Narazılardan Müsavat rəhbərliyinə sərt cavab

“Hədə-qorxulu bəyanatlar heç nəyi həll etmir”

Müsavat Partiyasının 27 sentyabr qurultayından narazı qalan Vurğun Əyyub partiya Divanının dünən verdiyi bəyanata münasibət bildirib. 

V.Əyyub “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bəyanatın ritorikası hakimiyyətin ittiham ritorikalarına bənzəyir: “Əslində bu bəyanat mənim üçün bir əhəmiyyət daşımır. Əvvəl bildirmişəm ki, bu qurumların legitimliyi mənim üçün şübhə altındadır. Bəyanatın məzmununa, ritorikasına gəlincə, eynilə hakimiyyət dairələrinin illərdir müxalifətin ünvanına yönəltdiyi ittihamların ritorikasına bənzəyir. Məsələn, belə bir cümləyə rast gəldim, guya “seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir”. İdeoloji-siyasi xəttə zidd hansı fəaliyyət olduğu bəlli deyil. 

Təbii ki, hakimiyyət dairələri də, digər partiyalar da Müsavat Partiyasında olan narazılıqlardan istifadə etmək istəyir. Bu narazılığın qarşısını almaq üçün bu ritorikada hədə-qorxu dolu bəyanatlar heç nəyi həll etmir. Narazılıqlar diqqətlə araşdırılmalı, ədalətsizliyə yol verənlər cəzalandırılmalıdır. Bununla partiyadakı narazılığı sakitləşdirmək, istefaların qarşısını almaq mümkündür. 

Partiyadan istefa verən adamların başqa siyasi partiyalara üz tutmamasının səbəbkarı əslində bizik, partiyanı idarə edənlər deyil. Biz onları dözümlü və səbrli olmağa çağırmışıq. 

Müsavat partiyası daxilində mövcud narazılıqdan hakimiyyət dairələri daim bəhrələnmək istəyib. Bu o demək deyil ki, narazıları hakimiyyət dairələri idarə edir. Eyni ittihamı mən də irəli sürə bilərəm. Bu ittihamları bizə qarşı yönəldirlərsə, bir az öz fəaliyyətlərinə də diqqət etsinlər. Gedib rayon təşkilatlarından bəyanatlar təşkil etməklə bu problemləri həll etmək mümkün deyil”. 

Vurğun Əyyub bəyanatdakı “paralel struktur yaradılması cəgdlərinə son qoyulsun” tələbinə belə cavab verib: “Partiyada hələlik heç bir paralel struktur yaradılmayıb. Fraksiya təklifi olub, bunu da paralel struktur adlandırmaq doğru deyil. Müsavat Partiyasında hələlik hansısa paralel struktur yaradılması cəhdləri yoxdur”. 

V.Əyyub “Nizamnaməyə uyğun olmayan fəaliyyət”ə görə üzvlük çıxarılma ehtimalından danışıb: “İndi partiyanın bütün qurumları onların əlindədir. Bu günə qədərki fəaliyyələtini izləmişəm, onlardan hər hansı obyektiv qərar gözləmirəm. Nə qərar qəbul edəcəklərsə, onun məsuliyyətini özləri daşıyacaqlar”.

“Repressiya cəhdidir..”

“Müsavatın saxtakar başqanını qəbul etmədiyimə görə, Divana getməyəcəyəm”. Bu sözləri APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, partiya daxilindəki narazıların yaratdığı işçi qrupun üzvü Səxavət Əlisoy deyib.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17.11.2014-cü il tarixli növbəti iclasına dəvət olunub.

Səxavət Əlisoy isə bildirib ki, qurultayın legitimliyi qəbul etmir. O, partiya Divanının heç bir siyasi anlam kəsb etmədiyini vurğulayıb: “Qurultayın legitimliyini qəbul etmirəmsə, deməli, Məclisi, Divanı və digər qurumları da qəbul etmirəm. Mənim üçün Divanın heç bir siyasi anlamı yoxdur. O Divan hansı qərarı verirsə versin, bir anlamı yoxdur. Buna görə də mən Divana getməyəcəyəm. Partiyada repressiyalara başlayıb, öz saxtakarlıqlarını ört-basdır etməyə cəhd göstərirlər. Düşünürlər ki, bəlkə bir-iki nəfəri cəzalandırmaqla, o biri şəxslər geri çəkiləcək”.

Başqanlığa sabiq namizəd Qubad İbadoğlu da APA-ya açıqlamasında Divanın bəyanatına münasibət bildirərək, bunu Müsavat rəhbərliyi tərəfindən növbəti repressiya kimi qiymətləndirib. Onun sözlərinə görə, bəyanat müsavatçıların fərdi hüquqlarına ziddir: “Müsavatın hazırkı rəhbərliyi rayonlarda da bəyanat “istehsalı” ilə məşğuldur. Bundan əvvəl də Məclis bəyanatla çıxış etmişdi. İndi də eyni məzmun, eyni çağırışlar və eyni ritorika ilə Divan bəyanat yayıb. Bu bəyanatlarda qurultayın nəticəsi, eləcə də hazırkı idarəçiliklə razılaşmayan və partiyanın gələcəyindən narahatlıq keçirərək öz fikirlərini ifadə edən şəxslərin cəzalandırılmasına çağırışlar partiyadaxili demokratiyanın inkişafını əngəlləyir, hər bir müsavatçının fərdi olaraq ifadə və söz azadlığını pozur. Bir mərkəzdən idarə edilən və demokratik idarəetməyə zidd olan belə sənədlərin kütləviləşməsi bəzi mətləblərə aydınlıq gətirdi. Birincisi, onu göstərdi ki, hazırkı rəhbərliyin idarə üsulları repressiv metodlara istiqamətlənir. İkincisi, barışıqla, qucaqlaşma ilə bağlı əvvəl səsləndirilən fikirlər səmimi olmayıb. Üçüncüsü, bu bəyanatlar birləşdirici deyil, bölüşdürücü mövqeyə xidmət edir. Bu, həm də partiya Mərkəzi Nəzarət-Təftiş Komissiyasına istənilən qərarı qəbul etmək üçün siyasi baxımdan münbit mühit yaradır”.

Q. İbadoğlu hesab edir ki, hazırkı rəhbərliyin yeganə düşüncəsi Müsavatın indiki idarəçiliyindən və gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib: “Səxavət Əlisoy, Əlövsət Talışxanlı kimi partiyanın nüfuzlu və stajlı şəxslərinin izahatlarının alınması üçün Divana çağırılması bu qəbilədəndir və Müsavat Partiyası daxilində vəziyyətin gərginləşməsinə xidmət edir. Hesab edirəm ki, hazırkı rəhbərlik bizim haqqın və ədalətin bərpası uğrunda mübarizəmizin nəticələrindən təşvişə düşüb. Onlar oktyabrın 6-da keçirilən toplantımızdan sonra noyabrın 8-də daha geniş və möhtəşəm toplantımızdan vahimələniblər. Belə görünür ki, bu bəyanatlar həmin toplantıda bizə dəstək verən partiya üzvlərinin sayının atmasından sonra aktuallaşıb. Partiya rəhbərliyi Müsavatın gələcəyindən narazı olanların çoxalmasından və bu insanların bizim ətrafımızda daha sıx birləşməsindən sonra başqa çıxış yolu tapa bilmir və yanlış qərarlar verir. Çünki mövcud vəziyyət indiki rəhbərlik tərəfindən düzgün təhlil edilmir və onların buna potensialı da çatmır. Biz noyabrın 8-də olan toplantıya bütün müsavatçılarla yanaşı, partiya başqanlığına sabiq namizədləri də dəvət etmişdik. Bundan yaxşı şans ola bilməzdi. Təəssüf ki, orada iştirak edib, partiyanın gələcəyindən narahat olanları dinləmək şanslarını dəyərləndirə bilmədilər. Bütün bunlar onu göstərir ki, onların partiyada barışığa meyli yoxdur. Başa düşmürlər ki, onların fəaliyyətindən narazı qalanlar, bir konfrans zalına yerləşməyən 150-200 nəfərlə məhdudlaşmır və sayları minlərlə, on minlərlədir. Odur ki, yeganə çıxış yolu hazırkı idarəçiliklə razılaşmayan partiya üzvlərini dinləmək və onlarla dialoq qurmaqdan keçir. Bizim əsas tələbimiz odur ki, partiya Nizamnaməyə uyğun idarə olunsun. Ancaq hazırkı rəhbərliyin yeganə düşüncəsi Müsavatın indiki idarəçiliyindən və gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib və bu yanlış yanaşma gərginliyi daha da artırır. Nə qədər gec deyil, onları bu yoldan çəkinməyə çağırıram”.