Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Artıq elə bir vəziyyətə gəldik ki, indi ölkədə heç kimi heç bir korrupsiya faktı ilə heyrətləndirə bilməzsən. Hamı hər şeyi bilir, idarəetmə normasına çevrilən oğurluğun miqyasını təsəvvür etmək heç kim üçün çətin deyil. Sanki elə belə də olmalıdır. Sanki başqa cür olsa, insanların heyrətdən gözləri böyüyər.
Budur, dünən oxuyuruq ki, Azərbaycanda Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Yəni 5 dollar KIMLƏRINSƏ cibişdanına gedir. Bu haqda iqtisadçı Zöhrab Ismayıl özünün “Facebook” səhifəsində yazıb. Normal ölkədə belə bir faktın gün işığına çıxması ilə yer yerindən oynayar, xalqın qorxusundan hökumətdəkilər gizlənməyə siçan deşiyini satarlar. Bizdə isə – ölü səssizliyi. Qəbiristan sükutu. Həmişə olduğu kimi!
Zöhrab bəyin sözlərinə görə, Gürcüstanın rəsmi statistika qurumu məlumat yayıb ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub, Azərbaycan Dövlət Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Hardasa 350 milyon dollarlıq bir fərqdən gedir. Üstəlik, bu hələ bir ölkə ilə ticarətdə yaranan fərqdir. Zöhrab bəyin öz sözləri ilə desək, bunun Rusiyası, Türkiyəsi, Çini, Dubayı var…
Yeri gəlmişkən, bir müddət əvvəl, Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatları ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlamışdı. Bəlli olmuşdu ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib. Siz pullara baxın! Yeyintinin, oğurluğun miqyasına baxın!
Ya da heç baxmayın. Elə beləcə, indiki kimi laqeyd qalın. Yuxarıda da yazdıq, artıq camaatı heç bir korrupsiya faktı ilə təəccübləndirmək mümkün deyil. Hamı fikirləşir ki, ölkədə yalnız talan üzərində qurulmuş sistem mövcuddur və ondan sümürücülüykdən başqa nəsə gözləməyin özü axmaqlıq olardı. Elə laqeydliyin kökü də bundadır. Hər kəs fikirləşir ki, oğurlamayıb nə etməlidirlər, guya əllərindən başqa, düz-əməlli bir iş gəlir ki?!
Açığı, özüm də bu sətirləri yazarkən utanıram. Axı doğrudan da biz kimik ki, bu ölkədə? Hansı dəyərə sahibik? Bunların yanında hansı hörmət-izzət yiyəsiyik? Nə dəxli var bu ölkənin sərvətlərindən bizə? Niyə bizə hansısa idxalın, ixracın, neftin, qazın hesabatını verməlidirlər? Hələ üstəlik, “oğurlasınlar, amma iş görsünlər” deyən, hansısa offşor şirkətlər üzə çıxanda qayıdıb “əşşi, nə olsun e, körpü də tikirlər də” söyləyən, bunların hardasa mülkləri tapılanda at kimi adamın üzünə dayanıb musiqili fontanları, “Alov qüllələri”ni gözümüzə soxan çoxluq varkən, hansı hesabatlılıqdan və şəffaflıqdan danışmaq mümkündür?
Ümumiyyətlə, axı bu yazının özü nəyə lazımdır? Imkan vermək lazımdır, camaat Xoşqədəmin verilişinə baxıb zar-zar ağlasın, “Qurdlar vadisi”nin yeni seriyasında Polad Ələmdarın ölüb-ölməyəcəyini müzakirə etsin, ələm uçursun, cin çıxarsın, qafiyə açsın, hansısa bozbaş müğənninin uşağının kimdən olduğu üzərində uzun-uzadı baş sındırsın, “Can-cana”ya süzsün, oğurlayanlar, talanla məşğul olanlar da rahatca oğurlamağa, talamağa, millətin sərvətlərinin, dövlətin büdcəsinin altından girib üstündən çıxmağa davam etsinlər.
Yoxsa korrupsiya-zad, azadlıq, demokratiya-filan…
Belə sarsaq mövzularda başağrısı verdiyim, qulağınızı dəng elədiyim, qiymətli vaxtınızı aldığım üçün hamıdan üzr istəyirəm.
Işinizdə olun.