o meydanı tutan radikal qüvvələ və silahlı qruplar tərəfindən, sadəcə özünün devrilməsinə zəmin hazırlayır, daha doğrusu bir az obrazlı desək, özünə qəbr qazır… Əslində qırmızı xəttləri bir-bir keçən hakimiyyət növbəti bir qırmızı xətti keçməyə hazırlaşır: siyasi dairəni tam qapatmaq istəyir. Bu çox qorxulu, çox təhlükəli, hətta hakimiyyətin özü üçün çox riskilidr. Əli bəyin təbirincə desək Milli Şuranın mütləq diktaturaya qarşı apardığı bu mübarizə, əslində bizə münasibətindən asılı olmayaraq hamının marağındadı, hətta Ilham Əliyevin də. Çünki iqtidarın bu istəyinin qarşısını ala bilməsək, bizim bu məğlubiyyətimizin ən böyük bədəlini Ilham Əliyev başda olmaqla bütün komanda-rejim mənsubları ödəyəcəklər. Onsuz da əbədi hakimiyyət hec kimə müəssər olmur. Əgər demokratik düşərgənin sonuncu mogikanı zorla sıradan çıxarılsa belə, onsuz da günlərin birində Ilham Əliyev ya sosial partlayış, ya saray daxili çevriliş, ya da silahli qruplar tərəfindən devriləçək.

P.S. “Azərbaycanda terrorçu yetişdirirlər; özü də harda…Baknın düz ortasında – Keşlə qəsəbəsində yerləşən ”Baku Paintball Center”dəki atıcılıq meydanında…