Gültəkin Hacıbəyli: «Hakimiyyət 6 aylıq sədrlik dönəmindən istifadə edə bilmədi və bütün sahələrdə geriləmə müşahidə olundu»
“Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Əlbəttə, mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm”.
Bu fikirləri Avropa Şurasının Nazirlər Komitəsinin sədri və Azərbaycan Respublikasının Xarici Işlər Naziri Elmar Məmmədyarov “Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair” beynəlxalq konfransda səsləndirib.
E.Məmmədyarov çıxışında Avropa Şurasının siyasətinin qonşu regionlarda tanıdılmasında Azərbaycana sədrliyinin verdiyi üstünlüklərdən yararlandığını qeyd edib. Nazir sədrlik müddətində tərəfdaş ölkələrlə birgə əhəmiyyətli əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa Şurasına sədrlik etdiyi bu 6 ay müddətində, hakimiyyət daha güclü repressiyalar həyata keçirib və dünyanın ciddi təpkisi ilə üzləşib. Hətta, Azərbaycana qarşı sanksiya təklifləri gündəmə gəldi və bununla bağlı qətnamə qəbul edildi. Eyni zamanda bu gün qondarma ittihamlarla həbs olunmuş hüquqşünaslara beynəlxalq mükafatlar təqdim edildi və bu şəxslərin dərhal azad olunması tələb edildi.
Yəni bu 6 aylıq sədrlik dönəmi hakimiyyətin beynəlxalq arenada nüfuzdan düşməsinə və Azərbaycandakı real vəziyyətin tam aydınlaşmasına təsadüf etdi.
Belə bir vəziyyətdə Elmar Məmmədyarovun verəcəyi hesabat necə qiymətləndiriləcək və ümumiyyətlə, bu müddət ərzində hansı işlər görülüb?
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə yalnız ölkənin imicinə zərbə vurmağı bacardı: “Biz istəyərdik ki, bu sədrlik dönəmində Azərbaycanla bağlı müsbət işlər görülsün, ölkənin müsbət imici formalaşdırılsın, problemlərə işıq salınsın. Ancaq, Azərbaycan hakimiyyəti ən bərbad vəziyyəti, məhz bu dönəmdə yaratdı. Nəinki siyasi fəallar, ictimai xadimlər, hüquq müdafiəçiləri qondarma ittihamlarla həbs edildi, öyündüyümüz dini tolerantlıq məsələsində də beynəlxalq hesabatların sonuncusu olduq. Hətta, Avropa Şurasının baş katibi T.Yaqland ”Azərbaycanda insan haqlarının vəziyyəti: bıçaq sümüyə dirənib” başlıqlı məqalə ilə çıxış etdi. Bütün bunları ümumiləşdirəndə böyük təəssüf hissi yaşayırıq və hakimiyyətinin yanlış siyasətinin Azərbaycana vurduğu zərbəni müşahidə edirik. Insan haqları, demokratiya sahəsindəki bəlli gerilmələrdən sonra görülən işlərin nəticəsi ilə bağlı müsbət hesabat vermək mümkün deyil. Yəni biz bu müddətdən Azərbaycanın xeyrinə istifadə edə bilmədik. Hətta, Azərbaycana qarşı müxtəlif dönəmlərdə loyal münasibət sərgiləyən Avropa Şurası da hakimiyyətin addımlarına etiraz ifadə etməkdədir”.
Akif


