Gürcüstanda siyasi böhran; “Gürcü arzusu” dağıldı

Müdafiə nazirinin işdən çıxarılması kütləvi istefalara səbəb oldu

Baş verənlər Rusiyanın planlı əməliyyatı kimi qiymətləndirilir

Gürcüstanda siyasi böhran yaşanır. Ölkədə bir neçə nazir və deputat istefa verib. Vəzifədən gedənlər sırasında Gürcüstan xarici işlər naziri və 3 müavini, ölkənin müdafiə naziri, həmçinin Avropa məsələləri üzrə nazir də var.

Xarici işlər naziri Maya Pancikidze keçirdiyi xüsusi brifinqdə istefasını açıqlayıb. O, eyni zamanda, hakim “Gürcü arzusu” partiyasından da istefa verib.
Qeyd edək ki, Maya Pancikizde vəzifəsindən uzaqlaşdırılan müdafiə naziri Irakli Alasaniyanın baldızıdır. Irakli Alasaniya ölkədə siyasi böhran yarandığını deyib və onun dərinləşməsini önləməyin vacibliyini vurğulayıb. O, Müdafiə Nazirliyinə qarşı son “kampaniya” ilə ölkənin xarici siyasət kursu arasında əlaqə olduğunu vurğulayıb: “Müdafiə Nazirliyinə qarşı son kütləvi hücum onun ölkənin Avro-Atlantik planlarını həyata keçirən əsas qüvvəyə qarşı kampaniya olduğunu deməyə əsas verir”.

Gürcü politoloq Xatuna Laqazidze Gürcüstanın müdafiə naziri Irakli Alasaniyanın vəzifədən azad edilməsini Rusiyanın planlı əməliyyatı kimi qiymətləndirib.
Rəsmi məlumatlarda isə deyilir ki, Alasaniyanın vəzifədən kənarlaşdırılması Gürcüstan prokurorluğunda orduda zəhərlənmə ilə bağlı Müdafiə Nazirliyi əməkdaşlarına qarşı cinayət işi üzrə istintaq tədbirlərilə bağlıdır.
Yeri gəlmişkən, Müdafiə naziri postuna Mindiya Canelidze təyin edilib.

Müdafiə nazirinin istefasından sonra canlı yayımda Avropa məsələləri üzrə nazir Petriaşvili də istefa verib. Bundan başqa, 4 deputat – David Zalkaliani, Tamar Beruçaşvili, David Calaqaniya və Vladimir Qurgenidzeÿdə istefa verib.

Həmçinin, Gürcüstanın Avropanın 12 ölkəsindəki səfirlərinin də istefa verdiyi haqda məlumatlar yayılıb. Lakin səfirlərlə bağlı xəbər hələlik rəsmən təsdiqlənməyib.

Ölkənin NATO-dakı səfiri Levan Dolidze də istefa verib. Səfir “Maestro” telekompaniyasına faktı təsdiqləyib və bildirib ki, istefa bəyanatı əvvəlcədən planlaşdırılmış bir neçə vacib görüşdən sonra qüvvəyə minəcək. Dolidze istefa qərarını baş nazirə noyabrın 5-i səhər saatlarında çatdırdığını da deyib.

İstefaya göndərilən müdafiə naziri İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” partiyası “Gürcü arzusu” hökumət koalisiyasından çıxıb. Bu barədə Alasaniya noyabrın 5-də koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə görüşdən sonra məlumat verib. O, bildirib ki, konstruktiv dialoq baş tutmayıb, buna baxmayaraq, tərəfdaşları ilə sivil şəkildə vidalaşır. “Bizi “Gürcü arzusu”nun ofisində Bidzina İvanişvili qarşılasa da, diskussiya alınmadı. Ona görə ki, biz bura İvanişvili ilə danışmaq üçün gəlməmişdik. Mən sabiq tərəfdaşlarla bizi bu addımı atmağa vadar edən səbəblər barədə danışmaq istəyirdim. Təəssüf ki, söhbətimiz baş tutmadı. Amma mən əminəm ki, gələcək siyasi həyat bizə Gürcüstana xidmət etmək üçün şans verəcək”, – deyə İ. Alasaniya vurğulayıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili baş verənlərlə bağlı bəyanat verib. “Ölkə pərdə arxasından deyil, güclü institutlar tərəfindən idarə olunmalıdır” deyən prezidentin keçmiş baş nazir Ivanişvilini nəzərdə tutduğu ehtimal edilir.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili isə ölkənin “siyasi ofşordan” idarə olunduğunu iddia edib: “Ivanişvili devriləcək. Məqsədimiz odur ki, qaçılmaz olan bu proses nəticəsində Rusiya Gürcüstana əllərini uzada bilməsin və ölkənin suverenliyini məhv etməsin. Bütün qərarları bir adam qəbul edir və o heç nəyə görə cavab vermir”.

Isveçin xarici işlər naziri Karl Bildt də Gürcüstanda yaranan situasiyanı “ciddi siyasi böhran” kimi qiymətləndirib. O, “ölkənin kursunun təhlükə altında olduğunu” qeyd edib.

İnformasiya şöbəsi