
Noyabrın 5-də Naxçıvan Şəhər Məhkəməsi hüquq müdafiəçisi İlqar Nəsibova qarşı iddianın icraatına xitam verib.
İlqar Nəsibov avqustun 21-i Naxçıvan şəhərində, həmtəsisçisi olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin ofisində döyülüb. Bu quruma onun həyat yoldaşı Məlahət Nəsibova rəhbərlik edir.
Avqustun 23-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb ki, İlqar Nəsibov yaxın dostluq münasibəti saxladığı Naxçıvan şəhər sakini Fərid Əsgərovla dalaşıb. Onların hər ikisinə qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə cinayət işi açılıb.
“Media forum” saytına açıqlamasında İlqar Nəsibov bildirib ki, noyabrın 5-də Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mehman Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ondan təqsirli olub-olmadığını soruşublar: “Özümü təqsirli saymadığımı bildirdim. Fərid Əsgərov çıxışında etdiyi hərəkəti boynuna aldı və dedi ki, mənə qarşı fiziki təzyiq edərkən sərxoş olub. Etdiyi hərəkətdən peşman olduğunu bildirdi və üzr istədi. Məndən şikayətini geri götürdüyünü söylədi və işin icraatına xitam verilməsini xahiş etdi. Müşavirədən sonra hakim məhkəmə prosesinin icraatına xitam verdi. Qərardan apellyasiya şikayətinin verilmə vaxtı bitənə qədər üstümdəki polis nəzarəti qüvvədə qalacaq. Apellyasiya şikayəti vermək fikrim yoxdur”.
İlqar Nəsibov hadisədən sonra səhhətində yaranan problemlərə də toxunub: “Üzərimdən polis nəzarəti tam götürüləndən sonra müalicə olunmalıyam. Burnumda, qabırğalarımda, sol gözümün üstündə, sağ almacıq sümüyümdə qırıqlar var. Sınıqlar yavaş-yavaş bərpa olunur. Məni əsas narahat edən qabırğamdakı qırıqlar və sifətimdəki keyləşmədir”.


