«QHT-lər xaricdəki «havadarların» köməyi ilə gənc demokratiyanın stabilliyini poza bilərlər»
Mehman Əliyev: «Hakimiyyət tam ictimai nəzarətə nail olmaq istəyir, QHT-lər, media isə şəffaflıq niyyəti ilə buna mane olur»
Azərbaycan hakimiyyəti yenə ənənəvi siyasətinə sadiq qalaraq demokratiyanın təməl prinsiplərindən biri sayılan QHT institunu ləkələməklə məşğuldur. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun açıqlamasını bu qəbildən saymaq olar. Onun sözlərinə görə, QHT-lər xaricdəki “havadarların” köməyi ilə gənc demokratiyanın stabilliyini poza bilərlər və yetkin demokratiyalara bunu xatırlatmaq lazımdır.
Hakimiyyətin son zamanlar QHT-lərə qarşı yürütdüyü “səlib yürüşü” ölkədə acınacaqlı durum yaradıb. Faktiki olaraq üçüncü sektorun fəaliyyəti Azərbaycanda sıfra endirilib. Bəs, hakimiyyəti bu qədər qorxudan nədir?
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, E.Süleymanovun QHT-ləri təhdid kimi dəyərləndirməsi sözsüz ki, düzgün yanaşma deyil. Azərbaycanın dövlət maraqlarını, təhlükəsizlik məsələlərini daha çox şəxsi maraqlara bağladıqlarını deyən M.Əliyevin fikrincə, niyyət odur ki, Azərbaycan qapalı dövlət olsun və korrupsiya faktları barədə informasiya beynəlxalq aləmə çıxmasın: “Hakimiyyət çalışır ki, Azərbaycana heç kim insan haqları ilə bağlı irad tutmasın. Bütün bunlar QHT-lərin sıxışdırılmasının əsas səbəbidir. Hakimiyyət tam ictimai nəzarətə nail olmaq istəyir. QHT-lər, media isə şəffaflığın yaranmasına çalışır. Bu isə hakimiyyətin maraqlarına uyğun deyil. Hər bir hakimiyyətin istəyi var ki, iqtidarda olmağından istifadə edərək şəxsi maraqlarını təmin etsin. Qərb dövlətlərində QHT institutları olduqca güclüdür. Onlar lazım olanda cəmiyyəti səfərbər edirlər”.
M.Əliyevin sözlərinə görə, son illər QHT təmsilçiləri öz fəaliyyətləri ilə hakimiyyətin siyasətinin yarıtmaz olmasını sübut edə biliblər. Buna misal olaraq Iqtisadi Tədqiqatlar Mərkəzinin inflyasiya, Kür Vətəndaş Cəmiyyətinin isə fəlakət zonasında aparılan işlərlə bağlı yaydığı hesabatı göstərmək olar. “Heç şübhəsiz Azərbaycan hakimiyyəti bu tip informasiyaların cəmiyyətə çatdırılmasında maraqlı deyil. Ona görə də hakimiyyət QHT-lərə qarşı hücuma keçib. Hakimiyyət istədiyi kimi idarə etmək istəyir”, deyə M.Əliyev vurğuladı.
Azərbaycan hakimiyyətinin idarəçiliklə bağlı ciddi problemlərinin olduğunu deyən M.Əliyev bildirdi ki, hakimiyyətin problemlərinin mövcudluğunu R.Mehdiyev də çıxışında etiraf edib.
Xəyal


