Işçi Qrupa cəmiyyətdə niyə etimad yoxdur?

«Oradakı insanların bəziləri lap irəli gedərək, siyasi və vicdan məhbuslarına böhtan atırlar»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bir müddət öncə mətbuat vasitəsilə Insan Haqları üzrə Birgə Qrupa (IHBQ) etimadsızlığını ifadə etdi. Ondan əvvəl də bir qrup başqa vicdan məhbusları hökumət nümayəndələri və QHT rəhbərlərindən ibarət bu Işçi Qrupun obyektiv fəaliyyətinə inanmadıqlarını bəyan etmişdilər.

Hüquq müdafiəçisi Samir Kazımlı durumu təhlil edərək, cəmiyyətdə Işçi Qrupa olan etimadsızlığın səbəblərinə aydınlıq gətirib:

1. Bu qrup siyasi və vicdan məhbuslarının problemləri (işi) ilə məşğul olan şəxslərin (hüquq müdafiəçilərinin, könüllü fəalların) hamısı ilə müzakirə edilmədən, qapalı şəkildə və demək olar ki, köhnə tərkibdə (bir neçə şəxs istisna olmaqla) formalaşıb, ora rəhbərlik seçilib. Nəzərə almaq lazımdır ki, indi 2005-2009-cu illər yox, 2014-cü ildir. Zamanla uyğunluq da pozulub;

2. Qrupda təmsil olunan şəxlərin bir neçəsi istisna olmaqla (onların bəziləri də vahid siyasi məhbus siyahısını dəstəkləmir), yerdə qalanları ölkədə siyasi məhbus olmadığını deyir. Eyni zamanda, oradakı insanların bəziləri lap irəli gedərək, siyasi və vicdan məhbuslarına böhtanlar da atırlar. Belə düşünən adamlarla siyasi məhbus məsələsini necə müzakirə etmək olar?

3. Qrupda olanların 90 faizi siyasi məhbuslar tərəfindən ədalətli, müstəqil şəxslər hesab edilmirlər, artıq bir neçə vicdan məhbusu onların müdafiəsindən imtina etmələri barədə bəyanat yayıb. Belə olan halda, qrupda təmsil olunanlar kimin, hansı siyasi və vicdan məhbusunun müdafiəsi ilə məşğul olacaqlar?

4. Avqust ayında Avropa Şurasının Baş katibi Torbörn Yaqland Azərbaycan prezidenti Ilham Əliyevə zəng edib, Işçi Qrup barədə razılıq əldə edəndə, məqsədi ölkədəki siyasi repressiyaları dayandırmaq, siyasi məhbusların azadlığa buraxılması idi. Yəni, siyasi məhbus məsələsinə görə belə bir təşəbbüs göstərmişdi. Amma Birgə Qrupun üzvləri siyasi məhbus yox, ümumilikdə insan haqları məsələsinin müzakirəsi ilə məşğul olacaqlarını bildirirlər. Məsələn, sabah bu qrupun üzvləri ATV-də Xoşqədəm xanımın verilişinə çıxıb, əri tərəfindən döyülmüş qadının hüqularının pozulmasından da danışa bilər. Bir sözlə, siyasi məhbus məsələsindən başqa digər məsələlərdən danışa bilərlər. Çünki oradakı adamların çoxu ölkədə siyasi məhbusların olmasını qəbul etmir. Bu mənada, belə bir Işçi Qrupun formalaşması ilə cənab Yaqlandın təşəbbüsünü baş tutmamış hesab etmək olar;

5. Qrupda olan şəxslərin heç biri gənc və çoxu çevik deyillər, qrupda gənclər təmsil olunmur;

6. Qrupda təmsil olunan şəxslərin çoxuna cəmiyyətdə etimad, inam azdır;

7. Bir neçə nəfər istisna olmaqla, qrup siyasi məhbus problemlərilə real məşğul olmayanlardan ibarətdir;

8. Orada təmsil olunan QHT nümayəndələrinin çoxu Ədliyyə naziri yanında Penitensiar Xidmətə Ictimai Nəzarət Komitəsinin də üzvüdür. Həmin komitənin fəaliyyəti isə ürəkaçan olmayıb. Bu da onu deməyə əsas verir ki, onların Birgə Qrupdakı fəaliyyətindən də müsbət nəticə gözləməyə dəyməz;

9. Birgə Qrupda öz bilikləri ilə imtahan verib, Vəkillər Kollegiyasına üzv seçilən, siyasi və vicdan məhbusların hüquqlarının müdafiəsində yaxından (bəzən təmənnasız) iştirak edən hüquqşünasların iştirakına razılıq verilmir, amma demokratik, azad və ədalətli keçirilmədiyi hesab edilən seçkilərdə deputat (Çingiz Qənizadə, Əli Hüseynli, Səməd Seyidov) təyin edilənlərin iştirakına imkan yaradılır;

10. Insan haqları üzrə QHT-nin rəhbəri, bir neçə siyasi və vicdan məhbusunun vəkili, 98 nəfərlik vahid siyasi məhbus siyahısını hazırlayan və dəstəkləyən Işçı Qrupun üzvü olan Əsabəli Mustafayevin bu qrupda iştirakını qəbul etmirlər. Hesab edirlər ki, o, vəkil olduğu üçün iştirak edə bilməz. Əgər belə idisə, QHT sədri olmaqla yanaşı, vəkillik fəaliyyəti göstərən Iradə Cavadova məhbusların problemləri ilə maraqlanmalı olan Penitensiar Xidmətə Ictimai Nəzarət Komitəsinə niyə üzv olmuşdu? Hörmətli Iradə xanımı ona görə misal gətirdim ki, məhbusların işləri ilə bağlı məşğul olan qrupda “vəkillər olmaz” kimi fikirlər deyənlər bəhanələrdən uzaq olsunlar. Penitensiar Xidmətə Ictimai Nəzarət Komitəsində vəkil ola bilir, Birgə Qrupda yox? Digər tərəfdən, belə şəxslər vəkilliklə yanaşı, hüquq müdafiəçiliyi ilə də məşğul olurlar axı;

11. AŞ PA-nın yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması ispaniyalı deputat Pedro Aqramunta həvalə edilib. O həm də AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisidir. Yəni AŞPA hesab edir ki, Azərbaycanda siyasi məhbus var və Pedro müəllim də bununla bağlı məruzə hazırlamalıdır. Ehtimallara görə, Birgə Qrupun yaradılmasına razılıq verilməsi və yaradılması, gələcəkdə AŞ PA üçün siyasi məhbuslar üzrə məruzənin hazırlanmasının qarşısını almaq və siyasi məhbuslar üzrə məruzəçi məsələsini birdəfəlik qapatmaq məqsədi güdür. Normalda ya siyasi məhbuslar üzrə məruzəçi, ya da ki, Işçi Qrup olmalıdır. Çox güman ki, ölkədə siyasi məhbus problemi belə qalacağı halda, AŞ PA-nın qış sessiyasında Azərbaycan siyasi məhbuslara görə tənqid ediləcək və siyasi məhbuslar üzrə məruzənin hazırlanması üçün xüsusi məruzəçi təyin olunacaq. Bu da hakimiyyəti narahat edir. Qeyd edim ki, bu məsələ hökumətə yaxın hesab edilən Pedro Aqramunta müvəqqəti tapşırılıb.

***

Samir Kazımlı Birgə Qrupun fəaliyyətilə bağlı təkliflərini də sadalayır:

1. Əgər Birgə Qrup doğrudan da siyasi məhbus probleminin həlli istiqamətində çalışmaq istəyirsə, onda hazırkı qrup buraxılmalı və müstəqil hüquq müdafiəçiləri, o cümlədən 98 nəfərlik vahid siyasi məhbus siyahısını hazırlayan Işçi Qrupun üzvləri təmsil olunmaqla, yenidən formalaşmalıdır;

2. Yeni formalaşacaq Birgə Qrupda təmsil olunan hakimiyyət nümayəndələri, hakimiyyətə yaxın QHT təmsilçiləri siyasi və vicdan məhbuslarına “cinayətkar” deməkdən çəkinməli, onlara böhtan atmamalıdır. Yaxşı olardı ki, onlar bu günə kimi işlətdikləri bu kimi ifadələrdən imtina etsinlər. Həmçinin siyasi məhbusların vahid siyahısını qəbul etməsələr də, o siyahıya qarşı danışmamalı, siyahını tərtib edənlərin mövqelərinə dözümlü yanaşmalıdırlar. Belə olan halda, onlarla bir masa arxasında əyləşib, siyasi məhbus məsələsini müzakirə etmək olar;

3. Əgər Birgə Qrupda ittiham tərəfi – Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının nümayəndələri təmsil olunursa, o zaman müdafiə tərəfi kimi, bir neçə siyasi məhbusun hüquqlarını müdafiə edən vəkillər niyə orada təmsil olunmamalıdır? Əgər vəkillərin Birgə Qrupa üzv yox, sadəcə təklif, sübut verən və dinləyici kimi qəbuluna razılıq verilirsə, onda Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının nümayəndələri də orada vəkillərlə eyni statusda təmsil olunmalıdır. Hakimiyyət nümayəndəsi kimi yalnız Prezident Administrasiyasının nümayəndəsi təmsil olunsun;

4. Qrupun həmsədrinin biri hakimiyyət, digərləri isə müstəqil QHT nümayəndəsi olsun. Xüsusi hallar istisna olmaqla, qrupun iclasları mətbuat üçün açıq olsun;

5. Əgər Birgə Qrupu yaratmaq xoş niyyətdən irəli gəlirsə, bu xoş niyyəti sivil dünyaya nümayiş etdirməkdən ibarətdirsə, onda tərkibinə başqa beynəlxalq təşkilatların nümayəndələri də daxil edilsin. Çünki Azərbaycan insan haqları ilə bağlı təkcə Avropa Şurasının qarşısında öhdəlik götürməyib. Buna görə də Birgə Qrupda təkcə Avropa Şurasının nümayəndəsi olmamalıdır, ora BMT-nin, ATƏT-in, Avropa Birliyinin (Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına qoşulub) nümayəndələri də dəvət edilməlidir.