Yolsuzluq yolunun müsəlmanları

II Yazı

Ölkələrindəki qanunsuzluq, hüquqsuzluq, bu qanunsuzluğun, hüquqsuzluğun doğurduğu dözülməz görsənişlər üzündən min bir çətinliklə, yollarda itə-bata gedib Avropaya çıxan müsəlmanların çox azı Avropa kültürünə yiyələnə bilir. Onların çoxu qoyub qaçdığı müsəlman ölkəsindəki, müsəlman dünyasındakı gerilikçi düşüncədən qopub ayrıla bilmir, o düşüncə ilə Avropanın “bəzəyinə” çevrilir – sözsüz, gerilikçi bəzəyinə. Onlar getdikləri Batı ölkələrində Batı qanunları ilə deyil, özlərinin gerilikçi müsəlman qanunları ilə yaşamağa üstünlük verməklə qalmır, çoxluqda olduqları bir sıra yerlərdə özlərinin gerilikçi müsəlman qanunlarını, davranış normalarını yeritməyə çalışırlar. Buna görə də bu gün müsəlmanlar Batının özündə Batıya sorunlar yaradırlar.

Gerilikçi müsəlman ortamından çıxmış bu adamlar gəldikləri yerlərdə də qoyub gəldikləri ölkələrindəki kimi gerilikçi ortam yaradırlar. Bu isə başlıca olaraq biliksizliyin-bilimsizliyin yaratdığı ortam olur. Vurğulamaq gərəkir: qoyub gəldikləri ortam. Yuxarıda Şeyx Cəmaləddin Əfqanidən gətirdiyimiz alıntıdan da göründüyü kimi, müsəlman ölkələrində o gerilikçi ortamı bilimə (elmə) düşmən, pozğun din başçıları yaradır. Özəl güdüklərinə uyğun olaraq onlar mollasından imamına, şeyxinədək başında durduqları müsəlman toplumunun gəlişməsini, çağdaş dünya biliklərinə yiyələnməsini istəmirlər. Onların sünni-şiə olaraq Osman-Ömər haray-həşirləri də, imam Əli, imam Hüseyn qaraqışqırıqları da başlıca olaraq yalançı xarakter daşımaqla din başçıları ilə siyasi rejimlərin yararına yönəlik olur. 1500 illik keçmişə qapılıb qalma, sözdə deyildiyi kimi, islamı qorumaq üçün deyil, özünün, əlbir olduğu siyasi rejimin güdükləri üçündür. 

Müsəlman dünyasının bu başından o başına hər yanda din başçılarının gerilikçi dünyagörüşün daşıyıcıları, yayıcıları olduqlarını görürük. Hər yerdə onlar müsəlmanları sürəkli olaraq ibadətə çağırırlar – peyğəmbər çağırışı kimi. Ancaq peyğəmbərin “bir saat elm öyrənmək altmış illik ibadətdən üstündür” kimi çağırışları onların yadına düşmür. Bilimsiz ibadətin toplumsal kütləşməyə, toplumsal çöküşə aparması faktı onların vecinə deyil. Bu gün müsəlman dünyasını bürümüş açıq düşkünlüyün, iç savaşların kökündə bilimdən uzaq düşmə faktı durur. Şeyx Cəmaləddin müsəlman dünyasını yenilməyə gətirib çıxarmış nədənləri yüz il qabaq göstərirdi: “Dünya elm üzərində dayanır, elmi bəşəriyətin əlindən alsan, dünyada insan qalmaz. Elm bir nəfərin gücünü on nəfərlə, yüz nəfərlə, min, on min nəfərlə bir edir… Indi bütün dünyanı öz etkisi altında saxlayan Avropanı, Əfqanıstanı tutan ingilisi, Tunisi tutan Fransanı götürün. Bunlar nə ingilisin hünəridir, nə də fransızların – bunlar yalnız onların elminin gücünədir. Gerilik, nadanlıq isə hər yerdə başını gücsüzlük toprağına qoymaqdan başqa bir yol bulmamışdır”. Müsəlman dünyasındakı geriçi dəyişməzlik üzündən bu sözlər aktuallığını bu gün də itirməyib. 

Müsəlman dünyasını dönmədən yeniliyə çağıran Şeyx Cəmaləddin deyir: “Bizim alimlər (din alimləri) elmi iki yerə bölürlər: müsəlman elmləri, Avropa elmləri. Buna görə də onlar xalqı yararlı elmlərin mənimsənilməsindən çəkindirirlər. Onlar başa düşmürlər: dəyərli elm hansısa bir millətin malı deyil, kim ona yiyələnsə, onundur”. Ş.C.Əfqani sonra deyir: “Gerçəyi doğrulayan elmi bizim alimlər qadağan edirlər, elə bilirlər bununla islamı qoruyub saxlayırlar. Belə adamlar gerçəkdə islamın düşmənləridir”. Bizdə bu gün yalnız din adamları arasında deyil, aydınlar arasında da “demokratiya Avropadan gəlib” deyə, kəskinliklə demokratiyaya qarşı çıxanlar var. Ş.C.Əfqani deyirdi: bir çağlar avropalılar bizdən öyrənməklə qabağa getdilər, indi biz onlardan öyrənməklə qabağa getməliyik.