Ilham Ismayıl: «Onlar keçmiş Qarabağ döyüşçüləri ola bilməz»
Türkiyə üzərindən peşmərgələrin YPG yaraqlılarına (PKK-nın qolu) kömək üçün Suriyaya keçməsindən sonra “Iraq-Şam Islam Dövləti” (IŞID) bir aydan çoxdur qanlı döyüşlərin getdiyi Kobaniyə nəzarəti ələ keçirmək üçün hücumları şiddətləndirib. “Virtualaz.org”un məlumatına görə, peşmərgələrin və Azad Suriya Ordusu yaraqlılarının köməyə getməsindən sonra IŞID qüvvələrini Kobanidən vurub çıxarmaq üçün hücum hazırlıqları aparılır.
Lakin IŞID kürd yaraqlıları qabaqlayaraq Türkiyə ilə sərhəddəki Murşitpınar sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirmək, beləliklə də Kobanini tam mühasirəyə almaq üçün hücumları buÿnöqtəyə yönəldib.
Bu hücumlar zamanı IŞID həm kamikadze hücumlarından, həm də snayperlərdən istifadə etməyə başlayıb. məlumatda qeyd olunur ki, IŞID Azərbaycan, Çeçenistan və Özbəkistandan çoxlu sayda peşəkar snayper aparıb və onların köməyi ilə YPG yaraqlılarının mövqelərini müntəzəm atəş altında saxlayır. Həmçinin bomba yüklü maşınlarla həyata keçirilən kamikadze hücumlarına daha asan həyata keçirilən motosikletli bomba hücumları əlavə olunub.
IŞID-in Azərbaycandan çoxlu sayda peşəkar snayper aparması barədə xəbər verilsə də, onların Azərbaycan ordusunun sabiq snayperləri, yoxsa könüllü döyüşçülər olması detallı şəkildə açıqlanmır.
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl Qarabağ döyüşçülərinin IŞID-ə qoşulmasına inanmır: “Mən özüm də Qarabağ döyüşçüsüyəm. Buna görə əminliklə bu sözü deyirəm. Adi döyüşçü ora getməyibsə, snayper də IŞID-ə qoşulmaz. Bu, birmənalı şəkildə belədir. Azərbaycandan snayper aparılması haqda məlumata gəlincə, ora gedənlər ən azı 6-7 ay təlim keçirlər. Deyilənlər həmin şəxslər ola bilər. Amma bir Qarabağ döyüşçüsü ora gedib döyüşməyib. IŞID-in apardığı snayperlər onlar ola bilməz”.
Informasiya şöbəsi


