Əliyevin sərəncamı hakimiyyətdə qarşıdurma yaradıb

Regional təhsil idarələrinin yaradılmasının tərəfdarları əks cəbhəyə qarşı hücuma keçiblər

Rayon və təhsil şöbələrinin ləğv olunaraq  onların bazasında regional təhsil idarələrinin yarıdılması barədə ölkə başçısı Ilham Əliyevin sərəncamı hakimiyyət daxilində növbəti qarşıdurmanın əsasını qoyub. Xatırladaq ki, Ilham Əliyev bu sərənmacı cari ilin iyun ayının 24-də imzalayıb. Yanvar ayının 1-dən regional təhsil idarələrinin yaradılmasına start verilməli idi.

Lakin təhsil naziri Mikayıl Cabbarov ötən ay mətbuata açıqlamasında bildirib ki, proses təxirə salınıb. Təhsil naziri bunu 2015-ci ilin dövlət büdcəsində bu layihə üçün vəsait ayrılmaması ilə izah edib.   

Yayılan məlumatlara görə isə məsələ heç də Mikayıl Cabbarovun dediyi kimi deyil. Bəzi məlumatlarda iddia olunur ki, prosesə icra başçıları mane olub. Onlar təhsil şöbələrinin ləğvi ilə iri maliyyə vəsaitlərini itirmək istəməyiblər. Ona görə də hakimiyyətdəki himayədarlarının dəstəyilə prosesin təxirə salınmasına nail olublar.

Başqa məlumatlara görə isə Mikayıl Cabbarovun geri çəkilməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məsələyə müdaxiləsilə bağlıdır. Iddialara görə, regional idarələrin yaradılması Ramiz Mehdiyevin hakimiyyətdəki əsas rəqibi Paşayevlərin ideyasıdır. Onlar bununla PA rəhbərinin təhsil sahəsinə təsir imkanlarını sıfıra endirmək istəyiblər. Icra hakimiyyətlərinin əhəmiyyətli hissəsini nəzarətində saxlayan Ramiz Mehdiyev isə buna imkan verməyib.

Yeni məlumatlarda deyilir ki, qarşı tərəf hələ də layihənin gerçəkləşməsi üçün cəhdlərini davam etdirir. Bu məqsədlə nəzarətlərində olan mediada məsələni yenidən gündəmə gətiriblər. Hətta buna qarşı olanlara “mafiya” damğası vurmaqdan da çəkinmirlər. Ehtimal etmək olar ki, qarşıdakı günlərdə prosesi mane olan qüvvələr barədə daha ilginc materiallar mətbuata “ayaq” aça bilər. Qarşı tərəfin də rəqibə əks-zərbələrlə cavab verəcəyi şübhəsizdir. Bu qarşıdurmada kimin qalib olacağına gəlincə, bunu zaman göstərəcək.