Amerikan yazıçısı Henri Toronun məşhur bir deyimi var: “Haqlıların məhkum edildiyi ölkədə bütün doğruların yeri həbsxanadır”. Bu gün biz də haqlıların sorğu-sualsız məhkum edildiyi həmin ölkədə yaşayırıq. Azərbaycan artıq çoxdan doğrulara həbsxana olmuş bir məmləkətə çevrilib. Yalan üzərində qurulmuş bu məkanda insan iztirabının həddi-hüdudu görünmür uzun illərdir. Sevgisi, ümidi, arzuları, xəyalları hər gün intihara sürüklənən insanların vətənidir bu ölkə. Zülmə, saxtakarlığa, haqsızlığa qarşı qorxmadan bağıran, canını sipər edən, olan-qalan gücünü yığıb dayananların son nəfəsini də kəsmək istəyirlər.
zorakı hakimiyyətlərinin ömrünü uzatmaq üçün. Bu gün həbsxanalarda yaşanan dəhşətlər həmin gerçəyin açıq dəlilini qoymurmu ortaya? Indi sağlamlıq durumu ən ağır halda olan vicdan məhbusu Intiqam Əliyevə yaşadılanlar nə deyir sizə? Keçən həftə tanınmış hüquqşünasın oğlu Nəcminin yaydığı xəbəri oxumusunuz. O, atasının 4 saatlıq görüşün yalnız 2 saatına davam gətirdiyini, ağrılarına dayana bilmədiyindən, söhbəti yarımçıq kəsib kameraya döndüyünü yazmışdı. Amma onun hospitala köçürülməsi ilə bağlı hələ də heç bir addım atılmayıb. Bu, qəddarlığın görünməmiş mislidir. Insanlığa sığmayan qisasçılıq və zalımlıqdır.
Şöhrətli Braziliya yazıçısı Paulo Koelo(Paulo Coelho)ÿdeyir ki: “Haqlılıq naminə haqsızlıq edənləri bağışlayıram”. Ədalət naminə “haqsızlıq” edənləri mən də böyük məmnuniyyətlə bağışlayardım. Çünki ədalət naminə edilən bir şeyin özülündə heç bir halda böyük haqsızlıq dayana bilməz. Ədalət naminə edilən hər şey məhz insanlıq naminə edildiyi üçün gözəldir. Bu gün ölkə həbsxanalarında girov saxlanan insanların boynuna qoyulan ittihamlar da təxminən o haqsızlıqlara bənzəyir. Ölkədə hüquqları tapdanmış insanları müdafiə etmiş, beynəlxalq məhkəmələrdə onlara haqlılıq qərarı çıxarılmasına nail olmuş, bu ağır, stressli işlərin içində əsəblərini, sağlamlığını itirmiş Intiqam bəy kimi şəxslərə oxunan ittihamlar nə qədər gülünc görünür, deyilmi? Ya bənzər maddələrlə yatan o biri siyasi məhbuslarımız? Onlar, doğrudanmı, bu zülmü haqq edəcək dərəcədə haqsızdırlar? Seymur Həzinin “xuliqanlığı” bu ölkə üçün daşıdığı dəyərdən daha önə çıxırdımı? Ya Anar Məmmədlinin “qanunsuz sahibkarlığı”, “vergidən yayınması”, ölkə üçün ölüm-dirim məsələsi sayılan seçki həqiqətlərinə göz yummasından daha böyük günah idimi? Hər kəsin adını bənzər müqayisə aparmaqla bircə-bircə sadalaya bilərik məlum siyahı üzrə. Çünki o insanların hamısı eyni “cinayət”in cəzasını yaşayırlar əslində – haqlılıq naminə etdikləri “haqsızlıq”ların cəzasını.
Bu fikir də ünlü türk şairi Tofiq Fikrətindir: “Haqsızlıq edən başları bir gün qoparırlar”. Üsyankar şeirlər müəllifi bu deyimi ilə sözün əsl mənasında zalımlıqda ad çıxarmış, fironlaşmış, yolunu azmış, özünü məğlubedilməz sayan hökm sahiblərini nəzərdə tuturdu. Yaxın tarixdə neçə-neçə belə “böyük” başların qoparıldığına gözlərimizlə şahid olduq. Doğrudur, zaman bizim çəkdiklərimizi hesablamır, rahatca öz axarında gedir. Amma mütləq anlamda haqqın öz yerini alacağı sonluğa gedib çıxır. O sonluqda haqsızlıq edən başların qoparılması mütləq həqiqətdir. Bu, təkcə filmlərdə gördüyümüz xəyali sonluq deyil. Elə həyatın özündə də əsl gerçək belədir.