Gürcüstanda baş verənlər Rusiyanın ssenarisidir

Ekspert hesab edir ki, Qərb Qafqazdakı prosesləri ciddi nəzarətdə saxlamalıdır

Qonşu Gürcüstanda baş verən hadisələr hələ də xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Belə ki, son günlərÿ3 nazir və bir neçə nazir müavini istefa verdi. Daha sonra bu ölkənin NATO-dakı səfiri də vəzifəsindən uzaqlaşdırıldı. Indi hökumət komandasında bu proses davam edir. Hökumət istefaya göndərilən nazirləri xəyanətkar adlandırıb və bunun bütövlükdə ölkə üçün faydalı olduğunu açıqlayıb. Hadisələrdən narahat olan Qərb isə, öz nöbvəsində, Gürcüstanı Avroatlantik gələcəkdən dönməməyə çağırıb. 

Bəzi ekspertlər hesab edir ki, Gürcüstanda baş verən olaylar Rusiyanın ssenarisi əsasında həyata keçirilir və Gürcüstanın Avroatlantik məkandan kənarlaşdırılması məqsədi daşıyır.

Hakim koalisiyadan ayrılan qüvvələr Gürcüstanın Avroatlantik inteqrasiyası ilə bağlı həyəcan təbili çalır. Bir sıra Avropa və Amerika rəsmisi də çox bədbin proqnozlar verir. Məsəl üçün, Isveçin keçmiş xarici işlər naziri Karl Bildt bəyan edib ki, ölkə çox təhlükəli dönəmə girir. Bir avropalı diplomat hətta bununla bağlı “Rusiyanın görünməz əli” ifadəsini işlədib. ABŞ Dövlət Departamenti rəsmi Tiflisi “Avroatlantik gələcək”dən dönməməyə çağırıb.ÿ

Baş verənlərə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də reaksiya verib. Bildirib ki, hazırda ölkəsi siyasi ofşordon idarə olunur: “Ivanişvili devriləcək. Məqsədimiz odur ki, qaçılmaz olan bu proses nəticəsində Rusiya Gürcüstana əllərini uzadıb, ölkənin suverenliyini məhv etməsin. Yaxud Gürcüstanda Ukraynada baş verən hadisələr təkrarlanmasın. Lakin ölkə konstitusion sistemdən çıxıb və ofşordan idarə edilir. Bütün qərarları bir adam qəbul edir və o heç nəyə görə cavab vermir” – deyə Saakaşvili bildirib.

Bəzi ekspertlər hesab edir ki, Gürcüstanda baş verənlərin Azərbaycana da müəyyən təsirləri olacaq. Xüsusilə qlobal enerji layihələrənin gələcək taleyilə bağlı müəyyən ziddiyyətlərin meydana çıxa biləcəyi ehtimal olunur. Qeyd olunur ki, Gürcüstanın Rusiyadan asılılığının artması Azərbaycan üçün son dərəcə ciddi milli maraqlar məsələsinə çevrilə bilər.

Siyasi ekspertlər biri hesab edir ki, Rusiya Gürcüstanda çaxnaşma yaratmaq istəsə də, əsgəri baxımdan aktiv siyasət yeridə bilməyəcək: “Bu gün Rusiyanın bütün enerjisi Ukrayna məsələsinə yönəlib və Qərbin sanksiyaları ciddi problemə çevrilib. Vəziyyət də onu göstərir ki, Qərb Ukrayna məsələsində prinsipialdı və sona qədər Rusiyaya qarşı mövqe tutacaq. Lakin, Rusiya Azərbaycanı, Gürcüstanı və Ermənistanı birmənalı şəkildə öz təsirinə salmaq istəyir. Hazırda Rusiya çətin vəziyyətdə olduğuna görə Azərbaycanla mülayim siyasət qurur, Ermənistandakı mövcud rejimi dəstəkləyir. Eyni zamanda, Gürcüstanı laxlatmaq istəyir və Saakaşvili tərəfdarlarının sıradan çıxarılmasına diqqət yönəldir. Ancaq, indiki reallıqda Rusiya Gürcüstana bu qədər zərbə vura bilər. Yəni, Gürcüstana müharibə elan etmək, silahlı qarşıdurma yaratmaq hələ ki, inandırıcı görünmür.  Sadəcə olaraq, Qərb vəziyyəti nəzarətdə saxlamalıdır və Qafqazda siyasətini gücləndirməlidir” – deyə politoloq bildirdi.

Akif