Vüqar Bektaş
“Dədə Qorqud” kitabından sonra hər kəsdə etnik tariximiz Rüstəm Behrudidə olduğu qədər, bu genişlikdə, bu fəallıqda bədiilik predmetinə çevrilməyib. Bu gün türkün adına sığınıb əsil sifətini gizlədən qeyri-türklərin və antitürklərin baş alıb getdiyi, hətta təntənə etdiyi zamanda onun şeirləri bizə mənəvi dərmandır. Türk dünyasının dar günüdür. Onun şeirləri dar günün şeirləridir. Onun “Ata dili” şeirini Sabirin “Fəxriyyə”si ilə müqayisə edərdim. R.Behrudinin şerləri günümüzün tarix dərsliyidir”.
T.Hacıyev, türkoloq, professor.
“Rüstəm Behrudi… Fəqət bir başqa göz olaraq düşdü ürəyimizə. Min üç yüz il kül altında qalmış göz daha min üç küz il gül altında qalacaqdı Rüstəm Behrudisiz. R.Behrudi bir şaman nəvəsi. Hüseynzadə Əli, Ziya Göyalp, Ismayıl Kaspıralı, Yusif Akçura. Bunların hamısı birər “şaman nəvəsi” deyilmi? R.Behrudi ağzı dualı bir şaman nəvəsi… Rüstəmi oxuyarkən həyəcanıma sədd vurmam mümkün deyil. Tanrıya şikayətdə bulunarkən belə Əbdülhaqq Hamid kimi sozün, kəlmənin qiyafəsizliyini anlatmaq istər. Fəqət o bizi şüuraltımızın dərin köklərinə götürməyi bacarır. Mənə elə gəlir ki, Rüstəm Behrudi zamanlar üstə yaşayan bir şairdir”.
Əhməd Bican Ərculaysun, Türkoloq, professor
“Yer kürəsi Tanrının ən müqəddəs sevgilisidir. Belə olmasaydı, günah içində olan Yer üzünü Tanrı çoxdan dağıtmışdı”.
…Ölümsüz olmaq… Ölümsüz olmaq ölməmək deyil… ölümsüz olmaq son anda söz olmaqdır, sözə çevrilməkdir. Dünyanın əvvəli də sözdür, sonu da. Insan ruhunun ölməzliyi haqqında əbədiyyət nəğməsidir söz. SÖZ haqqında bu sözləri bir Tanrı bəndəsi söylədi. SÖZün əvvəlki qüdrətini Tanrıdan gələn pıçıltılardan duyan, SÖZünə ölüb, SÖZünə dirilən bir bəndə. Tanrı SÖZlə kürreyi-ərzi yaratdı, cisimlərə ruh verdi, qəlblərə od saldı, amma ölümə heç nə edə bilmədi. Bəlkə də özü eləmədi… Sən demə, SÖZün şəffaf işığı qarşısında ölüm də heç nə imiş. Onu bəndə yaratdı, ruhuna dar ağacı, qəfəs sandığı cismində toplanmış günahlardan sözlə təmizləndi, sözlə tövbə elədi, təmiz bir ruhun ölməzliyi haqda möhtəşəm bir əbədiyyət nəğməsi bəstələdi. Elə bir möhtəşəm nəğmə ki, bununla göylərdən enmiş müqəddəs bir ruha bədən adındakı cəhənnəm “don”undan hayqıraraq “Azadlıq” tələb elədi. Bunun üçün də zaman-zaman gah “Ölümə” xoş gəldin – dedi”, gah “Dar ağacına salam” verdi, gah da əsrlərlə göz dikdiyi səmada tuş gəldiyi “tale qarğışı” adlı bir Mələyə “tanrımı göndərdi, özünmü gəldin?” deyə sual etdi. Özünü tanıyan zaman, türkün böyüklüyünü də görüb vuruldu. Amma bu böyüklüyün yoxluğu ona dərd oldu: “Mənəm qəriblər, qəribi” deyə doğma ocaqlarımızdakı qərib odumuza ağı söylədi. Taleyi başdan-başa “Şaman duaları”nın pıçıltısına dönmüş, ölümü sevgilisi kimi sevib, dərdi də balası kimi əzizləyən bu şair ömrünün qırxıncı payızı (yazı 1997-ci ildə yazılıb) da beləcə yarpağını tökdü bu yaxınlarda. Düz qırx sənə bundan əvvəl Behrutda dan yeri təzəcə sökülərkən Rüstəm anadan olan vaxt dağ başında bir qurd ulamışdı. Böyüyüb bütün insanları dəlicəsinə sevsə də, onu ağıllıcasına sevən bircə nəfər də olsun nəsə tapılmadı. Tanrı olmaq istəyirdi, amma gör kim oldu? Nə qədər qəribə də olsa, Ölümünü, əcəlini axırıncı güllə kimi üstündə gəzdirib, istədiyi gün beyninə sıxacaq bu adam dəlicəsinə yaşamaq istəyirdi. Görəsən hansı güclüdür, bu arzunun: yaşayaraq ölməkmi, yoxsa ölərək yaşamaqmı? Cağdaş poeziyamıza görəsən haradan gəlib çıxdı qılınclar tək toqquşaraq şimşəklər qoparan bu fikirlər? Haradandır əcəli duelə çağırıb, ölümlə çiling-ağac oyunu oynamaq? Poeziyamız üçün yeni olan bu orijinal ideyalılıq, düşüncə tərzi ilə mayalanmış Rüstəm Behrudi yaradıcılığının dərin qatları barədə öz yaşıdı, türkoloq alim Nizami Cəfərlə söhbətləşirik:
“Rüstəm haqda məmnuniyyətlə danışardım. Çünki, o, mənim yaşıdımdır, biz ədəbiyyata eyni vaxtda, eyni maraq dairəsi ilə gəlmiş adamlarıq. Türk insanının xarakteri, türkologiya, türkçülük, Rüstəmin poeziyasında özünə çox möhkəm yer tutub. Onun düşüncəsində, Tanrıçılıq ideologiyasından gələn bir çox məsələlər var ki, bu da həmin Tanrıçılığı sanki bir düşüncə metodologiyasına, yaradıcılıq üslubuna çevirir. Odur ki, bütün şeirlərində bu Tanrıçılıq genişliyi, türkün səhrada, çöl həyatında yaşamasından irəli gələn düşüncə, idrak, təfəkkür genişliyi və sərbəstliyi Rüstəmin yaradıcılığında öz ifadəsini çox gözəl tapıb. Mən bir məsələni də xüsusilə qeyd eləmək istərdim. Bizim Azərbaycan ədəbiyyatında, xüsusilə 30-cu illərdən sonra türkçülük, bədii düşüncədə həmişə ya çox zəif olub, ya da heç olmayıb, olan da alt qatlarda qalıb.
Azərbaycançılıq ideyası o qədər möhkəmləndirilib ki, bütün bunlar sanki arxa plana keçirilib. Odur ki, məni həmişə maraqlandırıb ki, bəs bizim poeziyamızda niyə Oljas Süleymenov kimi adam olmayıb? Və ya bizim nəsrimizdə niyə Çingiz Aytmatov kimi yazarımız yoxdur? Mən hələ istedadın səviyyəsini və professionallığı deyil, düşüncənin tipini nəzərdə tuturam. Yəni türk kimi düşünən şairimiz, yazıçımız axı nədən olmasın? Amma mən, məsələn, Abbas Abdulla kimi bəzi şairlərimizin şeirlərində bunlara bir yaxınlaşmanı hiss edirəm. Rüstəm də, o cümlədən, gənc olmasına baxmayaraq, zəngin türkçülük bazasına malikdir. Çünki o, özü də türkologiyadan çıxdığından sanki bunu ruhunda hiss eləyir. Odur ki, Rüstəm inqilabi bir atəşin sürətlə poeziyamıza gələrək, özü ilə əskidən türkə məxsus olan yeni poetik anlayışları gətirdi. Onun həm daxilində, həm ruhunda, həm də ifadə tərzində əsl türkçülük var. Məsələn, onun sonuncu “Iblis mələkdən gözəldir” kitabına baxdım, oxudum, gördüm ki, Rüstəmdə yenə də tanrıçılıqdan, türkçülükdən gələn bir ruha tapınma, ruhla yaşama, bədii düşüncədə ruh hakimliyi mövcuddur. Yəni əlavə standart ideoloji, poetik ifadələr onun yaradıcılığında yoxdur. Onda nə varsa, hamısı elə bil ki, türkün emosiyalarıdır, geniş ruhlu bir insanın çılğın hissləridir. Sanki burda əsl türkün obrazı yaradılıb. Bu baxımdan Rüstəm sanki türk insanının mənəviyyat avtobioqrafiyasını yaradıb.
– Bəs onun yaradıcılığında Bayron kimi ölümü sevmək, əzizləmək motivləri hardandır?
– Qədim türklərdə də elə olub. Elə Alp-Ər Tunqa daxil olmaqla Atillanın ölümü ilə də bağlı beşinci əsrdən qədim bir ağı nümunəsi qalıb. German-qott dilində yazılan bu ağının tərcüməsindən məlum olur ki, qarşısında bütün Avropanı, eləcə də onun hökmdarlarını dizi üstə çökdürən Atilla, nə düşmən atlarının dırnaqları altında, nə də yaxın adamların xəyanəti nəticəsində deyil, məhz Tanrının böyük bir şərəfli ölümü ilə dünyadan köçür. Yəni ki, həmin ağıda bu cür ölümlər şərəfli ölüm sayılır. Çünki şöhrətli Atilla hansısa qeyri-münasib vəziyyətdə deyil, Allahın iradəsi ilə dünyasını dəyişib. Bizim dastanlarımızda da bu cür motivlər istənilən qədərdir. Yəni türklərdə ölümdən qorxmaq istinkti yoxdur və olmayıb. Şərəfli ölüm, sadə şəkildə desək, türk anlamında heç də problem, faciə şəklində deyildir. Türk bədii düşüncə tərzində, türk ideologiyasında o yoxdur. Bəs türk ideologiyasında nə var? Ölümə meydan oxumaq var, kişi kimi mərd-mərdanə ölümünün gözünə dik baxmaq var, ölümü sevmək var. Bu azmış kimi türklər Islamı qəbul edəndən sonra onlarda şəhidlik, qazilik daha da güclənib. Ərəblərdə, farslarda bu hisslər heç vaxt türklərdə olduğu qədər olmamışdır. Qədim türklər ölümdən sonrakı həyata inandıqları üçün bu motivlər onlarda insanın yaşamalarından ötrü universal bir fəlsəfə kimi ortaya çıxıb. Və Rüstəmdə olan həmin o qəribə meyillər də zənnimcə, məhz həmin köklərdən irəli gəlir. Bu da onu göstərir ki, Rüstəm özü də türkologiya sahəsində çox savadlıdır. O, bütün bunları bilməklə yanaşı, həm də içərisində hiss edir, yaşayır. Görünür, Rüstəm eyni zamanda qədim türk mifologiyasını, qədim türk dastanlarını, hətta qədim türk həyat tərzini belə mütəxəssiscəsinə bilir. Odur ki, Rüstəm bir mənəvi arxeoloq işini yerinə yetirib. Bizim unutduğumuz şeyləri, mənəvi dəyərlərimizi axtarıb tapdığına görə də Rüstəmin poeziyamızda yeri əvəzsiz və özünəməxsusdur. Mən bir türkoloq kimi bu fikirdəyəm ki, Rüstəm öz metodologiyası ilə poeziyamızda ən doğru yoldadır. Çünki bizim böyük poeziyamız, mütləq, bir az qədimdən gəlməlidir. Yəni ən yaxşı halda poeziyamız orta əsrlərdən – Füzulidən, Vaqifdən gəlir. Əlinə qələm alanlarımızın hamısı məhz onları oxuyub gəldiklərindən ədəbiyyatımızın ruhu bir qədər müasir, təzə olur. Elə ki, daha qədimdən gəlirsən, onda bütün xronologiya sənin içərində olur. Həmin xronologiya rəqəmlər, faktlar şəklində yox, mənəvi dəyərlər sistemində olur. Bütün bunlara görə elə Oljas da nəhəgdir, Çingiz də. Zənnimcə, Rüstəm də bunlar kimi, məhz mənəvi arxeoloqluq işini yerinə yetirir”.
Yorulmayasan, şair! Qoy arzuların çin olsun. Nə vaxtsa dünyaya gələcəyinə inandığın əfsanəvi Atilla, təki tezliklə türkün yatmış bəxtini oyadıb, Turan bayrağını səmaya ucaltsın.
Sənə sirrini açmışam
Tanrıdan gələn səsin
Bəs nə oldu, yalqızlıq
Səni belə tez yıxdı?
Pıçıltım çatsa sənə,
Bu son bahar gecəsi
Bilərsən, tənhalıqda
Ölüm qorxusu yoxdu…
1997


