DESFA ilə anlaşma Yunanıstana lazım idisə, ARDNŞ rəhbəri niyə bu ölkəyə səfər edib?
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində noyabrın 10-da bu ölkənin baş naziri Antonis Samarasla görüşüb.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Transadriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66 faizini ARDNŞ-in alması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Bundan əvvəl ARDNŞ rəhbərliyi bəyan etmişdi ki, DESFA qaz nəqliyyat operatorunun özəlləşdirilməsi Azərbaycandan daha çox Yunanıstana lazımdır. ARDNŞ-DESFA anlaşmasını Avropa Komissiyasının təsdiqləməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirən R.Abdullayev qeyd etmişdi ki, Avropaya, Yunanıstana bu layihə bizdən daha çox lazımdır.ÿ
ARDNŞ 400 milyon avroya DESFA-nın səhmlərinin 2/3-ni (66%) almaq niyyətindədir.
Amma ekspertlər tam əks fikirdədir. Onlar hesab edir ki, ARDNŞ-ə qarşı tətbiq olunan qadağadan daha çox Azərbaycan tərəfi ziyan çəkəcək.ÿ
Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu məsələ ilə bağlı bildirmişdi ki, hazırda neftin qiymətləri aşağı düşdüyü zamanda bu, SOCAR-a əlavə problem yaradacaq. Ümumilikdə bu və digər səbəblərdən SOCAR-ın maliyyə vəziyyəti pisləşəcək.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə vurğulamışdı ki, Avropa Komissiyasının qərarı Azərbaycana qarşı sanksiya qərarıdır. M.Qəhrəmanlı açıqlamasında vurğulayıb ki, bu çox uğurlu layihə hesab olunsa da, ARDNŞ bundan məhrum oldu.
ARDNŞ Avropa Kommissiyasının qərarının daha çox Yunanısana zərər vurduğunu iddia etsə də, baş verənlər tam fərqli mənzərə yaradır. Çünki sözügedən layihənin reallaşması Yunanıstanın marağında olsaydı, ən azı bu ölkədən təmsilçilər ölkəmizə səfər edərdi. Amma biz məhz ARDNŞ rəhbərinin Yunanıstana səfər etdiyini görürük. Digər tərəfdən, diqqət çəkən daha bir məqam bu məsələyə məhz 2015-ci ilin martında baxılacağı ilə bağlıdır. Ekspertlərin fikrincə, sözügedən tarixin seçilməsi təsadüfi deyil. Layihənin taleyi Azərbaycanın Assosiasiya Sazişi ilə bağlı hansı addım atacağından asılıdır. Yəni 2015-ci ilin martına qədər Azərbaycana vaxt tanınıb. Azərbaycan hakimiyyətinin Rusiya meyilli siyasət yürütməsi Avropa Birliyini əks addımlar barədə düşünməyə vadar edib. Bu baxımdan ARDNŞ-lə bağlı baş verən də Azərbaycana bir xəbərdarlıqdır.
Hikmət