Biz hələ məktəbli olanda yaxşı bir kitab almaq üçün yol basıb şəhərə gələr, uzun bir yol qət edərdik. Yaxşı yadımdadır, Evarist Qalua haqqında kitabı almaq üçün dördə dəfə şəhərə gəlmişdim, bunun üçün hər dəfə bazar gününü gözlədiyim üçün, deməli, bir ay bu arzumun dalınca qaçmışdım. Sonra bəlli oldu ki, ümumiyyətlə belə bir kitab yoxdur, almaq istədiyim kitabı Qalua nəzəriyyəsi barədə elmi broşüranın nəşri ilə səhv salmışam. O kitabı yalnız növbəti il ala bildim, amma aldım. Hətta fikirləşmişdim ki, həmin kitab nəşr olunmasa, onu özüm yazacağam…
Indi bir anlığa ömrümün 25 ilini getdiyim yola baxıram. Bütün bu illərdə Azərbaycanın müstəqil, azərbaycanlıların azad ola biləcəyi bir ölkə quracağımız üçün yol gedirik. Bu yolun necə başladığı da, necə davam etdiyi də danılmazdır. Ilk baxışdan fövqəladədir, 25 il az deyil. 25 il eyni istəkdən danışmaq belə asan deyil. Amma minlərlə insan bu yolu keçib gəlib, həm şəxsən mənim görmədiyim əziyyətləri keçərək gələnlər var. Adsız qəhrəmanlar, tanınmayan fədakarlar var, fəqət hər an ürəyi bu istəklə döyünüb onların. Bir neçə il öncə aptekdə bir tanışımı gördüm. Məndən qabaqda durmuşdu, əlindəki qısa bir reseptdəki dərmanları almağa pulu çatmadı. Sonra biz bərabər çıxdıq, uzun illərdi onu görmürdüm, çay içdik, söhbət etdik, məndən yaşlı olsa da, Azərbaycanın gələcəyi ilə bağlı məndən daha yanğı ilə danışdığını gördüm.
Yol uzanıb, yorulanlar da var. Əngəllər də bitmir, hətta bəzən vicdanlı adamların da tənələrinə tuş gəlirik. Amma gedənlər yenə də var. Başa düşürəm ki, eyni istəyin dalınca bu qədər getmək inad kimi də görünə bilər, ömrü bada vermək kimi də. Amma düz yolu qoyub, necə çəkiləsən, niyə çəkiləsən?! Nəticə yoxdur, amma bu hələ düz yolda olmadığımızı sübut etmir. Məgər düzlük həmişə asan, həmişə tez qələbə çalır?
Bu günlərdə dostların biri ilə çox ağır mübahisə etdik. Məntiqin yerlə-yeksan olduğu bir müzakirə idi. Vicdanlı adamlarla mübahisə mənə daha ağrılı olur. Bilirsiniz, “Yol düzdürsə, niyə qələbə yoxdur?!” sualı yanıltmacdır. Bu məntiqlə indi hakimiyyətdə olanların yolu düz sayılmalıdır. Vicdanlı adam bu sualla Siyavuş Novruzova haqq qazandırmış olar.
Bu yol doğrudur! Tutaq ki, illərdir bu yolda olan liderlər, təşkilatlar səhvdir, xalqın çağırışlara gəlməməsini də buna yozduq, bəs onda niyə gəncliyin çağırış etdiyi “Əsgər ölümlərinə yox!” aksiyasına qədərincə adam gəlmədi? Bu ki yenilərin çağırışı idi! Axı o aksiyanın möhtəşəm olması ölkəni fərqli bir havaya apara bilərdi.
Çünki yol nə qədər uzansa da, nə qədər mürəkkəb görünsə də, istədiyimiz azadlıq bir addımlıqdadır. Sadəcə bunun üçün daha çox adam o addımı atmalıdır. Fəvvarələr meydanı həmin gün insanlarla coşsa idi, bu dinc aksiya hakimiyyəti dəyişməsə də, hakimiyyətin davranışlarını, psixologiyasını dəyişəcəkdi. Xalqın ayağa qalxdığını görmək bəs edir bunun üçün. Əvvəlki dövrlər deyil, dinc aksiyalar artıq əvvəllər olduğundan da böyük gücə sahibdir.
Bu cür aksiyanın uğuru cəmiyyəti dəyişdirər, uğura inamı gücləndirər, hər kəsi inandırardı ki, azadlıq elə bir addımlıqdadır. Bu prosesə daha çox insanı qatar və Azərbaycan toplumunu etiraz edə bilən, tələb etməyi bacaran, azad və hərəkətli qüvvəyə çevirərdi. Bu çətin görünür, amma cəmi bir addımlıqdır.
Bu addımın adı isə mitinqə gəlməkdir!
…Uilyam Qoldinqin dünya şöhrətli “Milçəklər kralı” romanı gerçək bir ixtiradır. Əsər Azərbaycan kimi ölkələrdəki cəmiyyətlərdə baş verənləri dəhşətli dərəcədə yamsılayır. Sadəcə adada qalan uşaqların mübarizəsi ilə. Amma bu əsərin əvvəlində hər kəsi düşündürməli olan misilsiz bir təsvir var. Azərbaycanı evbəev gəzib bunu hər kəsə danışmağa hazıram. Əsərin qəhrəmanlarından biri qışqırıb kömək istəyir, bildirir ki, ilişib və tərpənə bilmir, onu bu əngəllərdən qurtarmağa kimsə kömək etsin. Halbuki, o, ən zərif otlara ilişib, heç də Sizif kimi dağlara qandallanmayıb.
Elə biz də ən zərif əngəllərə, ən zərif qorxulara, ən zərif tamahlara, ən zərif hiylələrə, ən zərif adətlərə, ən zərif münasibətlərə və ədavətlərə ilişmişik.ÿElə bilirik çıxış yolu yoxdur. Çıxış yolu isə cəmi bir addımlıqda, cəmi bir addımdadır.