Avropa Komissiyası Yunanıstan şirkətinin alınmasına dair razılaşmanı təsdiqləməyə bilər
Avropa Komissiyası gözlənilmədən elan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər.
SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3 hissəsinin 500 milyon dollara alınmasına dair razılaşmanı ötən ilin iyununda əldə edib. Razılaşmanın rəsmiləşdirilməsi bir neçə dəfə təxirə düşüb.
Rəsmi müqavilənin imzalanması ötən il dekabrın 17-də, “Şahdəniz-2″ layihəsinin işə salınması ilə bağlı Bakıda təşkil edilmiş mərasimdə nəzərdə tutulurdu. Bu məqsədlə Yunanıstanın baş naziri Antonis Samaras Azərbaycana səfər etməli idi.
Lakin Bakıya səfər üçün Afinadan yola çıxan baş nazirin təyyarəsində havada texniki nasazlıq yarandı və A.Samarasın təyyarəsi Afina yaxınlığındakı hərbi aerodroma yerə endi.
Yunanıstan tərəfi elan etdi ki, baş nazirin Bakıya səfəri üçün başqa təyyarə tapılmadığı üçün səfər ləğv edilib.
Nəhayət, ötən il dekabrın 22-də Afinada Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Əmlakını Özəlləşdirmə Fondu (HRADF) arasında bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin 65 faizinin alınmasına dair müqavilə bağlanıb.
Bu sövdələşmə SOCAR və Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Çünki yunan qaz kəmərləri sisteminin operatorunu almaqla SOCAR Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya nəqlində öz mövqelərini gücləndirmiş olur.
SOCAR-ın DESFA-nın səhmlərini almasına dair razılaşma baxılmaq üçün oktyabrın 1-də Avropa Komissiyasına təqdim olunub.
Avropa Komissiyası bildirir ki, yunan qaz kəmərləri sistemi operatorunun SOCAR-a satılmasına dair sövdələşməni Avropa Ittifaqının rəqabət mühitini tənzimləyən reqlamenti əsasında dərindən araşdırmağa başlayıb.
Press-relizdə bildirilir ki, bu araşdırmada SOCAR-ın fəaliyyəti “Cənub qaz dəhlizi” çərçivəsində qaz hasilatçısı və qazın Yunanıstana topdan satıcısı qismində nəzərdən keçirilir. DESFA isə Yunanıstanın yeganə qaz nəqli şəbəkəsinin sahibi və operatorudur, həmçinin ölkənin yeganə sıxılmış qaz terminalı onun mülkiyyətindədir.
“Komissiya ehtiyat edir ki, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək”, – deyə Avropa Komissiyası bildirir.
Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-nə qədər vaxtı var. Bununla belə komissiyanın ilkin araşdırmaları göstərib ki, bu sövdələşmə rəqabət mühitinə zərbə vurur.
ARDNŞ də məsələ ilə bağlı məlumat yayıb. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması barədə Avropa Birliyi antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib.
Xəbərdə deyilir ki, II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.



