Hüquqşünas Hafiz Həsənov imzatoplama prosedurunun əleyhinədir
Azərbaycanda keçirilən seçkilərdə namizədlərin müdafiəsi üçün seçici imzası tələb olunur. Seçki Məcəlləsinə görə, prezidentliyə namizəd 40 min, deputatlığa namizəd 450, bələdiyyəyə namizəd 15-dən 150-dək (əhalisi 99.999-dan çox olan ərazidə – 150; əhalisi 49.999-dan çox olan ərazidə – 100; əhalisi 19.999-dan çox olan ərazidə – 75; əhalisi 9.999-dan çox olan ərazidə – 50; əhalisi 4.999-dan çox olan ərazidə – 30; əhalisi 4.999-dan az olan ərazidə – 15) imza toplamalıdır.
Bir çox ölkələrdə namizədlər seçki imzası əvəzinə müəyyən məbləğdə pul ödəyir. Namizəd səsvermədə iştirak etmiş seçicilərin 3-5%-nin səsini qazandıqda seçki girovu qaytarılır.
Seçki eksperti, hüquqşünas Hafiz Həsənov “Media forum” saytına Azərbaycanda imza toplama prosedurunun əleyhinə olduğunu deyib: “Bu gün dünyada tətbiq edilən ən yeni metodlara nəzər salsaq, aydın olar ki, namizədin müdafiəsi üçün seçici imzalarının toplanması o qədər də önəmli deyil. Təbii ki, burada müəyyən variantlar mümkündür. Pul depozitlərinin qoyulması şərtlərdən biri ola bilər. Bələdiyyə seçkisində bu metod o qədər də önəmli deyil. Çünki az sayda imza tələb edilir. Başqa seçkilərdə isə seçici imzası namizədlərin qeydiyyatında başlıca problemlərdən birinə çevrilib”.
Hafiz Həsənov xatırladır ki, Azərbaycanda seçici imzası əvəzinə pul depozitinin verilməsi metodu tətbiq olunub: “Sonra bu qayda Seçki Məcəlləsindən götürüldü. O zaman həmin müddəa məcəlləyə beynəlxalq ekspertlərin təklifi ilə salınmışdı və namizədin qeydiyyatı ilə bağlı bir zəmanət idi. Sonra bu müddəa qanunvericilikdən çıxarıldı.
Beynəlxalq təcrübədə müxtəlif variantlar var. Məsələn, namizəd pul depoziti qoymadan seçkiyə gedir, amma hansısa sayda səs toplamasa, müəyyən məbləğ ödəməli olur. Bu yol təsadüfi namizədlərin qarşısını ala bilər.
Bəzən güclü namizədin maliyyə imkanları zəif olur. Belə namizədlər üçün həmin metod daha əlverişlidir. Bu qayda bələdiyyə seçkiləri üçün də məqsədəuyğun sayıla bilər. Əhali arasında müəyyən nüfuzu, reytinqi olan, etimad qazanan, maddi imkansızlıq ucbatından seçkiyə gedə bilməyən şəxslər üçün bu qayda yaxşı hüquqi imkan yaradar.
Elektron hökumət, elektron imza, internetlə səsvermə dövrü ilə səsləşməyən seçici imzasını aradan qaldırmağın vaxtı çatıb”.


