Vəfa Quluzadə: «Rusiya Gürcüstan hökumətində Qərbyönümlü nazirləri vəzifəsindən uzaqlaşdırmaqla planlarını həyata keçirir»
Gürcüstanda bir-birinin ardınca baş verən istefalar ölkədə siyasi böhran yaradıb. Ekspertlər hazırda bu ölkədə baş verənləri müxtəlif cür izah edirlər. İstefaların Rusiyanın təsiri ilə baş verdiyi düşünülür. Rusiya bununla Gürcüstanda Qərbə zərbə endirməyi düşünürü. Çünki vəzifədən uzaqlaşdırılan nazirlər Gürcüstanın Qərbyönümlü kursunun tərəfdarlarıdır.
Başqa bir maraqlı xəbər isə Gürcüstanın Ermənistanla dəmiryol xəttini bərpa etmək niyyəti ilə bağlıdır. Bəzi məlumatlara görə artıq bu istiqamətdə iki dövlət arasında danışıqlara da başlanılıb.
Politoloq Vəfa Quluzadə hesab edir ki, baş verənlər Putinin Gürcüstandan əl çəkmədiyini göstərir. Putin tədricən Gürcüstanı məhv etmək siyasətini hədəf götürdüyünü deyən V.Quluzadə bildirdi ki, ona görə də yeni hökumətdə Qərbyönümlü kursun tərəfdarları olan nazirlər vəzifədən uzaqlaşdırılırlar: «Qərbyönümlü nazirlər postlarında qaldıqları müddətdə Rusiya istədiyini reallaşdıra bilməz. Rusiyanın məqsədi Ermənistana Gürcüstan vasitəsilə yol açmaqdır. Çünki Ermənistana silah-sursatın çatdırılmasında Rusiya ciddi çətinlik yaşayır. Sözsüz ki, Gürcüstanın Ermənistanla dəmiryolu xəttini açması Azərbaycan üçün böyük bir zəbrə olardı. Bu daha çox Rusiyanın siyasətinin reallaşmasıdır».
Hazırda Rusiya-ABŞ qarşıdurmasının həlledici mərhələyə qədəm qoyduğunu deyən V.Quluzadə vurğuladı ki, Rusiyanın potensialı demək olar ki, tükənib. Bu mübarizədə Qərb sona qədər getməyə hazırdır: «ABŞ-ın Rusiya ilə qarşıdurmada sona qədər getməyi Rusiyada hökuməti dəyişməyə nail olmaqdır. Əgər bu baş verməzsə, Rusiya nəfəs dərə bilsə Putinin SSRİ-ni bərpa etmək niyyəti reallığa çevriləcək».
Hazırda Putinin öz qüvvələrini toparlamaq üçün Qərblə danışıqlara başlamaq üçün müxtəlif yollar aradığını deyən V.Quluzadə bildirdi ki, Berlin divarının dağılmasının növbəti ildönümü ilə bağlı keçirilən tədbirə yolanan Qorbaçovun Putinin emisarı kimi çıxış edəcəyi gözlənilir: «Əslində Qorbaçovun bundan savayı yolu yoxdur. O Putinin əmrlərinə tabe olmağa məcburdur. Çünki Dövlət Duması Qorbaçovu SSRİ-nin dağılmasında əsas günahkar kimi tanıyıb. Onun Putinin əmrlərindən imtina etməsi barəsində cinayət işinin başlanması ilə nəticələnə bilər».
Xəyal


