Absurd bir iddia üzrə məhkəmə keçirməyə hakimi nə vadar edir?
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı təqib və təzyiqlərin tərkib hissəsi olan məhkəmə prosesi davam edir. Söhbət Gültəkin xanımın keçmiş baldızı, insan alveri cinayətinə görə məsuliyyətə cəlb olunmuş Aynur Mehdiyevanın xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesindən gedir. Bu iş üzrə məhkəmə prosesi hakim Sərdar Mehrəliyevin sədrliyilə keçirilir.
Dünənki məhkəmə iclasında Gültəkin Hacıbəyli hakim Sərdar Mehrəliyevə etiraz verib. Gültəkin xanım etirazını hakimin bugünədək keçirilən məhkəmə iclaslarında Cinayət Prosessual Məcəlləsinin tələblərini dəfələrlə pozması, bu işə xitam verilməsi haqda onun və vəkillərinin vəsatətlərinə münasibət bildirməməsilə əsaslandırıb. Qeyd edib ki, qanunvericiliyin tələblərinə görə, hakim belə vəsatətlərə dərhal, özü də müşavirə otağında baxaraq, qərarı elan etməlidir. Gültəkin Hacıbəyli bildirib ki, Sərdar Mehrəliyev xüsusi ittihamçı Aynur Mehdiyevanın ona və vəkillərinə qarşı təhqiramiz davranışına şərait yaradır, bu cür halların qarşısını almağa cəhd də göstərmir. Həmçinin xüsusi ittihamçının dəfələrlə yalan ifadə verməsinə göz yumur. “Bütün bunlar isə Sərdar Mehrəliyevin hakim kimi öz funksiyalarını yerinə yetirə bilmədiyini sübut edir”, – deyə Gültəkin Hacıbəyli etirazını əsaslandırarkən vurğulayıb.
Lakin Sərdar Mehrəliyev ona verilən etirazı rədd edib. Iş üzrə növbəti məhkəmə iclası isə noyabrın 17-nə təyin olunub.
Xatırladaq ki, xüsusi ittihamçı Aynur Mehdiyeva bir müddət əvvəl insan alveri və əməyin istismarı cinayətlərinə görə məhkum edilib. Bu cinayətlərə görə onun üçün tələb olunan 9 il 6 ay həbs qarşılığında Aynur Mehdiyeva Azərbaycan məhkəmələrinin praktikasında bu cür işlərə görə görünməməmiş cəza alıb – 1 il şərti iş. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmü faktiki onun məsuliyyətdən yayındırılması anlamına gəlir. Ağır cinayət sayılan bu cür əməllərə görə başqalarına 8,9,10 il həbs cəzası verildiyi halda, Aynur Mehdiyevanın həbs edilməməsi düşünməyə əsas verir ki, onun azadlıqda saxlanılması Gültəkin Hacıbəyliyə qarşı davam edən kampaniyada iştirakı üçün lazım imiş…
Yeri gəlmişkən, digər xüsusi ittihamçı – Aynur Mehdiyevanın qardaşı Mahmud Mehdiyev də keçmiş həyat yoldaşı olan Gültəkin xanıma qarşı kampaniyaya başlayandan sonra 2010-cu ildə qovulduğu prokurorluq orqanlarına bərpa olundu. Qeyd edək ki, Mahmud Mehdiyev 2010-cu ildə Baş prokuror Zakir Qaralovun əmri ilə “hərbi xidmətdən yayınma və prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə” prokurorluqdan qovulmuşdu. Amma bu ilin əvvəlində o, yenidən prokurorluqda müstəntiq vəzifəsinə gətirildi.
Bundan başqa, Gültəkin Hacıbəyli bu ilin aprelində ona qarşı törədilmiş xuliqanlıqla əlaqədar prokurorluğa müraciət edib. Müraciətdə Mahmud Mehdiyevin əməllərindən bəhs olunur. Lakin Bakı şəhər prokurorluğu altı aydan çoxdur ki, günahkarı məsuliyyətdən yayındırır.
Onu da qeyd edək ki, Aynur Mehdiyeva Gültəkin Hacıbəyli tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını iddia edir və bu səbəbdən onun xüsusi ittiham qaydasında – CM-nin 147 və 148-ci maddələrilə cəzalandırılmasını tələb edir. Guya, Gültəkin xanım müsahibələrinin birində Aynur Mehdiyevanın insan alverilə əlaqədar saxlanıldığını deməklə ona böhtan atıb. Halbuki, sözügedən iddia ərizəsi məhkəməyə təqdim olunanda artıq üç ay idi ki, Aynur Mehdiyevanın ittiham olunduğu insan alveri faktı üzrə cinayət işi başlanmışdı, hətta Daxili Işlər Nazirliyi də bu barədə rəsmi məlumat yaymışdı. Belə olan halda, hansı böhtandan söhbət gedir, bəlli deyil.
Ən dəhşətlisi budur ki, həmin iddia ərizəsində Aynur Mehdiyeva heç vaxt heç bir cinayət törətmədiyini göstərib. Bəs belə olan halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü nədir?
Belə bir iddia üzrə məhkəmə prosesinin davam etdirilməsi isə absurdun pik həddidir.
Informasiya şöbəsi


