Kaş ədalət hər zaman belə bərqərar olsun

 

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Milli Şuranın noyabrın 9-a təyin etdiyi mitinqdən yazıb:

 

Kaş ədalət hər zaman belə bərqərar olsun. Bizə pislik etmək istədilər, əksi alındı. Mitinqin gününü 10 noyabrdan 9 noyabra dəyişdirdilər. Amma özləri də bilmədən Bayraq günündə meydanı bizə verdilər. Tarixi ədalət bir neçə saatlıq da olsa, bərpa olunacaq. Bayrağımızı yenidən başımız üzərində qaldırmaq üçün olmazın əziyyət çəkmiş hərəkat veteranları, onların gənc ardıcılları yenidən fəxr və sevgi ilə milli bayrağımıza sarılacaq, onu qürurla izdihamlı mitinqin başı üstündə dalğalandıracaq.

Yeri gəlmişkən, bu bayram bizim bayramımızdır. Saxta, süni bayramlardan deyil. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə indiki milli bayrağımız təsdiq olunub. Bayraq günü də o günün şərəfinədir. 9 noyabr, saat 3-də bayraqsevərlər “Məhsul” stadionuna toplaşacaq. Həm siyasi məhbus dostlarımıza azadlıq, millətimizə ədalət tələb edəcəyik, həm də stadionu milli bayraqlarımızla bəzəyib, əziz bayrağımıza sevgimizi ifadə edəcəyik.

Bu fotolara diqqətlə baxın. Siz ölkənin sərvətlərini talan edən oğru və quldurların bu insanlar kimi bayraq, himn (sevgisini demirəm) hörmətini gördünüzmü? Bəli, mən də görmədim.

Vətən, millət, bayraq, himn, azadlıq, ədalət sevdalıları, Bayraq günündə – 9 noyabrda, saat 3-də toplantı yerimiz “Məhsul” stadionu olacaq.