“Zeytun bağları”nda “yaşıl terror” FOTO

“Ağac soyqırımı”nın “Azərsun Holdinq” tərəfindən həyata keçirildiyi bildirilir

Şirkət isə yayılan məlumatların yalan olduğunu iddia edir

Azərbaycanda zeytunçuluq təsərrüfatından danışarkən ilk növbədə göz önünə Zığ, Qala, Hövsan və Bilgəhdəki zeytun bağları gəlir. Əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edibsə, bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarının, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb.
Ancaq bu gün zeytunçuluqla bağlı vəziyyət rəsmi rəqəmlərdə göründüyündən daha dəhşətlidir. Azərbaycanın ən böyük zeytun bağlarından sayılan və 900 hektara yaxın ərazini əhatə edən Hövsan “Zeytun bağları”nda (Hövsan qəsəbəsindəki 1 saylı Zeytun sovxozu) “yaşıl terror” həyata keçirilir. Bəs ağacları kim kəsir?
“Bu “yaşıl terroru” vaxtaşırı Azərbaycanda zeytunçuluğun inkişafından danışan və töhfələr verdiyini deyən “Azərsun Holdinq” həyata keçirir. Abdulbari Gözəl Hövsan bağlarına da əl qoyub. Amma onun məqsədi heç də zeytunçuluğun inkişafına töhfə vermək deyil”, – deyə həmin ərazidəki pay sahibləri “Arqument.az”a deyir.

Abşerondan Suraxanıya uzanan əllər…

900 hektara yaxın ərazisi olan bu bağ 1949-cu ildə salınıb. 1963-cü ilin 4 yanvar tarixində Abşeron rayonu yaradıldıqdan sonra bu bağlar da rayonun balansına verilib. Çünki Abşeron rayonu əslində, Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaradılıb.
Beləliklə, ortaya daha bir fakt çıxır: “Azərsun-Holdinq” “yaşıl soyqırım”ı təkbaşına həyata keçirmir, ona bu əraziləri həvalə edən Abşeron rayon İcra Hakimiyyətidir. Sakinlərin dediyinə əsaslansaq, görünən odur ki, icra başçısı Zakir Fərəcovla “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəlin “birgə planı” Hövsanda əməlli-başlı qalmaqal yaradıb.
Hövsan qəsəbəsi inzibatı ərazi olaraq Suraxanı rayonuna daxildir. Suraxanı rayon İcra Hakimiyyəti də gözünün qabağında baş verən bu soyqırıma göz yumur. Səbəb isə bəllidir.
“Ortada “Azərsun-Holdinq” kimi böyük maliyyə resurslarına malik şirkət və onun sözü “daşdan keçən” rəhbəri Abdulbari Gözəl var… Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə danışmağa dəyməz. Yəqin, xəbərləri yoxdur, olan kimi “araşdıracaqlar”, – deyə payçılar bildirir.

“Zeytunumuzun himayəçisi”, yoxsa…

Özünü Azərbaycanda “Zeytunumuzun himayəçisi” elan etmiş və bu ilin mart ayında Bakıda “Azərbaycanda zeytunçuluğun inkişafına töhfə” adlı sosial aksiyalar təşkil edən “Azərsun Holdinq”in “Zeytun bağları” markası və şüarı sanki bundan ibarət imiş: “Hərəyə bir zeytun kəsək!”
Bunu “Arqument.az”ın həmin ərazidə olan əməkdaşının gördüyü mənzərə də təsdiq edir. 900 hektara yaxın ərazisi olan bağın 130 hektarı təhlükənin bir addımlığındadır. Hazırda bağın ərazisində tikinti həyata keçirilir. Tikintinin “Azərsun-Holdinq” tərəfindən həyata keçirildiyini deyən vətəndaşlar və bağ sahibləri iddia edirlər ki, şirkət heç bir tələb və şikayətə baxmır.
Tikintidə çalışan fəhlələr də tikintinin məhz “Azərsun-Holdinq” tərəfindən həyata keçirildiyini bildiriblər.
Mənzərə isə acınacaqlıdır; zeytun ağacları texnikanın köməyi ilə kökündən çıxarılır və iri tonnajlı yük maşınları ilə daşınaraq bağın dərinliklərinə aparılır, burada “gizlədilir”. Bu məqsədlə bağın ortasında böyük bir ərazi ağaclar qırılıb, “abadlaşdırılan” bu ərazidə “tala” yaradılıb. Bütün zibillər isə bu talaya daşınır. Maşınların bağın dərinliyindəki bu zibilliyə asan hərəkət etməsi üçün isə ağaclar kəsilərək iki yol açılıb. Ərazidə obyektlərlə yanaşı, villalar və digər iaşə obyektləri də göz deşir. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, bütün bunlar Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən magistral avtomobil yolunun bir addımlığında baş verir.

Mülkiyyət hüququ, yoxsa təminatsız mülkiyyət?

“Hövsanda “Zeytun bağları” özəlləşdirmə dövründə pay olaraq ayrı-ayrı şəxslərə verilib. Yəni, ağaclar bizə məxsusdur. Bir sözlə, buradakı hər bir ağac özəl mülkiyyətdir”, – bunu da narazı payçılar deyir.
Azərbaycan Konstitusiyasının 29-cu maddəsində qeyd olunur:
I. Hər kəsin mülkiyyət hüququ var.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə verilə bilər.
V. Dövlət vərəsəlik hüququna təminat verir.

“Araşdıracağıq…”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Arqument.az”a bildirib ki, nazirliyə ağacların kəsilməsilə bağlı heç bir məlumat daxil olmayıb: “Əgər sizdə belə bir fakt varsa, bizə dəqiq ünvanı göndərin, əməkdaşlarımız gedib araşdırsın”.
Sözügedən ünvan nazirliyin elektron ünvanına göndərilib.

“Bizlik deyil…”

Suraxanı rayon İcra Hakimiyyəti də məsələyə münasibət bildirib. Daha doğrusu, bu qurum baş verənlərə görə məsuliyyət daşımadığını iddia edir.
“Bu ərazilər Abşeraon rayonuna daxildir. Orada hər hansı bir iş aparılırsa, Abşeron rayon İcra Hakmiyyətilə dəqiqləşdirilir. Bizə aidiyyəti yoxdur”, – deyə icra hakimiyyətinin sözçüsü Bərxudar Bərxudarov bildirib.

“Azərsun Holdinq” ağac kəsmir…”

“Azərsun-Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov da təmsil etdiyi qurumla bağlı yayılan məlumatları təkzib edib. Bildirib ki, orada aparılan tikintinin “Azərsun Holdinq”ə heç bir aidiyyəti yoxdur: “Biz zeytunçuluğun inkişafına dəstək veririk və “Azərsun-Holdinq” yeyinti məhsullarına baxır, tikinti aparmır, ağac kəsmir. Bu məlumatları kim veribsə, yalan deyib”.

Hövsan sakinləri Əliyevdən kömək istəyir

Onu da qeyd edək ki, ərazidə “yaşıl terror” hələ də davam edir. Amma məsuliyyəti kimsə üzərinə götürmür.
Bütün bunlara baxmayaraq, sakinlər Hövsanda baş verənlərdən dövlət başçısının xəbərsiz olduğunu düşünür. Ümid edirlər ki, İlham Əliyev tədbir görəcək: “Biz inanırıq ki, cənab Prezident bu duruma son qoyacaq, nadir və əvəzsiz sərvətimiz olan Zeytun bağları da “yaşıl terror”dan xilas olacaq”.