Özünə müxalifət deyənlər niyə mitinqə qarşıdır?

Yaxud, hökumətin sifarişini yerinə yetirib, sosial sifarişdən danışmaq «məharət»i

Milli Şura noyabrın 9-da “Siyasi məhbuslara azadlıq” tələbilə növbəti mitinqini keçirdi. Təşkilat eyni tələblə oktyabrın 12-də də mitinq keçirmişdi. Hər iki aksiya cəmiyyətdə böyük maraq və dəstək qazandı. “Yeni Müsavat” qəzeti özünü müxalifət adlandırna başqa təşkilatlardan mitinqə münasibət və onların da belə aksiyalar keçirmək niyyətində olub-olmadıqlarını soruşub.
Münasibəti soruşulanlar ADP sədri Sərdar Cəlaloğlu, Ümid sədri İqbal Ağazadə və Müsavatın başqan müavini Osman Kazımovdur.
Onların cavabından qəzetin başlığa çıxardığı sitatlar bunlardır:

Sərdar Cəlaloğlu: “Bu cür mitinqlər demokratiyaya xidmət etmir, əksinə, ölkədə qarşıdurmanın yaranmasına səbəb olur”

İqbal Ağazadə: “Mitinq üçün sosial sifariş yoxdur”

Osman Kazımov: “Müsavat Partiyasında hazırda partiyadaxili məsələlər həll olunur”

Cavablara baxırıq, görürük ki, müxalifət kimi təqdim olunan bu partiyalar nəinki özləri siyasi məhbusların azadlığı naminə mitinq keçirmək niyyətində deyillər, üstəlik Milli Şuranın mitinq keçirməsini də gözdən salmaq istəyirlər.

Sərdar Cəlaloğlu deyir ki, Azərbaycanda vəziyyətin necə olduğunu yerli və beynəlxalq ictimaiyyət yaxşı bildiyindən mitinqlərə ehtiyac yoxdur. “Beynəlxalq vəziyyəti nəzərə almadan ölkədə qarşıdurmaya apara biləcək, təxribatlara rəvac verə biləcək kütləvi toplantıların keçirilməsi, xalqı küçələrə, meydanlara çağırmaq yanlış addımdır. Bu cür mitinqlər demokratiyaya xidmət etmir, ölkədə qarşıdurmanın yaranmasına səbəb olur…”, – deyə Cəlaloğlu bildirib.


 
Ümid sədri İqbal Ağazadə isə iddia edir ki, mitinq üçün sosial sifariş yoxdur. Onun fikrincə, “cəmiyyət total şəkildə qoşulmayacaqsa, mitinq keçirməyin nə mənası var?”. “Mitinqə cəmiyyətin səni dinləməyən təbəqələrinin üzvləri qoşulmalıdır. Çox təəssüf ki, hələlik belə bir ab-hava yoxdur”, – deyə o, fikrini əsaslandırmaq istəyib.


 
Müsavatın başqan müavini Osman Kazımov da təmsil etdiyi partiyada mitinqlərə hazırlığın müzakirə olunmadığını deyib. Bunu da partiyadaxili vəziyyətlə izah edib: “Hazırda Müsavat Partiyasında qurultaydan sonra partiyadaxili məsələlər həll olunur, strukturlar formalaşdırılır. Bundan sonra isə, biz partiyanın fəaliyyəti ilə bağlı məsələlərə baxacağıq. Hələlik müşavirələr keçirilir, bələdiyyə seçkisinə hazırlıq müzakirə olunur”.

***

Siyasi məhbus olan öz qardaşını belə müdafiə etməyə hünəri çatmayanların sədrlik etdiyi, YAP-ın əlavəsi olan, bir-birini hakimiyyətə işləməkdə ittiham edən iki tərəfə bölünmüş partiyaların bu gün meydana çıxıb, heç bir neçə yüz nəfərlik piket də keçirmək gücündə olmadığı aydındır. Sadəcə sual doğuran odur ki, hakimiyyət əleyhinə mitinqləri pisləyib lüzumsuz görən bu təşkilatlar hansı məntiqlə müxalifət kimi təqdim olunur? Yox əgər onlar həqiqətən də iddia etdikləri kimi, müxalifət partiyalarıdırsa, niyə belə mitinqlərin əleyhinə çıxırlar?

Qondarma ittihamlarla həbs olunan insanlara azadlıq tələb etmək, demokratiyaya ziddirsə, siz niyə YAP-ın üzvü deyilsiniz?  Çünki, YAP hakimiyyəti də Milli Şuranın mitinqini eyni arqumentlərlə gözdən salmaq istəyir.

Ey özünü partiya sədri elan edib, 10 nəfəri bir yerə toplaya bilməyənlər, bəs sosial sifariş nədir?
Hakimiyyətə loyal münasibət göstərib, real müxalifəti hədəf alıb, həqiqətləri təhrif etməkdirmi sosial sifariş?
Yoxsa, Seymur Həzini, Qurban Məmmədovu, Intiqam Əliyevi və digərlərini müdafiə etmək üçün, beynəlxalq aləmdən  “dobro” almaqdırmı sosial sifariş?
Cənablar, elə məsələlər var ki, ilk növbədə vicdanın sifarişini yerinə yetirmək lazımdır. Vicdanın sifarişini təxirə salıb, hökumətin sifarişini yerinə yetirmək, bizim kitabımızda yoxdur.

Milli Şuranın mitinqində 1000-lərlə insan iştirak edib. Lap tutaq ki, sizin də mötəbər hesab etdiyiniz rəsmi məlumatdakı kimi, bu mitinqdə 700 nəfər iştirak edib. Hətta belə olsaydı da bu Milli Şuranın uğurudur. Çünki, bu qurum 11 partiyanın birlikdə bacara bilmədiyini, tək bacarıb. Və bu nəticəni göstərə bilən ikinci qüvvə yoxdur.

Bir daha sizlərə xatırlatmaq istəyirik ki, “müxalifət” və “iqtidar” sözləri sinonim deyil.  Ancaq, “cib müxalifəti” ilə “iqtidar” ifadəsini sinonimləşdirmək istəyirsinizsə,  etirazımız yoxdur.

P.S. Prinsipial, ardıcıl və əsl müxalifət olmağın ən böyük üstünlüyü odur ki, sənə qarşı irəli sürülən ittihamlar, bu ittihamları irəli sürənlərin kimliyini ortaya qoyur. Bu mənada Milli Şuranın mitinqinə kölgə salmaq istəyən “kitayski” müxalifət, həm də yeganə alternativin kimliyini dəqiqləşdirmiş olur.

Akif