I Yazı
Qaçaq yolla Əfqanıstandan Avropaya keçmək istəyən 43 əfqan Aralıq dənizində batıb. Türkiyəli balıqçılar onlardan yalnız altısını qurtara biliblər. Əfqan qaçqınlar Aralıq dənizini iki adamlıq qayıqla keçmək istəyirmişlər. Iki adamlıq qayığa… 43 adam minib. O qırx üçün çoxu da uşaq olub. Uşaqların ağlı kəsməzdi, ancaq, sözsüz, böyüklərin ağlı kəsib: onlar iki adamlıq qayığa 43 adamın minməli olmadığını bilə-bilə miniblər, üstəlik, uşaqlarını da mindiriblər. Sözsüz, əski müsəlman düşüncəsilə: “Allah kərimdir”, – deyiblər. Ağıl-məntiq, saya sayım – bunlar unudulub. Çox ola bilsin, bizdəki deyim əfqanlar arasında da yayılıb: “Allah kərimdir, quyusu dərindir”. Görünür, onlar da başqa müsəlmanlar kimi, özlərini daha çox birinciyə inandırıblar: “Allah kərimdir”. Sonra da batıblar.
Bundan bir neçə gün qabaq da Aralıq dənizində başqa bir müsəlman ölkəsindən qaçanlar batmışdılar. Onların sayı lap çox idi. Ondan qabaq, ondan qabaq, ondan qabaq da oxşarları olmuşdu. Neçə illərdir belədir: müsəlman ölkələrindən Aralıq dənizini gizli-qaçaq yolla keçməklə Avropaya axının, Avropaya getmək istəyənlərin ardı-arası kəsilmir. Niyə belə olur? Ölkəyə milyardlarla gəlir gətirən Neft-qaz, bir çox başqa doğal resurslar müsəlman ölkələrində, di gəl, öz ölkələrindən ölüm riski altında Avropaya qaçanlar da müsəlmanlar!
Müsəlmanları ölkələrindən nə yolla olur olsun, ölüm riski altında belə, Avropaya qaçıran iki başlıca gerçəklikdir: oğru-quldur, yolsuz-korrupsioner rejimlərin doğurduğu hüquqsuzluq; yoxsulluq, başqa cür desək, yaşayış, dolanışıq dözülməzliyi! Baxın, Afrikanın Atlantik okeana çıxış ölkəsi olan Mərakeşdən Əfqanıstana, Əfqanıstandan Rusiya sınırınadakı türk-müsəlman ölkələrinədək böyük trayektoriya boyunca müsəlmasnlar özlərinin doğal resurslar baxımından çox varlı ölkələrini atıb, ölüm riski altında olsa belə, Avropaya qaçırlar. Burada sözü gedən ölkələrin bir çoxu ayrı ayrılıqda doğal resurslar baxımından bütün kontinental Avropadan daha varlıdır. Ancaq Tanrıdan çox varlı yaranmış bu ölkələrdəki müsəlman başçılar bir əldə Quran, bir əldə siyirmə qılınc tutmaqla ölkənin var-yatırına, demək olar, təkbaşına (yaxın çevrələrilə birlikdə) yiyələndiklərindən əli o var-dövlətə yetməz olan, üstəlik, qılınc (top-tüfəng) gücünə huquqsuz duruma gətirilən milyonlarla müsəlman XRISTIAN Avropaya qaçmağa çalışır, gecə-gündüz əlini göyə qaldırıb avropalı olma dualarında bulunur. Belə bir istəklə də onlar arvad-uşaqları ilə birlikdə ölüm riskinə belə gedirlər: “Təki bu cəhənnəmdən qurtarıb avropalı olaq!” Onların hamısı olmasa da, bir parası Avropaya gedib çıxa bilir, ancaq…
Əfqanıstandan qaçanlara baxın. Görün onlar Aralıq dənizinə çatanadək neçə müsəlman ölkəsi keçiblər, keçə bilərdilər: Azərbaycan, Iran Islam Respublikası, Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ərəb ölkələri. Onları bu müsəlman ölkələrində yalvar-yaxarla tutub saxlayan olsaydı da, buralarda qalmazdılar: bir çox başqaları kimi onlar da yalnız yoxsulluq üzündən deyil, bəlkə, bundan qat-qat artıq insanın sayılmaması, insan hüquqlarının allahsızcasına tapdanması üzündən ölkələrini atıb gedirdilər. Keçdikləri, keçə biləcəkləri ölkələr də müsəlman ölkələri olduğundan onlar durub-dayanmadan özlərini Aralıq dənizinə çatdırmaq istəyirdilər: “Sonrası nə olar – olar”. Sonrası bəllidir: özləri də batdılar, arvad-uşaqları da. Kimdir suçlu?
Türk-müsəlmnan dünyasının ən böyük ideoloqlarından olan Azərbaycan Türkü Şeyx Cəmaləddin Əfqani yazırdı: “Soruna ayıq yanaşmadan görünür: müsəlmanlığı bürüyən düşkünlük, pozğunluq qabaqca din başçılarında, üləmalarda yaranıb, sonra ümmətə keçib”. Avropaya qaçanların bir çoxu yollarda itib-batsa da, bir çoxu istəyinə çata bilir. Ancaq qovuşanların azı avropalı ola bilir, çoxu gerilikçi müsəlman olaraq qalır…