“Yaxın ətrafı Putini satacaq”

Vladimir Bukovski: «Onlar sona qədər Putinin bu təhlükəli oyununda iştirak etməyəcəklər»

Sovet dövrünün ən məşhur dissidentlərindən biri olan məşhur yazıçı, ictimai-siyasi xadim və hüquq müdafiəçisi Vladimir Bukovski “Amerikanın səsi” radiosuna müsahibəsində maraqlı fikirlər səsləndirib. O bildirib ki, Ukrayna məsələsilə əlaqədar Qərblə rəsmi Moskva arasındakı qarşıdurma Putin Rusiyası üçün ağır nəticələrə gətirib çıxaracaq. Onun sözlərinə görə, hazırda Rusiyada gedən proseslər bu ölkənin Sovet Ittifaqının aqibətini yaşaması ilə nəticələnəcək.

“Ağır iqtisadi problemlər Sovet rejiminin dağılmasına gətirib çıxartdı. Krımı işğal etdiyinə və Ukraynada müharibəyə başladığına görə Rusiyaya qarşı Qərbin sanksiyaları artıq öz nəticəsini verir. Neft-qazın qiyməti, rublun dəyəri düşür, Rusiyada investisiya yoxdur, ölkədən böyük məbləğdə pullar qaçır. Putin illüziya aləmində yaşayır. Ona elə gəlir ki, Sovet Ittifaqını xilas etmək olardı. Bu, mənə Hitlerin Birinci Dünya Müharibəsindən sonra gəldiyi qənaəti xatırladır. Hitler elə hesab edirdi ki, Almaniya uduzmayıb, ona qarşı xəyanət olub. Bu cəfəng ideyanın Almaniyaya necə dəhşətlər yaşatdığını hamı yaxşı xatırlayır”, – deyə Bukovski bildirib.

Putinin yaxın ətrafının bu vəziyyətdə nə qədər uzağa gedəcəyi məsələsinə gəlincə, Bukovski hesab edir ki, onlar heç də ideya adamları deyil: “Məsələn, Lavrovu ideya adamı hesab etmək üçün heç bir əsas yoxdur. O da başqaları kimi komfortlu həyatı sevir. Onlar sona qədər Putinin bu təhlükəli oyununda iştirak etməyəcəklər. Oğurluq pullarla özlərinə yaxşı həyat qurmuş bu adamlar günün birində Putini satacaqlar. Hətta Stalin kimi qüdrətli rəhbəri də ətrafı zəhərləməklə aradan götürdü və bildiyiniz kimi, bu barədə çoxlu faktlar var”.