Müsavatdakı narazılar hakimiyyətlə işbirliyində ittiham olundu

Arif Hacılı hər gün Isa Qəmbərlə məsləhətləşdiyini açıqladı

Səxavət Əlisoy: «Müsavatın saxtakar başqanını qəbul etmədiyimə görə, Divana getməyəcəyəm»

Daha bir müsavatçı – Kamil Xəlilbəyli partiya sıralarından xaric edilib. Bu barədə dünən Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında qərar qəbul olunub. Partiyanın yaydığı məlumatda bildirilir ki, daxil olmuş şikayətlərin müzakirəsi nəticəsində belə bir qərar verilib. MNTK həmçinin partiyadakı narazılara xəbərdarlıq edib.
“MTNK partiyanın qurultayının qərarlarını tanımamaq, Müsavat Partiyasının müvafiq strukturlarının qərarlarına tabe olmamaq, partiya Nizamnaməsində nəzərdə tutulmayan fraksiya və başqa adda paralel strukturlar yaratmaq cəhdlərinin təşkilatçılarını bu addımlardan çəkinməyə çağırır.
MNTK bu fəaliyyəti davam etdirən partiya üzvləri haqqında Nizamnamə çərçivəsində müvafiq qərarların qəbul edilə biləcəyi bəradə xəbərdarlıq edir”, – deyə partiyanın yaydığı məlumatda qeyd olunub.

Narazılar Divanın toplantısına çağırıldı

Bundan başqa, Müsavat Divanının noyabrın 17-də keçiriləcək növbəti toplantısında da qurultayın nəticəsindən narazı qalanlarla bağlı məsələnin müzakirəsi nəzərdə tutulub. Bununla əlaqədar narazı üzvlərdən Səxavət Əlisoy və Əlövsət Talışxanlı da toplantıya dəvət olunub. Həmçinin noyabrın 23-də Bakıda partiyanın ümumrespublika müşavirəsinin keçirilməsinə qərar verilib.
Bu arada, Müsavat Partiyasının Divanı da qurultayın nəticəsindən, xüsusən yeni başqan seçkisindən narazı qalan və buna etiraz edən üzvlərlə bağlı bəyanat yayıb. Bəyanatda etirazçı müsavatçılara xəbərdarlıq edilməklə yanaşı, onlar hökumətlə, həmçinin rəqib siyasi qüvvələrlə iş birliyində ittiham olunur: “VIII qurultaydan sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir. Belə fəaliyyət son zamanlar daha da güclənib. Müsavat Partiyasına qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil olmaqdadır. Müsavat Partiyasının rəhbərliyi məlum prosesi diqqətlə izləyir.
Müsavat Partiyasının Divanı qeyd edir ki, partiya üzvlərinin, rayon təşkilatlarının belə fəaliyyəti durdurmaq, partiyanın qurultayının, Məclisinin, Divanının qərarlarına uyğun fəaliyyət göstərmək tələblərinin bundan sonra da nəzərə alınmayacağı təqdirdə nizamnamə tələblərinə uyğun qərarların qəbul edilməsi qaçılmaz olacaq”.

Səxavət Əlisoya qarşı pozuculuq ittihamı

Müsavat partiyasının Divan üzvü Elman Fəttah isə Müsavat başqanlığına keçmiş namizəd, narazı müsavatçıların yaratdığı Işçi Qrupun üzvü Səxavət Əlisoyu partiyada “pozuculuq fəaliyyətinin təşkilatçısı” adlandırıb. O, “Aznews.az”a açıqlamasında bildirib ki, bu səbəbdən o, növbəti toplantıya dəvət olunub: “Səxavət Əlisoyun Müsavatı özünə düşmən hesab edən mərkəz tərəfindən idarə olunduğunu güman edirəm. Bu cür böhtanları da yəqin ki, həmin mərkəzlər onun dili ilə bəyan edir”.

“Qurultayın legitimliyini qəbul etmirəm”

Divanın növbəti toplantısına dəvət olunmuş Səxavət Əlisoy APA-ya açıqlamasında toplantıya qatılmayacağını bildirib: “Müsavatın saxtakar başqanını qəbul etmədiyimə görə, Divana getməyəcəyəm”.
Səxavət Əlisoy bir daha vurğulayıb ki, qurultayın legitimliyini qəbul etmir: “Qurultayın legitimliyini qəbul etmirəmsə, deməli, Məclisi, Divanı və digər qurumları da qəbul etmirəm. O Divan hansı qərarı verirsə versin, bir anlamı yoxdur. Buna görə də mən Divana getməyəcəyəm. Partiyada repressiyalara başlayıb, öz saxtakarlıqlarını ört-basdır etməyə cəhd göstərirlər. Düşünürlər ki, bəlkə bir-iki nəfəri cəzalandırmaqla, o biri şəxslər geri çəkiləcək”.

“Müsavat rəhbərliyinin idarə üsulları repressiv metodlara istiqamətlənir”

Başqanlığa digər keçmiş namizəd Qubad Ibadoğlu da Divanın bəyanatında səslənən fikirləri Müsavat rəhbərliyi tərəfindən növbəti repressiya kimi qiymətləndirib: “Müsavatın hazırkı rəhbərliyi rayonlarda da bəyanat ”istehsalı” ilə məşğuldur. Bundan əvvəl də Məclis bəyanatla çıxış etmişdi. Indi də eyni məzmun, eyni çağırışlar və eyni ritorika ilə Divan bəyanat yayıb.
Bir mərkəzdən idarə edilən və demokratik idarəetməyə zidd olan belə sənədlərin kütləviləşməsi bəzi mətləblərə aydınlıq gətirdi. Birincisi, onu göstərdi ki, hazırkı rəhbərliyin idarə üsulları repressiv metodlara istiqamətlənir. Ikincisi, barışıqla, qucaqlaşma ilə bağlı əvvəl səsləndirilən fikirlər səmimi olmayıb. Üçüncüsü, bu bəyanatlar birləşdirici deyil, bölüşdürücü mövqeyə xidmət edir. Bu, həm də partiya Mərkəzi Nəzarət-Təftiş Komissiyasına istənilən qərarı qəbul etmək üçün siyasi baxımdan münbit mühit yaradır”.
Qubad Ibadoğlu hesab edir ki, hazırkı rəhbərliyin yeganə düşüncəsi Müsavatın indiki idarəçiliyindən və gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib: “Səxavət Əlisoy, Əlövsət Talışxanlı kimi partiyanın nüfuzlu və staclı şəxslərinin izahatlarının alınması üçün Divana çağırılması bu qəbilədəndir və Müsavat Partiyası daxilində vəziyyətin gərginləşməsinə xidmət edir. Hesab edirəm ki, hazırkı rəhbərlik bizim haqqın və ədalətin bərpası uğrunda mübarizəmizin nəticələrindən təşvişə düşüb. Onlar oktyabrın 6-da keçirilən toplantımızdan sonra noyabrın 8-də daha geniş və möhtəşəm toplantımızdan vahimələniblər. Belə görünür ki, bu bəyanatlar həmin toplantıda bizə dəstək verən partiya üzvlərinin sayının atmasından sonra aktuallaşıb. Partiya rəhbərliyi Müsavatın gələcəyindən narazı olanların çoxalmasından və bu insanların bizim ətrafımızda daha sıx birləşməsindən sonra başqa çıxış yolu tapa bilmir və yanlış qərarlar verir. Çünki mövcud vəziyyət indiki rəhbərlik tərəfindən düzgün təhlil edilmir və onların buna potensialı da çatmır.
Bütün bunlar onu göstərir ki, onların partiyada barışığa meyli yoxdur. Başa düşmürlər ki, onların fəaliyyətindən narazı qalanlar, bir konfrans zalına yerləşməyən 150-200 nəfərlə məhdudlaşmır və sayları minlərlə, on minlərlədir. Odur ki, yeganə çıxış yolu hazırkı idarəçiliklə razılaşmayan partiya üzvlərini dinləmək və onlarla dialoq qurmaqdan keçir. Bizim əsas tələbimiz odur ki, partiya Nizamnaməyə uyğun idarə olunsun. Ancaq hazırkı rəhbərliyin yeganə düşüncəsi Müsavatın indiki idarəçiliyindən və gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib və bu yanlış yanaşma gərginliyi daha da artırır. Nə qədər gec deyil, onları bu yoldan çəkinməyə çağırıram”.

“Hədə-qorxu dolu bəyanatlar heç nəyi həll etmir”

Narazılardan Vurğun Əyyub da “qafqazinfo”ya açıqlamasında Divanın bəyanatına münasibət bildirib. Deyib ki, bəyanatın ritorikası hakimiyyətin ittiham ritorikalarına bənzəyir: “Əslində, bu bəyanat mənim üçün bir əhəmiyyət daşımır. Əvvəl bildirmişəm ki, bu qurumların legitimliyi mənim üçün şübhə altındadır. Bəyanatın məzmununa, ritorikasına gəlincə, eynilə hakimiyyət dairələrinin illərdir müxalifətin ünvanına yönəltdiyi ittihamların ritorikasına bənzəyir.
Təbii ki, hakimiyyət dairələri də, digər partiyalar da Müsavat Partiyasında olan narazılıqlardan istifadə etmək istəyir. Bu narazılığın qarşısını almaq üçün bu ritorikada hədə-qorxu dolu bəyanatlar heç nəyi həll etmir. Narazılıqlar diqqətlə araşdırılmalı, ədalətsizliyə yol verənlər cəzalandırılmalıdır. Bununla partiyadakı narazılığı sakitləşdirmək, istefaların qarşısını almaq mümkündür. Müsavat partiyası daxilində mövcud narazılıqdan hakimiyyət dairələri daim bəhrələnmək istəyib. Bu o demək deyil ki, narazıları hakimiyyət dairələri idarə edir. Eyni ittihamı mən də irəli sürə bilərəm. Bu ittihamları bizə qarşı yönəldirlərsə, bir az öz fəaliyyətlərinə də diqqət etsinlər. Gedib rayon təşkilatlarından bəyanatlar təşkil etməklə bu problemləri həll etmək mümkün deyil”.

“Əksər məsələləri İsa Qəmbərlə müzakirə edirəm”

Müsavatın yeni başqanı Arif Hacılı bildirib ki, partiyada yaranmış vəziyyəti Isa Qəmbərlə müzakirə edir, hər gün onunla məsləhətləşir.
“Bütün məsələlər Müsavatın Divanında, Məclisdə, Sədr Aparatında müzakirə olunur. Mən həmişə müzakirələr aparmağa, məsləhətlər almağa meylli olmuşam. Isa Qəmbər fəaliyyətini Müsavatın qərargahında davam etdirir, qərargahda oturur. Onunla hər gün məsləhətləşmələr aparırıq. Əksər məsələni Isa Qəmbərlə müzakirə edirəm”, – deyə Müsavat başqanı “mediaforum”a müsahibəsində bildirib.