Susmağa məhkum edilmişlərin danışaçağından qorxanlar…

 “Azərbaycan saatı” heç vaxt  susmayacaq!

Əvvəl Natiq Ədilovun qardaşı Murad Ədilovu, sonra Seymur Həzini, indi də Xalid Qarayevi həbs etdilər. Beləcə  “Azərbaycan saatı”nın əməkdaşlarını bir-bir eyni adla, eyni üsul ilə, guya xuliqanlıq etməkdə, söyüş söyməkdə, müqavimət göstərməkdə, xəsarət yetirməkdə ittiham edib, sıradan çıxarmaqla öz aləmlərində proqramı zəiflətmək, təsirini sıfırlamaq istəyirlər. Çünki bu verliş azad məkanda, müstəqil kanalda yayımlandığına görə əlləri nə qədər uzun olsa da hələlik ora çatmır. Çatmadığına görə də, həqiqəti deyib, ünvanlı tənqid edənləri, xuliqanlıqda təqsirli bilib ünvansız söyüş söymək adı ilə həbs edirlər. Bəli, həqiqət həmişə acı olur, bizim kimi məmləkətlərdə isə o qədər acı olur ki, hətta onu bir batman balla belə sindirmək olmur, məsələn, Dubay mülkləri kimi…

Təbii ki, belə həqiqətlər darqursaqlar üçün nəinki söyüşdür, söyüşdən də betərdir. Sən demə, Seymur, Natiq və Xalid üç ildən bəri “Azərbaycan saatı”nın araçılığı ilə məmləkətin acı həqiqətlərini efirdən caamata deyib ünvanlı “söyüş söyürmüşlər”. Ona görə də indi cəzalarnı alıb altını çəkirlər. Şübhəsiz ki, bu təzyiq, təqib və həbslərin yalnız bir məqsədi var: “Azərbaycan saatı”nı susdurmaq, sıradan çıxarmaq və nəyin bahasına olursa-olsun yayımın qarşısını almaqdır. Cünki hakimiyyət  qısa zaman kəsiyində, üç il ərzində yüz minlərin auditoriyasına çevrilən “Azərbaycan saatı”nın sabah milyonların ruporuna çevrilməsindən, informasiya blokadasının yarılmasından qorxur. Divin canı şüşə qabda olduğu kimi diktaturanın da canı informasiya blokadasındadır. “Azərbaycan saatı” bu blokadanı yarıb dünyadan xəbər-ətərsiz yaşayan əyalət insanlarına ulaşır və onları ölkədə baş verən açıq, gizli mətləblərdən xəbərdar edir. Məsələn, əyalətin ən ucqar dağ kəndində yaşayan hər kəs “Azərbaycan saatı”nın aracılığı ilə indi bilir ki, danışdığı əl tefonun sahibi kimdir və ya Dubay mülkləri kimə məxsusdur. Bax, “Azərbaycan saatı”nı buna gorə, məhz informasiya blokadasını yarıb dağıtdığına görə susdurmaq istəyirlər. Susdura biləcəklərmi? Bu illər ərzində “Azadlıq” qəzetini susdurmaq  üçün nələr etmədilər; ofisini əlindən aldılar, yayımına mane oldular, satışına qadağa qoydular,  hətta qəzetə 70 min borcu olan qosqoca “Qasid” firmasını belə bağladılar. Nə oldu,susdura bildilərmi? Əlbəttə, bilmədilər! Odur ki, “Azərbaycan saatı”nı da susdura bilməyəcəklər, çünki bu proqram “Azadlıq” qəzetini yaşadanların saatıdır;  bu saat elə qurulub ki, artıq Azərbaycan xalqı bu saatla yatıb, bu saatla durur. Daha nə təzyiqlər, nə təqiblər, nə də həbslər zamanın nəbzi ilə birgə vuran bu SAATın ritmini  durdura bilməz.                                                                                                  

Çünki repressiyalar  dalğasında yeni  gənclik  yetişir!

İqtidar Seymur Həzini, Xalid Qarayevi həbs etdi, əvəzində Bəyim Həsənli, Abdulla Mahmudov, Türkel Azərtürk, Orxan Valehli, Şəmistan Həzi, Cəlil İmanov, Emil Səlimov, Fuad Əhmədli, Ruslan Nəsirli, Nuru Nuruzadə, İlkin İsmayıl  və başqaları  ortaya çıxdılar. “Azadlıq” qəzeti, siyasi mənsubiyyəti olan bu gənclərin simasında həm də yeni istedadlı yazarlar kəşf etdi. Xoş bulduq, əfəndilər! Xeyirli, uğurlu olsun, gəlişiniz! Bəli, doğru deyiblər; müqqədəs yerlər boş qalmır… Həttda sonuncu adam sıradan çıxandan sonra o zamana qədər sırada olmayan bir başqası  gəlib o yeri tutur və sıranı qırılmağa qoymur, bərpa edir. Beləcə həyat Xeyirlə Şər arasında gedən və bitib tükənməyən mübarizənin fonunda davam edir.

Seymuru və Xalidi kifayət qədər yaxşı tanıyıram…

Hər ikisi sadə təbiətli, işgüzar və məhsuldar yazarlardı. Hərəsinin özünə məxsus özəlliyi var, Seymur nə qədər odlu-alovlu, qaynar, enerjilidisə,  Xalid də bir o qədər sakit, təmkinli və təvazökardı. Onları fərqləndirən özəl dəyərlərlə bərabər, həm də birləşdirən ortaq dəyərlər də var…Məmləkətin müxtəlif güşələrində bir-birindən xəbərsiz- ətərsiz doğulub boya-başa çatmalarına baxmayaraq, gənclik yaşlarında məhz bu ortaq dəyərlər onları İstiqlaldan Azadlığa gedən yolda, AXC- də rastlaşdırdı. Ortaq dəyərləri bölüşmək, həm də ortaq məhrumiyyətlərə- təzyiqlərə təqiblərə, həbslərə məruz qalmaqdır. Hətta eyni maddə ilə, xuliqanlıqda ittiham olunmaqdır. Lənətə gələsiniz, məmləkətin sayılıb seçilən bir ziyalısını, 10,15 min oxucusu olan bir jurnalistini, ictimai-siyasi xadimini  xırda xuliqanlıqda ittiham  etmək, yalnız və yalnız diri ziyalıları həbs edib, ölü ziyalıların xiffətini çəkənlərin ağlına gələ bilər. Seymur hara, xuliqanlıq hara? Xalid hara, söyüş söymək hara?