Noyabrın 8-də Vətəndah Həmrəyliyi Partiyasının (VHP) qərargahında şair-publisist Elnur Astanbəylinin “Oktyabra məktublar” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan kitabın redaktoru Mövlud Mövlud bildirib ki, bu, müəllifin 2012-ci ildə nəşr edilən “Almadan küsən” şeirlər kitabından sonra oxucularla ikinci görüşüdür.
Daha sonra söz çıxışçılara verilib. Tanınmış iqtisadçı Qubad Ibadoğlu E.Astanbəylini publisist kimi yüksək dəyərləndirdiyini, onun şair kimi yaradıcılığı ilə tanışlığının yeni kitabından başladığını deyib. O əmin olduğunu bildirib ki, müəllif publisistikasında olduğu kimi şeir yaradıcılığında da uğurlara imza atacaq.
Vurğun Əyyub E.Astanbəylini sözə həssas yazarlardan biri adlandıraraq deyib: “Bununla belə, Elnur bəyin yazılarında dillə bağlı xətalara da rast gəlmək olur. Belə xətalar ağ köynəyə düşmüş qara ləkə kimidir, dərhal gözə çarpır. Elələri var ki, yaradıcılığı başdan-ayağa belə xətalar üzərində qurulub. Elnur Astanbəylidə isə bu cür rastlantılar azdır deyə diqqətdən yayınmır. Mən inanıram ki, zaman keçdikcə onun sözə həssaslığı daha da artacaq”.
Milli Şuranın sədri, professor Cəmil Həsənli E.Astanbəylinin publisistikasının son illərin Azərbaycanında ən mühüm hadisələrdən biri adlandırıb: “Sevindirici haldır ki, indi onun şeirlərində də eyni ictimai narahatlıq hiss olunur. Azərbaycan kimi demokratiya sarıdan əziyyət çəkən ölkələrdə ədəbiyyat cəmiyyət üçün nəfəslik rolunu oynayır, insanları doğru yöndə istiqamətləndirir. Elnur bəyin ədəbiyyatın belə bir tarixi-ictimai missiyasını dərindən dərk etməsi, tanış olduğum əksər şeirlərində bu missiyanı daşımağa çalışması təqdirəlayiqdir. Bizim son 30 ildə başımıza gələnlər kiçik istisnalarla ədəbi əsərlərdə ifadəsini tapmayıb. Əlbəttə, tövsiyə ilə bədii əsər yarana bilməz, ona görə də mən ancaq arzu edə bilərəm ki, bizim şair-yazıçılarımız bu dövrü yaradıcılıqlarında sanballı şəkildə əks etdirə bilsinlər”.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı da Elnur Astanbəylini publisistik yazılar müəllifi kimi tanıdığını deyib: “Bu kitabdan sonra mən onu bir şair kimi kəşf etdim. ”Oktyabra məktublar” kitabındakı şeirlərdə onun özünəməxsus poetik baxışları aydın hiss olunur”. S. Rüstəmxanlı 200 ilə yaxın bir müddətdir Azərbaycanın milli azadlıq mücadiləsində poeziya və publisistikanın bərabər addımladığını, bizim böyük şairlər kimi tanıdığımız Sabirin, Hadinin eyni zamanda əvəzsiz publisistlər olduğunu, son 25 ildə şeirin və publisistikanın Azərbaycanın ağrılarını ifadə etməkdə, onu demokratik ideallara qovuşdurmaqda yenə yanaşı irəlilədiyini deyərək əlavə edib: “Bu mənada Elnurun da həm şair, həm publisist kimi çıxış etməsi simvolikdir. Mən gənc dostuma uğurlar diləyir, bundan sonra xüsusilə yaşlı ədəbi nəslin nümayəndələrinə qarşı münasibətdə ədalətli olmağı arzu edirəm”.
Tanınmış vəkil Aslan Ismayılov vaxtilə E.Astanbəylinin tənqidi yazısına tuş gəldiyini, bu tənqidin xoşməramlı olmadığını düşünərək kəskin cavab yazısı hazırladığını deyib: “Amma elə həmin ərəfədə mən onun qızına yazdığı məşhur məktubu oxudum, bu yazı məni möhkəm tutdu, çünki, orada Elnurun ruh halını gördüm, onu daxilən tanıdım və cavab yazısını çap etdirmədim. Indi onun şeirlərini oxuduqda da bir daha əmin olursan ki, bu cavan dostumuz ilk baxışda bəzi tənqidi yazılarından göründüyü kimi, qarşısındakını bilərəkdən incidəcək qəlbin sahibi deyil, tamamilə fərqli bir ruha sahibdir”.
Publisist Xaliq Bahadır E.Astanbəylini yeni kitabı münasibəti ilə təbrik etdikdən sonra qələm adamının əqidəsinə, yüksək ideallara sadiqliyinin önəmindən danışaraq, “sabah görsəniz mən, yaxud başqa biri dönüklüklə məşğuldur, əsla nə vaxtsa göstərdiyi xidmətlərinə görə onu bağışlamayın” deyə bildirib.
Yazıçı Azad Qaradərəli E. Astanbəylinin şeirlərini də ən azı publisistikası qədər yüksək qiymətləndirdiyini deyib: “Amma təəssüf ki, köşə yazılarından fərqli olaraq, Elnur bəy şeirlərini oxucularla çox xəsisliklə bölüşür. Arzu edirəm ki, bundan sonra biz onun imzası ilə şair kimi daha çox rastlaşaq”.
Şair Zahir Əzəmət “Oktyabra məktublar” kitabındakı şeirləri maraqla oxuduğunu deyib. Vəkil Xalid Bağırov kitabdakı tarixinə görə ən köhnə şeirlə ən son yazılan şeiri oxuyub və bu iki şeir arasından keçən 20 ilin poetik ifadəsinin müqayisəsindən mənəvi durumumuzun ürəkaçan olmadığı, həmin 20 ildə dəyişən heç nə olmadığı qənaətinə gələ biləcəyimizi söyləyib.
Digər çıxışçılar – şair Elnaz Eyvazlı, tanınmış hüquqşünas Mahmud Hacıyev, oxucu Sahib bəy müəllifi yeni kitabı münasibəti ilə təbrik edərək uğurlar arzulayıblar.
Sonda E.Astanbəyli təqdimat mərasiminin iştirakçılarına yeni kitabını imzalayıb.
Qeyd edək ki, “Oktyabra məktublar”ı hələlik şəhərimizin ancaq bir kitab mağazasından – “KitaBaz”dan (Ünvan: Əlövsət Quliyev küçəsi 72, Mərkəzi Univermağın yaxınlığı, əlaqə nömrələri: 055-576-68-63; 055-725-51-23; 055-576-14-92) əldə etmək olar.