Ölkədə 2,5-3 milyarda yaxın elektrik enerjisi itkiyə gedir
Bu ilin yanvar-sentyabr aylarında 17113,6 milyon kilovatsaat (kVt saat) elektrik enerjisi istehsal olunub. Bunun 94,1 milyon kVt saatı idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak 14473,1, itkilər 2322,6 milyon, ixrac 412,0 kVt saat olub. Ötən ildə isə ümumilikdə 21,5 milyard kilovatsatt elektrik enerjisi istehsal olunub. Bunun təqribən 2,5-3 milyarda yaxını nəqletmədə və paylayıcı şəbəkədə itib, yəni texniki itkiyə gedib.
Mütəxəssislərin fikrincə, hazırda 1 kilovat əhaliyə 6 qəpiyə satılır. Bunun baha olması yalnız itkilərlə və vergilərlə bağlıdır. Belə ki, ölkə daxilində əlavə dəyər vergisi əlavə olunduğunda qiymətlə nisbətən bahalaşır. Hər halda ölkə ərazisində istehsal olunan elektrik enerjisinin qiyməti daxili resurslar hesabına tənzimlənməsi faydalı olar.
Ölkədə elektrik enerjisi ilə təchizatın etibarlığının və keyfiyyətinin artırılması, o cümlədən iqtisadi səmərəliliyin əldə olunması məqsədi ilə yüksək gərginlikli elektrik veriliş xətləri şəbəkəsinin idarə olunmasının və istismarının təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən sistemin yaradılması və ötürücü sektorun reabilitasiyası mühüm vəzifələrdəndir.
Ekspert İlham Şaban ANS PRESS-ə deyib ki, 2005-ci ildən indiyədək Azərbaycanda elektrik enerjisi təsərrüfatına 4 milyard manata yaxın vəsait qoyulub, yeni stansiyalar tikilib. Hesabat verilib ki, tikilən stansiyalar beynəlxalq standartlara cavab verir. Ancaq çox maraqlıdır ki, Avropada SES-lər 180-200 qram şərti yanacaq işlədir, amma Azərbaycanda 280-300 qram işlənilir. Bu isə elektrikl enerjisinin maya dəyərinin 1,5 dəfə artmasına gətirib çıxarır. İndi Azərbaycanda elektrik enerjisinin qiyməti Ukraynadan da bahadır. Ümumiyyətlə, MDB dövlətlərində elekrik enerjisinin maya dəyərinə baxsaq görərik ki, idxal ölkəsi olan Belarusla da müqayisə olunmuruq.
Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin topdansatış qiyməti təqribən 3,1 qəpik, yəni 4 sentdir. Bu, region ölkələri ilə müqayisədə böyük rəqəmdir: “Bakı ilə Mingəçevirin arası 300 kilometrdir, yəni elektrik xətti 300 kilomert məsafdən gəlir. Təbii ki, bu məsafədə naqillərin qızması baş verir və bu da itkiyə səbəb olur. Ümumiyyətlə, xətt nə qədər yaxın olsa, elektrik enerjisi istehlakçıya nə qədər yaxın məsafədən çatdırılarsa, bu, o qədər yaxşıdır. Yəni bütün bunlar nəzərə alınsa, bu, əhaliyə satılan elektrik enerjisinin qiymətinə təsir göstərər.”
İqtisadçı alim Oqtay Haqverdiyev bildirib ki, Azərbaycanda əsasən elektrik enerjisi paylayıcı şəbəkələrdə itir. Müxtəlif illərdə bu faiz 17-20% təşkil edib. Hazırda bu rəqəm təxminəm 10-12 faizdir. Bu rəqəmin minimum nə qədər olması isə açıq qalan məsələdir.
O xatırladıb ki, Sovet dövründə itki ilə bağlı maksimum nəticə 2,5 fazi təşkil edirdi. İnkişaf etmiş Avropa ölkələrində isə itkiyə gedən enerji 1 faizdən çox deyil. Orada elektrik enerjisi müasir kompyuter sistemi ilə idarə olunduğundan itki az olur.
“Azərenerji” Səhmdar Cəmiyyəti elektrik enerjisi sistemində müasir dispetçer idarəetmə sisteminin (SCADA/EMS), o cümlədən optik-lifli xətlərlə müasir rabitə sisteminin yaradılması, yarımstansiyalarda və elektrik stansiyalarında texnoloji məlumatların toplanması və emal edilməsi üçün terminalların və sürətli kompüter texnikasının quraşdırılması, əsas mərkəzi dispetçer idarəsinin yenidən qurulması və ehtiyat dispetçer idarəsinin yaradılması istiqamətində ciddi iş aparır. Paytaxtda və regionlarda modul tipli yeni stansiyaların quraşdırılması prosesi davam edir.


