“Human Rights Watch” rəsmi Bakı ilə sərt danışmağa çağırır
Georgi Qogia: “İlham Əliyevi dinləyəndə sarsıldım və dostlarım üçün qorxdum…”
Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi başa çatır. “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının tədqiqatçısı, Cənubi Qafqazda insan haqları məsələləri üzrə ekspert Georgi Qogia bu aspektdən Azərbaycandakı vəziyyəti təhlil edib. O yazır:
“Şişirtmədən demək olar ki, bu dövrdə Azərbaycanda Avropa Şurasına, onun söykəndiyi dəyərlərə hücum baş verdi.
Azərbaycan rəhbərliyi uca səslə gənclər siyasətindən danışdı, ancaq ölkədə gənc fəalları həbsə atdı; Avropa Insan Hüquqları Məhkəməsi barədə yüksək səviyyəli konfransa ev sahibliyi etdi, eyni zamanda, ölkənin aparıcı hüquqşünası saxta vergi ittihamları ilə həbs olundu; Azərbaycan müxalifət fəalının siyasi motivli ittihamlarla həbs olunmasına dair çıxarılmış məhkəmə qərarını da yerinə yetirmədi.
Prezident Ilham Əliyev iyunda Strasburqda AŞ PA-nın iclasında danışanda peşman görünmürdü. O, ölkədə insan haqları sahəsində hansısa problemi etiraf etmədi və onu tənqid edən hər kəsə yalançı dedi. Dinləyəndə sarsıldım, ölkədə və kənarda onu tənqid edən həmkar və dostlarım üçün qorxdum. Ən çox qorxduğum baş verdi: assambleyaya gəlib Azərbaycanda dəhşətli insan haqları pozuntularını ictimailəşdirən həmkarlarım indi ya həbsxanada əziyyət çəkir, ya gizlənir, ya da təqibdən qorxaraq ölkəni tərk edib.
Şuraya altı aylıq sədrliyi dövründə Azərbaycan təzyiqləri gücləndirdi, azı 11 nəfər saxlanıldı, azı 9 nəfər siyasi motivli ittihamlarla, qüsurlu məhkəmə prosesləri ilə müxtəlif cəzalar aldı”.
Müəllif həmçinin hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov və Intiqam Əliyevin saxta ittihamlarla saxlandığını qeyd edir. Qogia yazır ki, hakimiyyətin QHT-lərə dair məhdudlaşdırıcı qanunvericilik dəyişikliklərində məqsəd müstəqil qrupları susdurmaq üçün beynəlxalq maliyyəni kəsməkdir.
Georgi Qogia yazını belə tamamlayır:
“Sədrliyi dövründə Azərbaycan hökuməti ölkədə və Avropa Şurasında insan haqları böhranı yaradıb. Bu, Avropada öncül insan haqları təşkilatı olan Şuranı sınağa çəkib. Avropa Şurasının rəhbərliyi Bakının davranışını ən güclü ifadələrlə pisləməli və aydın şəkildə bildirməlidir ki, siyasi motivlərlə həbs olunanlar buraxılana və təzyiqlər bitənədək işlər axarı ilə getməyəcək”.



