Azərbaycan rifaha görə Botsvanadan da geri qalır

Diktatura ölkəsi Belarus da siyahıda Azərbaycandan xeyli irəlidədir

Londonda yerləşən Legatum institutu ənənəvi illik rifah indeksini hazırlayıb. Builki Rifah Indeksində Azərbaycan 142 ölkə arasında 79-cu yeri tutub. Hər bir ölkə üzrə rifah indeksi 8 sahə üzrə vəziyyətə qiymət əsasında müəyyən olunur. Bunlar iqtisadiyyat, səhiyyə, təhsil, biznes və buna şərait, idarəçilik, şəxsi azadlıq, təhlükəsizlik, sosial kapitaldır.

Azərbaycan iqtisadiyyatına görə dünyada 65-ci, biznes və buna şəraitə görə 67-ci, idarəçilikdə 105-ci, təhsildə 83-cü, səhiyyədə 89-cu, təhlükəsizlikdə 75-ci, şəxsi azadlıqda 102-ci, sosial kapitalda 77-cidir.

Rifah Indeksində dünya üzrə birinci yerdə isə Norveçdir. Sonrakı yerlərdə Isveçrə, Yeni Zelandiya, Danimarka, Kanada, Isveç, Avstraliya, Finlandiya, Niderland və ABŞ gəlir.

Azərbaycanın qonşularından Rifah Indeksində Rusiya 68-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci, Iran 107-ci yerdədir.

Maraqlıdır ki, Afrika ölkəsi olan Botsvana Rifah Indeksində Azərbaycanı qabaqlayır. Bu ölkə 75-ci pillədə yer alıb. Diktatura ölkəsi sayılan Belarus isə bir qədər də irəlidədir – 53-cü yer. Dəniz qonşumuz Qazaxıstan da bizdən bir xeyli irəlidədir. Qazaxlar rifaha görə 55-ci yeri tutub.

Onu da qeyd edək ki, siyahıda ilk 30 yerdə qərarlaşan ölkələrin 27-si demokratik dövlətlərdir.

Siyahıda diqqət çəkən məqamlardan biri də idarəçilik, həmçinin şəxsi azadlıq kriteriyaları baxımından Azərbaycanın heç ilk 100 ölkə arasında olmamasını şərtləndirən əsas səbəblər nədir?

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, Azərbaycanda bu sahədə ildən ilə geriləmənin səbəbi administrativ müdaxilənin çox güclü olmasıdır. Onun sözlərinə görə, prezident başda olmaqla, administrativ orqanların hər yerə müdaxiləsi var: “Birbaşa demək olar ki, qanunvericilik orqanları və məhkəmənin hamısı formal xarakter daşıyır. Hakimiyyətin qollarının müstəqilliyi təmin olunmur. Bu problemlər əsas göstərilə bilər”.

Informasiya şöbəsi