Biz bədbəxtikmi?

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

ABŞ-ın “Cato Institute” adlı tədqiqat mərkəzi var imiş, götürüb ən bədbəxt ölkələrin reytinqini açıqlayıb. Bədbəxtliyin ölçü vahidləri də bunlar imiş: inflyasiya və işsizlik dərəcəsi, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi. 

Ən bədbəxt ölkələrin siyahısında Azərbaycan 106 ölkə arasında 38-ci pillədə dayanıb. Əvvəla, qəm eləməyə dəyməz: dünyanın bizdən nə az, nə çox düz 37 daha bədbəxti varsa, hətta bunu camaata partiya və hökumətimizin uğurlu daxili və xarici siyasətinin təntənəsi, yeni Lissabon qələbəsi kimi də sırımaq olar.

Ikincisi, bəlkə dünyanın harasındasa inflyasiya, ya da işsizlik, yaxud ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi xoşbəxtlik və ya bədbəxtlik ölçüsü kimi qəbul edilir, amma bunun bizə nə dəxli var axı?! Biz şirniquşu ilə də xoşbəxt olan camaatıq, seçkidən seçkiyə pensiya 10 faiz artsın, toy-bayram eləyirik.  

Ümumiyyətlə, partiya və hökumətimiz bizi xoşbəxt etmək üçün gecə-gündüz səylə çalışır, bunu görməmək haqsızlıqdır, insafsızlıqdır. Məsələn, indi çoxları deyir ki, Əliyevlər Azərbaycanının səhiyyəsinə inanmırlar, guya bizim xəstəxanalar sağaltmaq üçün yox, öldürmək üçündür, həkimlər də ağ xalatlı cəlladlardır-zad. Gəlin görək belədirmi? Əlbəttə, yox. Xeyr. Qətiyyən. Əsla. Ramiz müəllim demişkən, elə bil heç bu xalqın Sabiri, Mirzə Cəlili olmayıb, heç kim bilmək, başa düşmək istəmir ki, məsələn, niyə bizdə xəstələrə yanlış diaqnoz qoyurlar? Çox sadə səbəbdən: tutaq ki, səni burada müayinə edib deyirlər xərçəng xəstəsisən. Qanın it qanına döndümü, dünya başına yıxıldımı, oldunmu bədbəxt? Sonra nə baş verir? Sonra son bir ümidlə gedirsən Irana, orada səni müayinə edirlər, deyirlər, a balam, nə xərçəng-zad, səndə heç zad yoxdur, turp kimisən. Bu zaman nə baş verir? Başlayırsan sevincdən uçmağa, dombalaq aşmağa, bütün dünyanı elə bil sənə verirlər, bir sözlə, olursan xoşbəxtlərin xoşbəxti. Amma bu xoşbəxtliyə görə öz səhiyyəmizə təşəkkür etmək heç kimin ağlına gəlmir, hələ bir oturub gileylənirlər ki, guya həkimlərimizin başı heç nədən çıxmır, yalnız pul yığmaqla məşğuldurlar, filan-bəsməkan.  Olmaz axı belə. Yanlış diaqnozların xalqımızı xoşbəxt eləmək üçün partiya və hökumətin bizə bir lütfü olduğunu anlamayanlardan hər şey çıxar, onlar sabah gedib erməni dəyirmanına su da tökərlər.

Dediyim odur ki, Amerikadakı o tədqiqat mərkəzi çox səhv edib bizim bədbəxtliyimizi hansısa elmi kriteriyalarla ölçmək qərarına gəlib, bizim xoşbəxt olmaq üçün də, bədbəxt olmaq üçün də səbəblərimiz başqalarınkından fərqlənir. Bizi ən uzun bayraq dirəyi ilə xoşbəxt etmək də olar, sonra hansısa ölkədə bizdəkindən daha uzun bayraq dirəyi tikildiyini xəbər verib bədbəxt etmək də.

Bizi burada uşaqlar yatağa ac girərkən, böyüklər kredit bataqlığında boğularkən gedib Avropada ətək-ətək pul tökərək hansısa futbol komandasının formasına “Odlar yurdu” yazdırmaqla xoşbəxt də etmək mümkündür, “Qurdlar vadisi”nin yeni bölümü başlayar-başlamaz işıqları söndürərək bədbəxt eləmək də.

Yoxsa kiminsə çıxıb bir ölkə olaraq bizim xoşbəxtliyimizi, yaxud bədbəxtliyimizi insan hüquq və azadlıqlarının, ədalətin, sosial bərabərliyin, iqtisadi şəffaflığın, inflyasiyanın, işsizliyin səviyyəsi ölçmək istəməsi nadanlıqdır. Gedin özünüzü dolayın. Unutmayın: bizim öz yolumuz var!

Öz xoşbəxtliyimiz, öz bədbəxtliyimiz var bizim.

Sonda bu gün – 5 noyabr münasibəti ilə həm sizi təbrik edir, həm də səbr diləyirəm. Xüsusi səbəbi yoxdur, təbrik edirəm – çünki Azərbaycan kimi ölkədə, bu qədər dərdin-bəlanın, qayğının, ağrının içində, ürəyiniz partlamır, yeni günə oyana bilirsinizsə, bunun özü bir bayramdır, xoşbəxtlikdir. 

Səbr diləyirəm – bu da yeni günə oyanıb hər şeyi köhnə görüb özünü bədbəxt hiss edənlər üçündür.