
Qadınlar Şurasının sədri: “Nəsib Nəsibli bilirdi ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi budur”
Elnur Astanbəyli: “Bu gün AMİP, ADP haqda keçmişdə danışdığımız kimi, Müsavat haqda da keçmişdə danışa bilərik”
Müsavat Partiyasının 27 sentyabr qurultayında başqan postuna namizəd olmuş və seçkinin rəsmi nəticəsindən narazı qalan Qubad Ibadoğlu noyabrın 8-də öz tərəfdarları ilə görüş keçirəcək. Görüş Müsavatın mərkəzi qərargahına təyin olunub. Bir qrup müsavatçı Arif Hacılının başqan seçildiyi seçkiyə haram qatıldığını iddia edir, nəticələri tanımır.
Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub “Media forum” saytına bildirib ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının Qubad Ibadoğlunun şikayətinə verdiyi rəy müzakirə olunacaq: “Müsavat Partiyasının düşdüyü vəziyyətdən çıxış yolları axtarılacaq”.
Mərkəzi Nəzarət Təftiş Komissiyası başqanlığa keçmiş namizəd Qubad Ibadoğlunun şikayətinə oktyabrın 30-da rəy verib. Qurultaya hazırlıq, seçki kampaniyası zamanı, seçki prosesi dövründə pozuntuların olmadığı qənaətinə gələn Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyinə görə, çatışmazlıqlar qurultayın nəticələrinin legitimliyinə və demokratikliyinə təsir göstərməyib.
“Müsavat Partiyasında fraksiya yaradıla bilərmi” sualına Vurğun Əyyub “Fraksiya yaradılması nəzərdə tutulmayıb. Lakin 8 noyabr müzakirələrinin gedişindən çox şey asılıdır” deyə cavab verib.
Nəsib Nəsibli də Müsavatdan istefa verdi

Keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib.
N.Nəsibli ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.
“Qafqazinfo”ya açıqlamasında N.Nəsibli faktı təsdiqləyib. Lakin o, bu qərarı ilə bağlı şərh verməkdən imtina edib.
Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli “Report”a bildirib ki, Nəsib Nəsibli istefası ilə bağlı məlumatı ona bir həftə öncə verib: “Nəsib Nəsibli qurultaydan sonra partiyanın vəziyyətinə acıyırdı, buna görə də istefa verdi. Mən təkid etdim, bir qədər də düşünsün, amma alınmadı. Nəsib bəy Müsavatda baş verənlərlə bağlı mənə başsağlığı verdi”.
Ellada Məmmədli apa-ya açıqlamasında isə qeyd edib ki, N.Nəsibli Müsavat Partiyasına Arif Hacılının başqan seçilməsini qəbul etməyib: “Bizim aramızda qurultaydan sonra danışıq oldu. O bilirdi ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi budur. O mənə dedi ki, qurultaydan sonra iki gün özünə gələ bilməyib. Mənə bildirdi ki, belə olan təqdirdə yəqin ki, partiyada qalmayacaq. Bir müddətdən sonra mənə yenə zəng vurdu. Xətai rayon təşkilatına istefa müraciəti göndərmək üçün məndən məsləhət istədi. Mən də gözləməsini xahiş etdim. Çalışdım ki, bir həftə gözlədim onu. O da buna əməl etdi. Ancaq bir həftədən sonra yenidən aramızda söhbət oldu və mən onu gözlətdiyim üçün üzr istədim. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının məlum rəyindən sonra, o, dəyişən bir hadisənin baş vermədiyini görərək istefa verdi”.
Qeyd edək ki, N.Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub.
1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
Səxavət Soltanlı bu dəfə Nəsib Nəsibliyə sataşdı
“Nəsib Nəsibli indi istefa verir? Mən elə bilirəm 2010-ci ildə də istefa verib”. Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının divan üzvü Səxavət Soltanlı deyib. O vurğulayıb ki, son 10 ildə Nəsib Nəsiblini bir dəfə də olsun Müsavat partiyasında görməyib: “Hətta mən onun çoxdan siyasətdən getdiyini bilirdim. Son 10 ildə mən Nəsib bəylə rastlaşmamışam”.
Arif Hacılı Nəsib Nəsiblinin istefası haqda
Müsavat Partiyasının başqanı Arif Hacılı Nəsib Nəsiblinin partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib. A.Hacılı apa-ya açıqlamasında N.Nəsiblinin partiyadan çıxmaq haqqında qərarına təəssüfləndiyini deyib: “Nəsib Nəsiblinin partiya üzvlüyündən çıxması haqqında Xətai rayon təşkilatına ərizə göndərdiyi barədə mənə məlumat verilib. Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir. Onun partiyadan çıxmaq barədə qərar qəbul etməsinə görə təəssüf edirəm. Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoci fəaliyyətində uğurlar arzulayıram”.
Müsavat haqda da keçmişdə danışa bilərik
Müsavatın üzvü, tanınmış yazar Elnur Astanbəyli də təşkilat daxilindəki son qovğalara münasibət bildirib. O, “Yeni Müsavat”a müsahibəsində partiyadakı proseslərə tənqidi münasibətinə görə ittiham olunmasına cavab verkən deyib:
“Partiyadaxili polemikaları bu səviyyədə davam etdirəcəkləri təqdirdə vəziyyət daha da pisləşəcək. Çünki polemikanın üslubu yanlışdır. Vurğun Əyyubun iki il əvvəl hansısa universitetdə müəllim olmasını onun vətən xaini olması kimi təqdim edirlər. Onlarla müsavatçı tanıyıram ki, ayrı-ayrı institutlarda, Elmlər Akademiyasında işləyirlər. Bu nə məntiqdir? Vurğun Əyyub acından ölməlidir? Əgər Vurğun Əyyub bir özəl universitetdə müəllim işləyib, üstəgəl hakimiyyətin adamı olursa, 20 il heç yerdə işləmədən bahalı kostyumlar geyinə bilən adamların qaynağı niyə soruşulmur? Əminliklə deyirəm ki, bu, hələ Müsavatın yaxşı günləridir. Bu zehniyyətlə problemləri həll etməyə çalışırıqsa, bu gün AMİP, ADP haqda keçmişdə danışdığımız kimi, Müsavat haqda da keçmişdə danışa bilərik. Müsavatda problemin bircə kökü var: partiyalarda biətçiliyin olmasıdır. Partiyada liderçilik bu qədər qana işləyibsə, inanıram ki, bu, Müsavatın yaxşı günləridir”.
Mustafa Hacıbəyli Müsavat başqanının ona vəzifə verməməsindən danışdı
Müsavat Partiyasının başqanı postuna Arif Hacılının seçilməsindən sonrakı dövrdə diqqəti çəkən məqamlardan biri vəzifələrə təyinatlar oldu. Arif Hacılı özünə 4 nəfəri müşavir təyin etsə də, qardaşı Mustafa Hacıbəyliyə bu təyinatlarda yer vermədi. Halbuki Mustafa Hacıbəyli Məclis üzvü olmaqla yanaşı, 27 sentyabr qurultayına qədər başqan Isa Qəmbərin müşaviri olub. Isa Qəmbərin başqanlıqdan getməsi Mustafa Hacıbəylinin faktiki olaraq partiyada vəzifəsiz qalmasına gətirib çıxarıb.
Partiyada daim aktivliyi ilə seçilən M.Hacıbəyli hazırda sadəcə Məclis üzvüdür. Məclisə isə seçki ilə seçilib. Yəni faktiki olaraq qardaşı onu hələ heç bir vəzifəyə təyin etməyib. Bəs Mustafa Hacıbəyli bunu necə qarşılayır? Müsavat başqanı olan qardaşından buna görə narazılığı varmı? Vəzifəyə təyin olunmasını gözləyirmi?
Mustafa Hacıbəyli bildirdi ki, 22 ildir Müsavat Partiyasının üzvüdür və sıravi üzvlükdən özək sədrliyinə, rayon təşkilatı sədrliyinə, Məclis üzvlüyünə, Məclisin komissiya sədrliyinə və başqan müşaviri postuna yüksəlib. Başqan müşavirliyindən başqa bu görəvlərin hamısına seçki ilə seçildiyini deyən M.Hacıbəylinin fikrincə, əgər Müsavat Partiyasının Nizamnaməsindən irəli gələn dəyişikliklər olmasaydı güman ki, bu dəfə Divan üzvü ola bilərdi: “Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclaslarının birində Isa Qəmbər bildirmişdi ki, əgər Mustafa Arif Hacılının qardaşı olmasaydı, mən hələ 2006-cı ildə Mustafa bəyi müavin təyin edəcəkdim.
Təbii ki, mən partiyada vəzifəyə görə fəaliyyət göstərmirəm. 22 ildir Müsavatın üzvüyəm. Son illərdə başqan müşavirliyi istisna olmaqla heç vaxt Müsavatın rəhbərliyində təmsil olunmamışam. Lakin bu mənim partiyada fəaliyyət göstərməyimə mane olmayıb, bundan sonra da mane olmayacaq. Amma opponentlər müəyyən təbliğat apardılar. Görünür, təyinatlı vəzifələrə təyin olunmamağımda bunun da rolu olub. Hər halda, mən Müsavat rəhbərliyində təmsil olunmaq istəyirəm”.
M.Hacıbəyli onu da dedi ki, hələ ona vəzifə təklifi olmayıb: “Mən təklifin olmamasını da özüm üçün faciə kimi qəbul eləmirəm. Müsavat başqanı Arif Hacılı ilə bu mövzuda söhbətimiz olmayıb. Mənə hansısa vəzifə təklifi edilib-edilməməsindən asılı olmayaraq necə ki, əvvəllər Müsavatın bütün tədbirlərində iştirak eləmişəm, eyni qaydada bundan sonra da yaxından iştirak eləməyə hazıram”.
Müsavat partiya üzvlərini yenidən toplayır
“Müsavatın budəfəki toplantısı partiyanın nizamnaməsinə əsasən keçiriləcək. Əsas məqsəd partiyada boş qalan müəyyən yerlərə üzvlər seçməkdir”. Bunu Hafta.az-a açıqlamasında Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı partiya məclisinin növbəti toplanışına münasibət bildirərkən deyib. MP funksionerinin sözlərinə görə, məclisin tez-tez toplanması partiyanın nizamnaməsinə əsasən gerçəkləşir: “Müsavat Partiyasının nizamnaməsinə əsasən, məclis 3 aydan gec olmayaraq toplanmalıdır. Ancaq budəfəki yığıncağın əsas məqsədi partiyadaxili qurumlarda boş qalan yerlərə üzvlərin seçilməsi əsas təşkil edir”.
Müsavat başqanlığına keçmiş namizədin sözlərinə görə, boş qalan yerlərə bir neçə dəfə seçkilər keçirilərsə də, yetərsay olmadığı üçün proses yarımçıq qalıb. Tural Abbaslı budəfəki toplatıda əsasən 3 daxili qurumun vakant yerlərinə üzv seçiləcəyini deyib: “Bunlar məclis, Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvlüyünə boş qalan yerlər və məclis sədrinin seçilməsi planlaşdırılır. Onu da deyim ki, məclis üzvlüyünə 27, MNTK-ya 3 yerlik vakansiya qalıb. Məclis sədri isə məclis üzvündən seçiləcək”.
Partiyanın gənclər fraksiyasının təşəbbüskarı məclis sədrliyinə namizədlik verib-verməyəcəyinə də aydınlıq gətirib: “Mənim hazırda partiyada heç bir səlahiyyətim yoxdur. Məclis sədri isə məclis üzvündən seçilir. Mən həmin qurumun üzvü deyiləm. Sadəcə, partiyanın üzvüyəm”.
Xatırladaq ki, budəfəki toplanışa qədər Müsavatın partiyadaxili qurumlarına boş qalan yerlərə üzv seçilməsi üçün partiya üzvləri bir neçə dəfə toplanıb. Ancaq üzvlük üçün yetərincə səs toplanmadığı üçün vakant stullara heç kim əyləşə bilməyib.



