Sənin ölməmək haqqın…

Yadınızdan heç çıxmaz… Mərhum Vüqar Feyzullanı xilas etmək üçün çox çalışdıq. Pul topladıq. Damla-damla, yəni qəpik-qəpik də deyildi toplamalar, eşidən-bilən əlindən gələni edirdi (Vüqarı tanımayanlara xatırladım ki, bu möhtəşəm və istedadlı gənc böyrək çatışmazlığı ilə yaşayırdı, uzun və ağrılı mübarizədən sonra həyatı üçün vacib olan dializ prosedurunun pulsuz dövlət siyahısına düşə bilmişdi, amma qalan müalicələri üçün vəsait yoxluğundan həyatını itirdi).

Eləcə də Nərmin adlı gənc qızı yada salın. Nərminin xilası üçün Park-Bulvarda belə xeyriyyə marafonları keçirildi. Gec idi, Nərmin də həyata vida etdi. 

Bu ağrılı anları niyə xatırlatdım. Dünən yenə bir neçə xilas elanına rast gəldim. Adətən gördüyümüz məzmun idi: bəlli qədər maliyyə vəsaiti olarsa, bu adamlar düçar olduğu xəstəlikdən xilas ola bilər. Mənim bu cəhdlərə, xeyirxah çağırışlara heç bir etirazım yoxdur. Onlara etinasız da deyiləm. Bir çox hallarda doğrudan da kimisə xilas etmək olur. Amma əksər hallar da ya cəhdlər yetərli olmur, ya da imdad gecikmiş olur. Bu yolla damla-damla göl olmurmuş…

Ən pisi odur ki, bu çağırışlara hay verənlər də bir sadə həqiqəti anlamaq istəmir. Köməyə ehtiyacı olanların sayı bitmir. Ağrının maddi yükünü öz çiynində daşıyaraq qıvrılan, səsini çıxarmayan nə qədər insan var hələ! Bəs bu qədər adam üçün əksər hallarda vaxtında çatmayan və yaxud yetərincə olmayan xeyriyyə marafonu keçirməkdənsə, müasir dünyada dərdin əlacı kimi mövcud olan tibbi sığortanı niyə tələb etmirik? 

Ölkə harın idarəçilərin əlindədir, onlar hər şeyə nəzarət edir və səhiyyə də onların varlanma sektorlarından biridir. Nəticədə ölkə əhalisi sözün həqiqi mənasında “qırılır”. Keyfiyyətsiz səhiyyənin od tutan qiymətləri önündə hamı acizdir. 

Tibbi sığorta hər kəsin haqqıdır, yaşamaq haqqıdır, güvənli yaşamaq haqqıdır. Varlının da haqqıdır, kasıbın da. Işləyənin də, işləməyənin də. Nefti çıxarıb sərvətləri asfalt yollarda, bina üzlüklərində, mənasız festivallarda, idman yarışlarında xərcləmək olarsa, ölkə əhalisi üçün ən vacib ehtiyaca da pul yönəltmək olmazmı?

Həm də bir şeyi bilin, tibbi sığorta xüsusi böyük xərc tələb etmir. Dövlət xəstəxana tikmir, avadanlıq və dərmanlar almır, həkimlərə pul vermir. Bərabər rəqabət imkanı yaradır və pulu ayırır xəstələnən insanların müalicə xərcinə. Bu, misilsiz bir üsuldur. Korrupsiya da yox olur, keyfiyyətsiz tibbi xidmət də. Hamı çalışır ki, öz keyfiyyəti ilə bazarda uğur qazansın. Sənə də o qalır ki, ən yaxşısını seçəsən.

Bu, müasir insanın sağalmaq haqqı deyil, ölməmək haqqıdır. Kasıb Gürcüstan bunun sayəsində yüksək səhiyyəyə sahib oldu. Əhalinin müalicə xərclərinin bəzən 100, bəzən də 70 faizini dövlət ödəyir. Hətta dərman xərclərini də. Həm də kim hansı xəstəxananı, hansı həkimi istəyirsə, onu da seçir.

Əlacsızlıqdan kömək üçün müraciət edənlərə yardım etmək yaxşıdır, yoxsa tibbi sığorta tələb etmək? Hansı çıxış yoludur? Bəs görəsən yardım elanlarını paylaşanlar tibbi sığorta tələbi ilə keçirilən mitinqin elanlarını paylaşarmı? Həmin mitinqə gələrmi?

Bəs mitinqin nə fərqi var? Insan haqlarını tələb edən istənilən mitinq həm də digər haqların tələbidir. Noyabrın 10-da siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçiriləcək. Bu gün zindanlarda günahsız yatan insanlar elə bizlərin haqqını tələb etdiyi üçün hədəfə alınmışlardır. Onları müdafiə etmək həmin haqları müdafiə etməkdir. 

Təsəvvür edin. Siyasi məhbusların müdafiəsi üçün daha böyük mitinq keçirilir. Bu, hakimiyyətə mesajdır ki, xalq öz haqlarını istəyir. Bu, hakimiyyətdən bütün haqları tələb etməkdir. Elə yuxarıda barəsində danışdığımız tibbi sığorta haqqını da. Təcrübə göstərir ki, yalnız insanlar damla-damla göl və sel ola bilir.