Rublun ucuzlaşması manata da təsir edir

Azərbaycanın valyuta ehtiyatları iki aya 340 milyon azalıb

Ekspertlər Mərkəzi Bankın manatı saxlamağa yönəltdiyi siyasəti yanlış sayır

Dolların qlobal bazarda güclənməsi Rusiyanın milli valyutasını sürətlə dəyərsizləşdirib. Hər gün rubl öz tarixi göstəricisini yeniləyir. Birjalarda ABŞ pulunun sentyabr ayından bəri ən yüksək səviyyəyə qalxması müşahidə edilirdi. Analitiklər proseslərə 3 amilin təsir göstərdiyini bildirirlər (“Bizim yol”).

Birincisi, Ukraynada silahlı qarşıdurmaların təkrar başlaması rublun məzənnəsinə sərt təpkilər yaradıb. Artıq il başlayandan bəri rublun dollara nisbətən dəyəri, dünyanın 30-a yaxın valyutası ilə müqayisədə 40 faiz ucuzlaşıb. “Bloomberg” Agentliyinin yazdığına görə, Rusiyanın Mərkəzi Bankı pulun dəyərini sabitləşdirmək üçün təkcə oktyabr ayında 30 milyard dollar istifadə edib. Artıq Mərkəzi Bank məhdudiyyət tətbiq edib. Belə ki, valyuta səbətində intervensiya üçün günə maksimum 350 milyon dollar xərclənməsi qərara alınıb. Qərara görə, vəsait valyuta səbətində gündəlik 5 sentin alınmasına qədər yönəldiləcək. Bahalaşmanın qalan hissəsi isə “üzən məzənnə”yə, yəni sərbəst buraxılıb. Artıq Rusiyanın beynəlxalq rezervləri 24-31 oktyabr tarixinə görə 10,5 milyard dollar azalaraq 428,6 milyard dollara qədər düşüb.

Dollar güclənir

Mərkəzi Bankın sədr müavini Kseniya Yudayeva bildirib ki, ilin sonunda stabilliyin yaranması gözlənilir. Dolların bahalaşmasına təsir göstərən ikinci amil isə Avropa Mərkəzi Bankının sədri Mario Draghinin avro ilə bağlı daha çox yumşalma siyasəti həyata keçirəcəkləri barədə açıqlaması olub. Bu açıqlamadan sonra avro dollara nisbətən son iki ilin ən aşağı səviyyəsinə düşüb. Beynəlxalq valyuta səbətində dolların güclənməsinə təsir göstərən üçüncü amil isə Cənub Afrika Respublikasının kredit notlarının kəskin aşağı düşməsi olub. Bu prosesdən sonra CAR-ın milli valyutası rand son 5 həftədə ən aşağı səviyyəyə enib. 

Azərbaycan rezervlərinə təsir

Artıq neçə gündür ki, dollar indeksinin 2008-ci il qlobal maliyyə böhranından sonra ən yüksək həddi qeydə alınıb. Artıq ilin əvvəlindən dolların bahalaşmasının Azərbaycan rezervlərinə də təsiri müşahidə edilməkdədir.

Iqtisadçı-ekspert Samir Əliyevin bildirdiyinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb: “Azalma beynəlxalq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi 17,783 milyard dollardan 17,443 milyard dollara düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə 233,19 milyon dollardan 238,29 milyon dollara düşüb.

Güman ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dolların isə digər valyutalara nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsir göstərəcək”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, rəsmi valyuta ehtiyatlarında azalma iyul ayından, beynəlxalq ehtiyatlarda isə (rəsmi valyuta ehtiyatı+qiymətli kağızlar+qızıl) avqust ayından etibarən müşahidə olunmağa başlayıb.

Göründüyü kimi, AMB-nin ümumi rezervlərində sentyabr ayı üzrə 340 milyon dollar azalma müşahidə edilir. Valyuta rezervlərinin oktyabr ayı üzrə 9 milyon dollar azalması ümumi xarici valyuta ehtiyatlarının həcminin sözügedən ay üzrə də aşağı düşəcəyini ehtimal etməyə əsas verir. Çünki dünya birjasında eyni zamanda qızılın qiymətində də ucuzlaşma müşahidə edilməkdədir.

Azərbaycanda hər gün bazara əlavə dollar buraxılır

Iqtisadi və Sosial Inkişaf Mərkəzinin eksperti Rəşad Həsənova görə, azalma dolların məzənnəsində yaşanan sürətli artımın nəticəsidir: “Mərkəzi Bankın yürütdüyü pul siyasəti manatın sabit saxlanmasına yönəlib. Bunun üçün məcburdur ki, bazara əlavə dollar buraxsın”.

Iqtisadçının sözlərinə görə, azalmanın digər səbəbi ixracımızın 95 faizə yaxınını neft və neft məhsullarının təşkil etməsidir. Onu da nəzərə almaq lazımdır ki, ABŞ Federal Ehtiyat Sistemi dolların məzənnəsini möhkəmləndirmək üçün bazarlara isti pul axınını dayandırdı. Gələn il də ABŞ hökuməti dolların kursunu möhkəmləndirmək siyasətini həyata keçirəcək. Əgər hökumət siyasətini dəyişməzsə, Mərkəzi Bankın ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması gözlənilir. “Hökumətin həyata keçirdiyi siyasət, əsasən, ondan ibarətdir ki, ölkə daxilində bahalaşmanın qarşısını alsın. Qeyri-neft sektorunda istehsal yalnız daxili bazara yönəlib. Bu sektorda ixracımız çox aşağıdır. Manat ucuzlaşarsa, bu, idxal etdiyimiz məhsullarda böyük qiymət artımına gətirib çıxaracaq. Hökumət inflyasiyanın qarşısını almaq istəyir. Nə qədər ki, qeyri-neft sektorunun ixracda həcmi artmayacaq, Mərkəzi Bank da bu siyasəti həyata keçirəcək. Yoxsa mövcud vəziyyətdə manatın sabit saxlanmasına ehtiyac var”, -deyə R.Həsənov vurğuladı.

Mərkəzi Bankın manat siyasəti doğru deyil

Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev isə bildirdi ki, iqtisadi prinsiplərlə yanaşdıqda AMB-nin manatla bağlı siyasəti doğru deyil: “Son 4-5 ildə də manatın dollara nisbətən məzənnəsi üstün olaraq qalır. Belə saxlamaq üçün Mərkəzi Bank sərt pul siyasətini aparır, yəni valyuta bazarında intervesiya edərək, manatı alır. Ona görə də ehtiyatlarda azalma var.ÿ

Iqtisadi baxımdan götürdükdə, Mərkəzi Bankın sabit məzənnəsi siyasət aparması düzgün deyil. Milli valyuta müəyyən qədər sərbəst buraxılmalıdır. Amma sosial baxımdan buna məcburdur. Ölkə əhalisinin əksər hissəsinin həyat səviyyəsi yüksək olmadığına görə liberallaşdırılmış valyuta siyasəti həyata keçirə bilmirlər”.

Xəyal