
Vəkil Xalid Bağırov Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılıb.
“Media forum” saytına açıqlamasında vəkil bildirib ki, rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılması haqda məlumat ona noyabrın 5-də verilib: “Nə səbəbə kənarlaşdırılmağımı bilmirəm. Noyabrın 5-də Bakı İstintaq Təcridxanasında Leyla xanımla görüşmək istəyirdim. Amma dedilər ki, mənim Leyla Yunusun müdafiəsindən uzaqlaşdırıldığım haqda Baş Prokurorluğun İstintaq İdarəsindən məktub alıblar”.
Oktyabrın 30-da vəkil Cavad Cavadov da Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılmışdı.
Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.


