Şəhid atasından İlham Əliyevə müraciət

Əli Hüseynov Sahibkarlığa Milli Kömək Fondundan şikayətçidir

Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətin bir surəti də “Azadlıq”ın redaksiyasına daxil olub. Əli Hüseynov İqtisadiyyat və Sənaye Hazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevdən şikayətçidir.

Əli Hüseynov deyir ki, oğlu Ramil Hüseynov kiçik sahibkarlıqla məşğuldur: “Cənab prezident, oğlum fermer təsərrüfatı yaradıb. Təsərrüfatı genişləndirməyə çalışır. Bunun üçün banklardan kredit götürmək istəyir. Kredit götürməyə isə Sahibkarlığa Milli Kömək Fondunun da razılığı lazımdır. Bütün sənədlərin qaydasında olmasına baxmayaraq Şirzad Abdullayev razılığı yubadır. Oğlum bununla bağlı nazir Şahin Mustafayevin qəbulunda olub. Hazir oğluma pul ayrılması barədə göstəriş verib. Bundan sonra Şirzad Adullayev oğlumu qəbul edib və “Azəriqazbank”ın Sumqayıt filialına göstəriş verilib ki, bu məsələ araşdırılsın. Bank komissiya yaradıb, məsələni araşdırıb, oğlumun kredit götürmək istəyi bankın İdarə Heyətində müzakirə olunub və müsbət qərar verilib. “Azəriqazbank”a buna görə təşəkkür edirəm. Lakin buna baxmayaraq Şirzad Abdullayev yenə də maenə yaratmaqda davam edir. Onun oğluma qarşı qərəzli mövqeyinin səbəbi bizə bəlli deyil.

Bəlli olan odur ki, Şirzad Abdullayevin bu addımı nəticəsində oğlumun yaratdığı fermer təsərrüfatı fəaliyyətsiz qalıb. 

Cənab prezident, siz özünüz çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, dövlət sahibkarlara dəstək verməlidir, onları incitmək, əsassız yerə fəaliyyətlərinə maneə yaratmaq olmaz. Amma bu gün fakt ondan ibarətdir ki, Şirzad Abdullayev sizin dediklərinizin əksini edir. Sizdən bir şəhid atası kimi xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız və göstəriş verəsiniz ki, tezliklə Şahin Mustafayev məni qəbul edərək dinləsin, problemin həllinə yardım etsin”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.